Axtarış...

GDU rektoru hansı nazirin ayaqlarına düşür yalvarır?

GDU rektoru hansı nazirin ayaqlarına düşür yalvarır?

Gəncə Dövlət Universitetinin “qoca qartal” ləqəbli rektoru Yusif Yusibov az qala “odda yanmaz, suda batmaz” bir qüvvəyə çevrilib. Onun hegemonluğu elə bir nəticəyə gəlib çıxıb ki, hətta Təhsil Nazirliyi də rektorla bacara bilmir.
Bu gücü Y.Yusibovun haradan aldığını müəyyən etmək mümkündür. Ehtimal edilir ki, rektor bir yandan İqtisadiyyat naziri Mikayıl Cabbarova arxalanır, bir tərəfdən isə maliyyə nazirinin müavini olan qardaşı Cavanşir Yusibova güvənir.
Dosye.org-un xəbərinə görə, elə bu səbəbdən Təhsil Nazirliyindən Gəncə Dövlət Universitetinə gedən komissiya az qala qovulub. Y.Yusibov yoxlama qrupunu elə vəziyyətə salıb, elə şəkildə universitetdən göndərib ki, gəldiklərinə görə peşman olublar.
İddialara görə, komissiya işini həyata keçirə bilməyib və qapı arxasında saxlanılıblar. Bu qarşılanmadan narazı qalan nazirlik əməkdaşları geri qayıtsalar da, heç nəyə müvəffəq olmayıblar. Rektor bununla təkcə komissiyanı deyil, təhsil naziri Emin Əmrullayevi saymadığını göstərib.
Bildirilir ki, komissiya nazirə bu haqda məruzə etsə də, Əmrullayev Yusibova bata bilməyib. Buna səbəb rektorun birbaşa nazir Mikayıl Cabbarova çıxışının olmasıdır.
Məlumata görə, Yusibov Cabbarovla əlaqə saxlayıb və komissiya gəldiyini söyləyib, sonra ondan hansı zəmanəti alıbsa, yoxlama qrupunu otağından qovub. Bu, özlüyündə GDU rektorunun bir elm adamı yox, hərbə-zorba gələn, oliqarx kimi davranan, hansısa güc strukturunun yüksək rütbəli şəxsi kimi özünü aparan biri olmasını ehtiva edir.
Y.Yusibov görün nə dərəcədə səlahiyyətlərini aşmaqdadır ki, nazirliyin yoxlamasını belə qapıdan geri çevirir. Onun Əmrullayevi saymaması Cabbarova bel bağlamasından irəli gəlir. Halbuki, iqtisadiyyat nazirinin bu sahə ilə əlaqəsi olmamalıdır. Belə iddialar da səslənir ki, rektor “toxunulmazlıq statusu” alıb və onunla heç kim bacara bilmir. Məsələn, əvvəlki təhsil naziri Ceyhun Bayramov da Yusibovin işinə qarışmayıb. Çünki onun maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramovla həmkarı – Yusibovun qardaşı C.Yusibov telləri rol oynayırdı.
Burada yaranmış bağlantılar, Cabbarovun onlara himayəlik etməsi GDU rektorunun da öz qanadları altına alması ilə nəticələnib.
Nəticədə Gəncədəki bu təhsil ocağında özbaşınalıq, rüşvət sistemi, nəzarətsizlik, rektorun adamları ilə burada bazar açması hökm sürür. Hətta Yusif Yusibovun bir xoşagəlməz məsələ ilə bağlı kollektiv tərəfindən qınağa tuş gəldiyi iddiaları səslənməkdədir.
Həmin hadisə ilə özünü biabırçı vəziyyətə salan rektorun dillərdə ağız-ağız dolaşdığı deyilir. Amma yenə də heç nə olmamış kimi işə davam edir. Təbii ki, bu nalayiq hal kollektiv tərəfindən yaxşı qarşılana bilməzdi.
Bununla belə, təhsil nazirini saymayan, yoxlama qrupunu Gəncədən qovan bir rektorun kollektivdən çəkinməsini gözləmək də bir absurddur. Amma bütün bu məsələlər ölkə rəhbərliyindən gizlədilir.
Prezidentə kurator tərəfindən nələr baş verdiyi haqda məruzə olunarsa, Yusibovun qısa müddətdə əmrinin veriləcəyi istisna deyil. Çünki dövlət başçısı bu cür hallara qarşı olduqca qəzəblidir, inadkardır və cəza tədbiri görməkdədir. Sadəcə, M.Cabbarov qazandığı etimad sayəsində rektoru da qoruya, onun vəzifədə saxlaya bilir.
Dosye.org bildirir ki, mediada da rektorla bağlı kifayət qədər tutarlı ittihamlar, sərt tənqidlər var. Onun maliyyə yoxlamalarından da azad olduğunu söyləmək olar. Çünki rektoru iqtisadiyyat naziri himayə edirsə, qardaşı da maliyyə nazirinin müavinidirsə, hansı təftişdən söhbət gedə bilər?! Ona görə Yusibov GDU-ya ayrılan vəsaitləri sağa-sola xərcləyə, maxinasiyalara yol verə bilir.
Elə həmin komissiya yoxlama prosesində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması aşkar edib. Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda, Yusif Yusibov onları otaqdan qovaraq qışqırıb ki, gedin bacardığınızı edin. Bundan sonra rektor birbaşa Mikayıl Cabbarova zəng edib.
Əvvəlki illərdə təkrar-təkrar təmir işlərinin aparılmasına vəsaitlər ayrılmasına baxmayaraq, 24.12.2019-cu ildə əsaslı təmir üzrə keçirilmiş açıq tender yolu ilə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC ilə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsinin bağlanılması hansı zərurətdən yaranıb?
Sözügedən MMC 26.12.2019-cu il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 9 mərtəbəli 45 mənzilli 12 №-li yeni yaşayış binasının tikintisi üzrə keçirdiyi tenderdə 3 098 747.24 manat məbləğində müqavilə bağlayıb.
Bu kiçik bir müqayisədən də göründüyü kimi Gəncə Dövlət Universitinin təmirə ayırdığı vəsaitə məcburi köçkünlər üçün bağçası, məktəbi, istirahət parkı ilə birgə iki 9 mərtəbəli yaşayış binası tikmək olardı. Bəs Gəncə Dövlət Universiteti bu təmir işlərini harada aparıb?
2019-cu ilin dekabr ayında bağlanmış bu müqavilə üzrə 2020-ci ildə Gəncə Dövlət Universitetində heç bir əsaslı təmir işləri aparılmamışdır. Universitetin balansında olan tədris korpuslarında da həmçinin. Çox bilmək istəyirik – Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirib…
Onu da demək lazımdır ki, uUniversitetdə rektor Yusif Yusibovun “qara kassa”sı “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı Şahin Xurşudovdur. Asif Cavadov estafeti ona ötürüb. Bu adam hər yerdə deyir ki, mən “mini” rektoram. Rektor Yusif Yusibov da başa düşür ki, universitetdə “kölgə iqtisadiyyatı” Şahin Xurşudovsuz mümkün deyil.
Şahin Xurşudov bu “məsuliyyətli” tapşırığın öhdəsindən məharətlə gəlir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.
Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun “qara kassa”sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində “Land Cruiser” sürməzdi. Bu, hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var.

Elman Nigaran
Text-to-Speech

DİNLƏ






Şərh yaz