Axtarış...

Göygöldə ŞÜBHƏLİ TENDERLƏR... - Büdcə pulları belə xırıd edilir...

Göygöldə ŞÜBHƏLİ TENDERLƏR... - Büdcə pulları belə xırıd edilir...

Ölkənin meliorasiya və su təsərrüfatı sahəsi özünün ən yarıtmaz və ayrılan milyonları daha çox dağıdan xislətilə birinciliyini qoruyub saxlamaqdadır. Hər ay meliorativ tədbirlər adı altında Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan büdcə pulları yerlərdəki qurum rəhbərlərinin iştirakı ilə şəxsi ciblərə sovrulmağına davam edir.
"Demokratik.Az" bildirir ki, bu mənada Göygöl Suvarma Sistemləri İdarəsi də öz növbəsində oxşarlarını geridə qoyur. Burada uzun illərə dayanan özbaşınalıqlar, maddi talançılıq və mənimsəmə halları "həddini xeyli aşıb!" desək yanılmarıq. İdarənin bütün maddi resursları, meliorativ öhdəlikləri yalnız dımbılıboy bir idarə rəis İlqar Məhərrəmovun və yuxarı havadarlarının varlanmasına xidmət edir.
Əldə etdiyimiz yeni məlumata görə, Göygöl SSİ-nin həyata keçirdiyi yeni layihələrdə də saxtakarlıq, mənimsəmə və korrupsiya əlamətləri aşıb-daşır.
Məlumata görə, ötən ay Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsinin sifarişilə 224 min 345 manat 98 qəpik məbləğində olan tenderin (tikinti materiallarının satınalınması müsabiqəsi üzrə) qalibi bugünlərdə Göygöl Suvarma Sistemləri İdarəsinin sifarişilə elan edilən bir neçə tenderin də qalibi olub. Tenderin qalibi təkcə kanalların lildən təmizlənməsi üzrə 135 min manatlıq, Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçən "Xan Arx" su kanalının təmirində tikinti materiallarının təminatı üzrə 284 min manatlıq formal xarakterli sövdələşməni ələ keçirib. Eləcə də idarənin rəisinin maddi maraqları ilə uydurma tələbnamələr əsasında guya "qurumuş" artezianların yararlı hala gətirilməsi, köhnə subartezian quyularında yeni kalonunun qazılması bəhanəsilə də 100 min manatdan artıq vəsait tenderə verilib və "udulub".
Əldə etdiyimiz məlumata görə, Göygöl SSİ sözügedən su kanalı üzrə hələ ötən illərdə təmir və yenidənqurma adı altında işlər həyata keçirərək küllü miqdarda maddi vəsaitin qeyri-şəffaf xərclənməsinə, talanmasına imza atıb. İdarə rəisi İlqar Məhərrəmovun eyni proyekt-niyyət üzrə maxinasiyalar etdiyi, kanal inşaası üçün özündə zəruri avadanlıqlar olmadan (məsələn - yerindəcə betponqarışdıran, maili betonlama üçün karkaslar və sair) standartdankənar kvadratşəkilli arx çəkdiyi də bəllidir. Arxın betonlanmasında idarənin texnikalarının və işçilərinin havayıca işlədilməsi, smetası baha yazılıb ucuz qiymətə "Göygöl-Beton MMC"-dən beton alınması da təkzibedilməz faktdır. Müstəqil media olaraq sözügedən problem daxil, idarənin çoxsaylı özbaşınalığı barədə silsilə yazılar yayımlamışıq, lakin anlaşılan korrupsiya mexanizminin dayandırılması "yuxarılara" hələ ki, sərf etmir.
Göygöl Suvarma Sistemləri idarəsinin rəisinin elan etdiyi daha gülməli və biabırçı tenderi isə bir ildir ki, "GRAND MOTORS"-da saxlanılan "ST-22" markalı buldozerin təmiri adı ilə ayrılan 17 min manatlıq pul vəsaiti ilə bağlıdır. Belə ki, ötən illərdən daha çox şəxsi məqsədlərdə istifadə edilərək xarab olan buldozerin niyə hələ də təmir olunmadığı və buldozerin markasının tender sənədləşdirmələrində saxtalaşdırılaraq "ST-20" kimi göstərilməsi maraq doğurur. İdarədə ümumiyyətlə "ST-20" markalı buldozerin olmaması da hər şeyi aydın ifadə edir. Təkcə bu hal maxinasiyanın köklü olduğuna dəlalət edir.

Xatırladaq ki, yuxarıda yer alan formal tenderlərin qalibi "EMV GROUP" adlı MMC 10 iyun 2020-cu ildə 100 min manatlıq nizamnamə kapitalı ilə Bakı şəhərində yaradılıb.
Şirkət yaradılarkən hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev.16 m.13, qanuni təmsilçisi isə Əsgərov Adil Azər oğlu olsa da, 07.04.2021 tarixində reyestr sənədlərinə edilən dəyişikliklərdən sonra şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib: Hazırda Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 54, 11-ci küçəsi, Dalan 4-də qeydiyyatda olmaqla Xalid Məmmədov Nəriman oğlunun adındadır.

Yaradıldıqdan sonra şirkət icra hakimiyyətlərinin keçirdiyi bir neçə tenderin qalibi olsa da, cari ilin aprelindən bu yana kütləvi şəkildə yalnız Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərini qamarlamağı bacarması təsadüfə oxşamır. Həmin şirkətin fəaliyyəti ilə bağlı internet resurslarında hər hansı bir məlumat da yerləşdirilməyib. Bu da şirkətin yaranmasında ilkin məqsədlərin qeyri-şəffaflıq olduğunu deməyə əsas verir.

Həmçinin, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Bu baxımdan, bu şirkətin meliorasiya sahəsində hansı peşəkarlığa və təcrübəyə, hansı maddi-texniki bazaya sahib olduğu onu himayə edənlərdən başqa kimsələrə aydın deyil.
İddia edilir ki, sözügedən müəmmalı "tenderlər çempionu" Meliorasiya və Su Təsərrüfatı ASC"-nin sədr müavini Rafiq Aslanovun çətiri altındadır və onun diqtəsilə ölkənin SSİ-lərinin əksər tenderlərinin alternativsiz qalib olur. Dövrü mətbuatda meliorativ tenderlərin həyata keçirilməsində də əsas fiqurant kimi çox zaman məhz Aslanovun adı çəkilib, onun bu yolla milyonlar qazandığı deyilib. Rafiq Aslanovun Göygöl SSİ rəisi İlqar Məhərrəmova özəl "sevgisi"ni də nəzərə alsaq, görünür Göygöl SSİ-nin TENDER kələyində də boğulması məhz çataqlaşmış korrupsioner dostluğa dayanır.
Bunca çirkab, bunca lillənmə, bunca maddi maraq! - çətin ki, Göygöl SSİ belə idarəetmə ilə İlqarkimilərdən xilas oluna...
Mövzu diqqətimizdədir....

Demokratik.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz