Axtarış...

Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY

Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY

Kəmalə Vəliyeva Siyəzəndə kirayədə yaşayır. Təkcə sosial vəziyyəti ağır deyil, həm də səhhətində çiddi problemlər var. Sol ayağı çürüyüb, kəsilmək həddinə çatıb. DİA.AZ bildirir ki, ona aşağı ətrafların varikoz xəstəliyi diaqnozu qoyulub.

49 yaşlı Kəmalə Vəliyeva danışır ki, illər əvvəl Ukraynada yaşayıb. Həyat yoldaşı xərçəng xəstəliyinə tutulandan sonra ölkəyə qayıtmalı olub. Ərini Bakıya çətinliklə çatdırıb. Orada vəfat etsəydi, ölkəyə gətirməyə böyük pul lazım olacaqdı. Azərbaycana qayıdandan ağır sosial şərtlər altında yaşayır. Üstəlik, ayağının çürüməsi vəziyyətini lap ağırlaşdırıb.

“Qonşum Heydər Əliyev Fonduna yazmağa kömək elədi. Mənə cavab gəldi, Topçubaşov adına xəstəxanada Zaur adlı həkimin yanına göndərdilər. Heç ayağımı açıb baxmadı. Dedi, ayağın qaralıb, qorxuram əməliyyat eləməyə. Sonra qayıtdı ki, nə qədər pul versən də, eləyə bilmərəm, qanaxma ilə ölərsən. Bir sənəd verdi mənə, dedi, bununla Siyəzəndə müraciət elə, pensiya al. Siyəzəndə həkim əvvəlcə dedi ki, sənə pensiya düşmür. Etiraz elədim. İkinci dəfə gedəndə dedi ki, 1500-2000 manat versən, düzələr. Pulum olsa, özüm yeyərəm də, niyə bütün gecəni işləyirəm?!”, – Kəmalə Vəliyeva belə deyir.

Şikayətçi danışır ki, çörək sexində hər gün axşam saat 10-dan səhərə qədər işləyir. Cəmi 5 manat alır. Bunun da 2 manata qədərini ağrıkəsici dərmanlara verir, iynə vurdurur. Ayda 70 manat yeniyetmə oğlu Kənanla qaldığı otağa görə kirayə haqqı ödəyir.

“Hər gün ağrıkəsici iynə vurdururam. Yoxsa ağrılara dözmək olmur. Ayağım elə çürüyüb ki, hətta sümüyüm görünür. Bu gedişlə kəsəcəklər ayağımı”, – özünün dediyi ifadələr Kəmaləni kədərləndirir.

Kənan bir neçə gündür mağazada yükdaşıyan işinə düzəlib. Kəmalə Vəliyeva onun evə kömək edəcəyinə ümid etdiyini deyir: “Acından ölmək təhlükəsi ilə üzləşmişik. Heç kim kömək eləmir. Kimim var ki, kömək də eləsin?! Valideynlərim, böyük qardaşım rəhmətə gedib. Beş gündür işə gedə bilmirəm. Ayağım imkan vermir”.

Kəmalə Vəliyevanın əsas iki istəyi var: Birincisi, ayağının əməliyyat olunmasıdır. Çünki sol ayağını itirmək təhlükəsi ilə üzləşib. Hətta bizə göstərir, sağ ayağında da çürümə başlayıb.

İkincisi, pensiya almaq.Deyir ki, iş qabiliyyətini itirib, dolana bilmir. Ayda kirayə pulunu verəndən sonra əlində təxminən 80 manat qalır. Bunun da yarıdan çoxunu ağrıkəsicilərə xərcləyir.

“Nə torpaq sahəm var, nə də evim. Adamlara dərdimi danışıram, bəlkə də, inanmırlar. Çox ağır vəziyyətdəyəm. Hər gün acından ölməmək, ayağımı itirməmək üçün mübarizə aparıram. Həkim demişdi ki, içəridə damar çürüyüb. O damar çıxmasa, sonra heç ayağı kəsmək də mümkün olmayacaq. Görün nə vəziyyətə qalmışam ki, bunu da müzakirə eləyirik. Çarəm yoxdu, yenə Heydər Əliyev Fonduna yazacam”, – Kəmalə söhbətin sonunda deyir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz