Masallı Rayon İcra Hakimiyyəti nə kəramətdirsə, əksər tenderləri “Birlik -3A” MMC-yə həvalə edir. Rubrika.Az-ın xəbərinə görə, rayon icra başçısı Şahin Məmmədovun tabeliyində olan şəhər icra nümayəndəliyi Masallının yollarının təmiri üçün ayrılan vəsaitlərin icrasında sözügedən MMC-ni qalib çıxarıb.
Belə ki, şəhərdaxili yolların təmiri üçün “Birlik -3A” MMC-yə 746 201.76 manat həvalə olunub. Bu məlumat 10 may, 2021 tarixinə aiddir.
Çox maraqlıdır ki, elektron KİV-də ötən ilin iyulunda buna bənzər daha bir informasiya yayılmışdı. Xəbər deyilirdi ki, İcra hakimiyyəti Masallı şəhərinin şəhərdaxili yollarının asfalt-beton təmiri işlərinin satınalınması üçün tenderi qazanan “BİRLİK-3A” MMC-yə 747 min 672 manat ödəyəcək.
Yəni rəqəmlər bir-birinə son dərəcə yaxındır və iki il ərzində 1 milyon 400 min manatdan yuxarı vəsait sözügedən şirkətə ödənilib ki, Masallının şəhərdaxili yolları abadlaşsın. Di gəl ortada ciddi bir nəticə yoxdur. Bəs dövlətin pulları hara gedir?
“Birlik-3A” MMC sevgisi...
Ümumiyyətlə, şirkət cənub regionundakı icra başçılarının dostudur. Məsələn, 2020-ci ildə Astara rayon İcra Hakimiyyəti də bu şirkəti qalib elan edib.
Qərara əsasən, "Birlik-3A" MMC Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək üçün İcra Hakimiyyətindən 542 min 615 manat 1 qəpik vəsait alıb.
“Birlik-3A” MMC 23.06.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğlu olan MMC-nin hüquqi ünvanı Masallı rayonunun Gəyəçöl kəndində yerləşir.
Nizamnamə kapitalı 50 manat olan MMC adı daha əvvəl mətbuatda taxta evlərin hazırlanması sahəsində ixtisaslaşmış şirkət olarak keçir.
Keçirilən tenderlə bağlı maraqlı məqamlardan biri də odur ki, “Birlik-3A" MMC-nin qanuni təmsilçisi olan Abıyev Zaur Niyaz oğlunun qanuni təmsilçi olduğu başqa bir şirkət – “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11.10.2019-cu il tarixində Astara rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. 259 min 189 manat 53 qəpik dəyərində olan bu tender də Astara rayonu ərazisində yolların əsaslı təmiri məqsədilə keçirilib.
Rubrika.Az media üzərindən xəbər verir ki, Abıyev Zaur Niyaz oğlu ilə bağlı daha bir maraqlı məlumat bu iş adamının adının ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer almasıdır.
Zaur Abıyevin verdiyi ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar.
Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. O, sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.
Viləş Çay Su Anbarınnda korrupsiya
Onu da demək lazımdır ki, Ağcabədini “ağ günə çıxaran” Şahin Məmmədov indi də Masallıda əməllərini davam etdirir. Ağcabədi rayon sakinlərinin Şahin Məmmədovun korrupsiya əməlləri barədə Prezident Adminstrasiyasına, Baş Prokurorluğa göndərdikləri saysız – hesabsız şikayətlər var.
Rayonun keçmiş başçısı, hazırda Ağcabədiyə rəhbərlik edən Rafil Hüseynovun dönəmində Masallı rayon Mənzil Kommunal Təssərrüfatı Birliyində həyata keçirilmiş korrupsiya cinayətlərini Şahin Məmmədov ört-basdır edir.
Prokurorluq orqanlarının aşkarladığı 240 min manatdan çox mənimsəmə faktına hal -hazıra kimi hüquqi qiymət verilməyib. Məhz bu səbəbdən idarəyə yeni təyin olunmuş sabiq rəis Nazim Muradov öz xahişi ilə işdən azad olunub.
Viləş Çay Su Anbarının qorunma zolağında və Ərkivan -Kosakül yaşayış məntəqələrinin yaxınlığındakı ərazilərdə Rafil Hüseynovun göstərişi ilə qanunsuz olaraq qazılıb Türkiyənin “Kolin” şirkətinə yol tikintisindən ötrü satılmış torpaq örtüyünə görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılıb cinayət işi də Şahin Məmmədovun maraqları səviyyəsində bağlanb.
Gələn məlumatlarda bildirilir ki, Şahin Məmmədov öz şəxsiyyətinə hörmət edən məmurları gözümçıxdıya salır, onların barəsində komromatlar toplayır.
Məsələn, İHB-nın Masallı şəhər İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəsi Kamal Mazanov da məhz Şahin Məmmədovun əsassız ittihamları ilə üzləşərək vəzifəsindən azad edilməsi barədə məcburən ərizə yazmışdır.
