2021-ci ilin 6 ayında iqtisadi təsnifata görə dövlət büdcəsinin xərclərində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım faizinə görə ən çox artım 17,1 faiz və ya 85,8 milyon manat subsidiyalar ilə bağlı xərclərdə olub.
Maliyyə Nazirliyinin açıqlamasına əsasən, 2021-ci ildə büdcədən 1 milyard 654,1 milyon manat subsidiya ödənilməsi planlaşdırılır, artıq 2021-ci ilin yanvar-iyun aylarında proqnozun 587,3 milyon manatı icra edilib. 2020-ci ildə isə dövlət büdcəsindən 1 milyard 78,7 milyon manat subsidiya ödənilmişdir.
Bəs bu qərar kənd təsərüfatının inkişafına adekvatdırmı? Bunun fermerlərə hansı təsiri olacaq?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bu qərarın bir qədər gecikmiş olduğunu deyib:
“Əslində bu qərar 6 ay gecikib. Əgər xatırlayırsınızsa, yanvar ayında dizel yanacağının qiymətləri qalxanda həmin qərarın Tarif (qiymət) Şurasının əsasnamə hissəsində qeyd edilmişdi ki, kənd təsərrüfatına, nəqliyyat sektoruna və şəhərdaxili sərnişin daşımalarına subsidiyalar artırılacaq.
Görünür, bu ayrılan vəsait həmin zərərləri kompensasiya etmək üçündür. Bu təqdirə layiq haldır, amma artıq 8 aydır ki, həmin sahələrdə çalışan sahibkarlar əziyyət çəkir. Onlar dizel yanacağı baha qiymətə alır, xərcləri artıb, amma büdcələri əvvəl kimi qalıb. Hər halda gecikmiş qərar olsa da, doğru qərardır, lakin hazırda subsidiyaların hansı təsnifatlar üzrə aparıldığını bilmirik. Hələlik kimə nə qədər subsidiya veriləcəyi açıqlanmayıb”.
Ekspert subsidiyaların artırılmasının kənd təsərrüfatın inkişafına adekvat olmadığını da vurğulayıb:
“Bu kənd təsərrüfatına və ümumi inkişafa adekvat deyil. Son 30 il ərzində dövlət büdcəsindən kənd təsərrüfatına və aqrar sahəyə 40 milyard dollardan çox vəsait ayrılıb. Amma bu vəsait kənd təsərrüfatı inkişafına 1-1.5 faiz və ya ən yaxşı halda 5 faiz təsir edib.
Əlbəttə ki, inkişaf xərclərinə adekvat deyil. Amma ayrılan vəsaitlərin hamısı kənd təsərrüfatında çalışan fermerə çatmır, böyük bir hissəsi korrupsiyaya yem olur. Bütün bunlara görə ayrılan vəsaitlərlə kənd təsərüfatının inkişafı adekvat deyil”.