Nəzərinizə çatdıraq ki, biz aktualxeber.az saytında dərc etdiyimiz məqalələrimizdə dəfələrlə qeyd etdiyimiz kimi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun çürük idarəçilik üsulu böyük vüsətlə davam edərək getdikcə ali məktəbi məhvə doğru aparır, onun tarixən formalaşmış ənənələrini sarsıtmağa xidmət edir. Y.Yusibovun mənfur rejimi bu universitetin divarları arasında demək olar ki, özünə möhkəm kök salaraq şaxələrini durmadan genişləndirir. Savadsız, praqmaqtik düşüncədən çox-çox uzaq olan, geriyə qalmış, əksəriyyəti yaşlı nəsildən ibarət, köhnə təfəkkürlü, rüşvətxor, talançı komandası ilə Y.Yusibov artıq altı ildir ki, tutduğu mövqedən çəkilməyərək sanki bununla gənclərin yüksək təhsil mühitində yetişmələrinə, onların həqiqi mənada elmə, biliyə yiyələnmələrinə məqsədli şəkildə düşmən kəsilmişdir.
Redaksiyaya son günlərdə daxil olan informasiyalardan da anlaşılır ki, rüşvətə alışmış universitet rektoru və onun rəzil planlarını həyata keçirməkdə xüsusi “məharət”ə malik komandası qış imtahan sessiyasında da gizli, yaxud aşkar şəkildə rüşvət mexanizmini yeritməkdə davam etdi və Yusibov tərəfdaşlarının, xüsusən də tədrisin təşkili üzrə prorektor Fəxrəddin Məmmədovun “canfəşanlığı” sayəsində bu məkrli oyunu nəhayət ki, uğurla başa çatdırdı. Bu gün GDU-da dərsdən günlərlə, aylarla yayınan, əksəriyyəti heç də yüksək biliyə sahib olmayan tələbələrin böyük məbləğlərdə təqaüdə sahiblənmələri, imtiyazlar əldə edərək rüşvət hesabına imtahanın yekununda layiq olmadıqları qiymətləri mənimsəmələri rektorun komandasının üzvləri Şahin Xurşudov, Bayram Apoyev, Əjdər Əsgərov, Zakir Ələsgərov, Ürfan Həsənov, Qurban Bəylərov, Emin Yaqubov və başqaları tərəfindən iyrənc yollarla ustalıqla həyata keçirilir. Beləliklə, gənc nəsil bu universitetdə onların sayəsində saxtakarlığa sövq edilir.
Aldığımız informasiyalardan aydın olur ki, hazırkı tədris ilinin ikinci yarımilinin ilk dərs günləri olmasına baxmayaraq universitetdə vəziyyət heç də ürəkaçan və sabit deyil. İmtahan sessiyasının yekun sənədləri rektorun yaxın adamları, havadarları, onun ətrafında yaratdığı komissiyanın üzvləri tərəfindən ciddi şəkildə yoxlanılır. Bu yoxlamalar zamanı fakültə dekanlıqlarında hətta çox ciddi qanun pozuntularına, süni qiymət artımlarına, imtahan ballarının hesablanmasında saxtakarlıqlara yol verilməsi halları müşahidə edillir və onlar qeyd edilərək “nəzarətə götürüldüyü” söylənilir. Görünür, Təhsil Nazirliyinin yaxın vaxtlarda universitetdə aparacağı geniş miqyaslı yoxlamalar barədə informasiya alan Y.Yusibov bundan təşvişə düşərək qabaqlayıcı tədbirlər görməkdədir. Amma unutmayaq ki, məşhur bir el məsəlində deyildiyi kimi: “Cidanı çuvalda gizlətmək olmaz”.
Universitetin IV kurs tələbələrinin uzun müddətli 3 aylıq pedaqoji təcrübələrinin başlanması isə burada rüşvət yığımının miqyasını bir qədər də artırdı, prosesləri getdikcə sürətləndirdi. Rektor Y.Yusibov və onun əsas adamı, tədrisin təşkili üzrə prorektor Fəxrəddin Məmmədovun dəstəyindən ruhlanan və təlimat alan dekanlar bu dəfə rüşvət yığımını təcrübəyə gəlməkdən imtina etmiş tələbələrdən 400-500 manat civarında pul toplamaqla gizli şəkildə həyata keçirirlər. Hətta, tələbələrə “tapşırıq” verilib ki, təcrübənin ilk həftəsi nəzəri üzərlərindən yayındırmaq üçün məktəblərə müvəqqəti şəkildə getsinlər. Sonra nələrin baş verəcəyi isə qalıb tələbələrin və onların valideynlərinin əllərini ciblərinə necə salmalarına və dekanların olmayan “vicdanlarına”.
Redaksiyaya ünvanlanan bir “maraqlı” informasiya isə odur ki, rüşvət yığımı kompaniyasını müvəffəqiyyətlə başa vurmayan, rektoru tələbədən topladığı pullarla razı sala bilməyən təqaüd yaşına çatmış fakültə dekanları hətta aldıqları təqaüddən belə keçməli olur, onu toplayıb rektora peşkəs edirlər. Bu məqamda acı təəssüf doğuran hal bütün bunların 80-dən artıq yaşı olan qocaman bir ali təhsil müəssisəsində yaşanması və rektor Y.Yusibovun cibini çirkin pullarla doldurmaq xatirinə bu cür utancverici proseslərin cərəyan etməsinə bilavasitə rəvac verməsidir.
Görəsən, Təhsil Nazirliyi vəzifəsindən sui-istifadə edərək GDU-da rüşvət toxumları səpən, onun durmadan göyərib şaxələnməsinə var-qüvvəsi ilə çalışan rektor Y.Yusibovun çirkin idarəçilik mexanizmi, qeyd edilən ciddi faktlar, yol verilən qanun pozuntuları qarşısında hələ nə qədər susmaqda davam edəcək?!
Qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az