Masallı rayon sakinləri bildirirlər ki, Şahin Məmmədov qohumu Rafil Hüseynovun Masallı rayonundakı təsərrüfat obyektlərinə də nəzarət edir.
İH-dən tender açıqlaması
Bununla bağlı sorğumuzu cavablandıran Masallı RİHB-nın aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmməd Əliyev tərəfindən Rublika.Az-a bildirilib ki, şəhər daxili yolların asfalt-beton örtüyünün təmir edilməsi işləri Masallı RİHB-nın Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən həyata keçirilir: “Nümayəndəlik yerli büdcədən maliyyələşməklə yerli xəzinədarlıq orqanında şəxsi hesabı olan qurumdur.
Satınalmalar haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən nümayəndəlik dövlət büdcəsindən ona ayrılmış illik plan daxilində satınalma prosedurları həyata keçirir.
Məlum olduğu kimi satınalma prosedurları elektron portal üzərindən tam şəffaf şəkildə həyata keçirilir. Buna nəzarəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.
2020-ci ildə nümayəndəlik tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına şəhər daxili yolların təmiri ilə bağlı tender elanı verilmiş, tenderdə 3 şirkət iştirak etmişdir. Tenderin əsas şərtlər toplusuna əsasən nəzərdə tutulan işlərin görülməsinə ən aşağı qiymət təklifi edən şirkət, yəni “Birlik-3A” MMC qalib elan edilmişdir.
Əlavə olaraq onu da qeyd edirik ki, satınalmalar haqqında qanunun müvafiq maddəsinə əsasən ehtimal olunan qiymət üç yüz min manatdan çox olduğu halda tender komissiyasında Maliyyə və İqtisadiyyat Nazirliyinin əməkdaşları da iştirak edirlər.
Keçirilmiş tenderin nəticəsinə uyğun olaraq qalib şirkət tərəfindən Masallı şəhəri ərazisində 18 küçədə (smeta sənədlərində nəzərdə tutulmuş 8 sm qalınlığında) ümumi uzunluğu 9 km, sahəsi 38655 m2 asfalt örtüyü döşənmişdir”.
Açıqlamada deyilir ki, 2021-ci ildə nümayəndəlik tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına şəhər daxili yolların təmiri ilə bağlı tender elanı verilmiş, tenderdə 4 şirkət iştirak etmişdir: “Tenderin əsas şərtlər toplusuna əsasən nəzərdə tutulan işlərin görülməsinə ən aşağı qiymət təklifi edən şirkət, yəni “MSDİS” holdinq qalib elan edilmişdir.
Qalib seçilmiş “MSDİS” holdinq elektron portal üzərindən RİHB-nın Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərək hal-hazırda işlərinin çox olduğunu, götürəcəyi öhdəliyə əsasən işləri vaxtında yerinə yetirə bilməyəcəyini bildirərək tenderden öz istəyi ilə çəkilmişdir.
“MSDİS” holdinq tenderdən kənarlaşdırıldıqdan sonra tenderin yekun protokol nəticələrinə uyğun olaraq 2-ci yeri tutmuş şirkət, yəni “Birlik-3A” MMC qalib elan edilmişdir. Tenderin nəticələri barədə yekun protokol İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir.
Prokurorluq araşdırır
“Viləşçay Su Anbarının mühafizə zonasında eləcə də Ərkivan Kosakül ərazilərində torpaq örtüyünün satılması” barədə bildiririk ki, sözü gedən məsələ Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılır və bu barədə rayon icra hakimiyyətində hər hansı bir məlumat mövcud deyil.
Şikayət əsasında Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində Baş Prokurorluğun göstərişi ilə Birliyin maliyyə təsərrüfat fəaliyyəti Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yoxlanılmış, yoxlamanın nəticəsi barədə yekun sənədlər aidiyyəti üzrə prokurorluq orqanına təhvil verilib. Hazırda aidiyyəti qurum tərəfindən araşdırma davam etdirilir.
“Rayon rəhbərliyi tərəfindən öz şəxsiyyətlərinə hörmət edən məmurları gözümçıxdıya salması” barədə fikrinizə münasibət olaraq bildiririk ki, öz vəzifələrini layiqincə yerinə yetirə bilməyən şəxslər barəsində qanuna müvafiq qaydada ölçü götürülmüşdür.
Belə ki pandemiya dövründə karantin rejiminin tələblərinə, Nazirlər Kabinet yanında yaradılmış Operativ Qərargahın qərarlarının icrasına laqeyd yanaşan, hüzr məclislərinin keçirilməsinə şərait yaradan şəhər, kənd və qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndələri barəsində qanuna müvafiq tədbirlər görülmüşdür.
İki İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi (Banbaşı kənd və Masallı şəhər) öz ərizələri nəzərə alınmaqla işdən azad olunmuşdur”.
Rubrika.Az