Axtarış...

BDU rektorluğuna daha bir iddialı... - Belə deyirlər...

BDU rektorluğuna daha bir iddialı... - Belə deyirlər...

Bakı Dövlət Universitetinin (BDU) rektorluğu uğurunda qızgın mübarizə getdiyi haqda ötən həftə Hurriyyet.org-un oxucularına məlumat vermişdik. “BDU REKTORLUĞU UĞRUNDA SAVAŞ – Abel Məhərrəmovun komandasında məmur qapısını döyənlər…” sərlövhəli yazıda qeyd etmişdik ki, təhsil naziri Ceyhun Bayramovun dekabrın 21-də imzaladığı əmrlə BDU rektorunun səlahiyyətləri təhsil nazirinin müavini Firudin Qurbanova həvalə edilsə də, sabiq rektor Abel Məhərrəmovun komandasının bəzi üzvləri hələ də universitetin rəhbəri olmaq iddialarından əl çəkməyiblər.

Bunlardan biri kimi BDU-nun Huquq fakültəsinin dekanı Əmir Əliyevin adını qeyd etmişdik. Məqalənin sonuda isə oxucularımıza söz vermişdik ki, Bakı Dövlət Universitetinin rektoru olmaq üçün yüksək vəzifəli qohumlarının və tanışlarının köməyindən yararlanmağa çalışan və Abel Məhərrəmovun komandasının üzvü olan daha bir şəxsin faəliyyəti ilə bağlı növbəti yazımızda geniş məlumat verəcəyik. Odur ki, BDU rektorluğuna iddialı olan növbəti şəxsin kimliyi və bu istiqamətdəki fəaliyyəti ilə bağlı sizləri yaxından tanış edək.

Hurriyyet.org-u bilgiləndirən etibarlı mənbə deyir ki, BDU-nun rəhbər vəzifəsini ələ keçirməyə çalışan şəxslərdən biri də universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Hacıyev Sani Tofiq oğludur. Məlumata görə, Sani Hacıyev keçmiş rektorun ən etibarlı adamlarından biri olub. A.Məhərrəmov öz yerlisi kimi ona etibar etməklə yanaşı, hər zaman vəzifə pilləsində qabağa çəkməyə çalışıb. Onun indiki mövqeyə gəlib çatmasında da Abel müəllimin çox böyük əməyi olduğu istisna deyil. Elə bu səbəbdən də S.Hacıyevin keçmiş rektorun idarəçilik metodunu çox yaxşı mənimsədiyi vurğulanır. Mənbənin sözlərinə görə, Sani Hacıyev BDU-nun prorektoru olaraq, hələ də A.Məhərrəmovun qoyduğu qaydalarla öz vəzifəsini icra etməkdədir. Elə qış imtahan sessiyasında da prorektorun köhnə üslub və qaydalara uyğun fəaliyyət sərgilədiyi haqda informasiyalar var...

Bildirilir ki, Əmir Əliyevdən fərqli olaraq, Sani Hacıyev öz iddiasını gerçəkləşdirmək üçün daha ehtiyatlı siyasi gedişlər edir. Məsələn, onun rektor olmaq istiqamətdə göstərdiyi fəaliyyət haqda hətta bir çox yaxın adamları belə, məlumatsızdır. O, bu iddiasını yalnız vəzifədə olan bəzi qohumları və dostları ilə bölüşür.

Mənbə deyir ki, Sani Hacıyev bu yaxınlarda daha bir vəzifəli şəxslə qohum olub. Belə ki, “Marriott” oteldə qızına təmtəraqlı nişan mərasimi təşkil edən prorektorun Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla quda olduğu deyilir. Yəni qızını A.Məmmədovun oğluna ərə verən S.Hacıyev bununla öz mövqelərini daha da gücləndirməyə çalışır.

Xatırladaq ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir. Mənbə deyir ki, o, bu əlaqələrindən istifadə edərək, israrla BDU-nun rektoru olmağa çalışır.

P.S. Əlbəttə, hər bir əsgərin general olmaq iddiasına təbii yanaşmaq lazım olduğu kimi, S.Hacıyevin də rektor olmaq istəyi tamamailə normal qəbul edilməlidir. Amma, nəzərə alsaq ki, Abel Məhərrəmovun ən yaxın adamı olan S.Hacıyev hələ də onun təsir dairəsindən çıxa bilmir və sabiq rektorun idarəçilik prinsiplərinə uyğun fəaliyyət göstərir, bu halda onun BDU-da hər hansı müsbət dəyişiklik edə biləcəyi şübhə altındadır. Əksinə, Sani Haciyev Bakı Dövlət Universitetinin rektoru olarsa, bu təhsil ocağının yenidən öz nüfuzunu itərəcəyi istisna deyil. (Hurriyyet.org)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz