Axtarış...

Məktəb direktoru şagirdi sinifdə saxlayır, valideyn təhdid edilir - İDDİA

Məktəb direktoru şagirdi sinifdə saxlayır, valideyn təhdid edilir - İDDİA

Bakıda məktəb direktoru aztəminatlı ailənin övladını sinifdə saxlayır.

Bunu “Report”un redaksiyasına şikayət məktubu ünvanlayan valideyn Ülviyyə Mustafayeva iddia edir.

Onun sözlərinə görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 182 nömrəli tam orta məktəbdə təhsil alan övladı 6-cı sinfə keçməli olduğu halda məktəb rəhbərliyi onu təkrar 5-ci sinifdə oxumağına göstəriş verib.

Valideyn qeyd edir ki, övladı dəfələrlə məktəbdə müəllim tərəfindən şiddətə məruz qalıb:

“Övladım üçüncü sinfə kimi təhsil aldı. Sonra müəllim uşağıma dəfələrlə şiddət göstərdi və uşağımın səhhətində ciddi problemlər yarandı. Direktor Zinyət Tağıyeva icazə verdi ki, övladım sağalana kimi məktəbə gəlməyə bilər. Sonra pandemiya səbəbindən evdən təhsili davam etdirdik. 4-cü sinfə keçid zamanı da sinifdə qalması ilə bağlı problemlə üzləşdim. Bu zaman məktəbə gedib uşağımın sənədlərini tələb etdim ki, məktəbdən çıxarıram və Təhsil Nazirliyinə gedirəm. Uzun müzakirələrdən sonra məsələ həll olundu və övladım 4-cü sinfi yekunlaşdırdı”.

“Bu tədris ilində 5-ci sinfi də oxuyub, pandemiya ilə əlaqədar məktəbə qoymadım və övladımın təhsili ilə özüm evdə məşğul oldum. Yəni bu işin məsuliyyətini öz üzərimə götürmüşdüm. Aztəminatlı ailəyik, kirayədə qalırıq. Kitabları da özümüz aldıq. Övladımı məktəbə göndərməməyimlə bağlı iltizam yazmağım barədə mənə vaxtında nəsə demədilər. Mən də bundan məlumatsız olmuşam. 6-cı sinfə keçməsi üçün qiymətləndirmə aparılmasını bilərəkdən bizə demədilər. Deyirlər ki, qiymətləndirmənin sənin övladına aidiyyəti yoxdur. Səbəb kimi də övladımın dərslərdə iştirak etməməsini bildirirlər. Direktor da bunu əsas tutaraq övladımın yenidən 5-ci sinifdə oxumasını tələb edir. İzah edirəm ki, övladımın sağlamlığına görə icazə vermişdiniz. Məktəb rəhbərliyinin yanına getdim mənə dedi ki, hara istəyirsən şikayət et. Dəfələrlə təzyiq və təhdidlərə məruz qaldım. Aidiyyəti üzrə hər yerə müraciət etmişəm, Daxili İşlər Nazirliyinin "102 Zəng Xidməti"nə də müraciət etdim. Qorxu hisslərilə yaşayıram”, - Ü.Mustafayeva bildirib.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət etdiyini deyən şikayətçi vurğulayır ki, orada övladının sinifdə saxlanıldığı bir daha qeyd edildi: “Bildirdim ki, pandemiya dövründə müəyyən güzəşt edilməli və ibtidai sinif şagirdi sinifdə saxlanmamalıdır”.

Direktor Zinyət Tağıyeva isə "Report"a açıqlamasında bildirib ki, həmin şagird bu tədris ilində bir dəfə də olsun məktəbə gəlməyib: "Valideyn nə iltizam kağızı yazıb, nə də övladını qiymətləndirməyə göndərib. Belə olan təqdirdə həmin şagirdi necə sinifdən-sinfə keçirim?! Valideyn övladını müəllimlər tərəfindən döyüldüyünü iddia edərək 4-cü sinfə qədər dörd dəfə müəllim dəyişib. Şagird 5-ci sinfi oxumadığına görə təkrar həmin sinifdə təhsilini davam etdirməlidir. Məktəbə də gəlməyib ki, qiymətləndirmə barədə məlumatlı olsun. Qaldığı ünvanı da dəyişdiyindən bilmirik harada yaşayırlar".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz