Axtarış...

Ya milyardlarla vəsaitimiz əldən çıxacaq, ya da… - Önümüzdə iki yol var


Ya milyardlarla vəsaitimiz əldən çıxacaq, ya da… - Önümüzdə iki yol var
İlin birinci rübünün yekunlarına görə, 2,5 milyard dollarlıq idxalımız olub. Bu, orta hesabla il ərzində 10 milyard dollarlıq idxal deməkdir və nəticə etibarilə ondan xəbər verir ki, ölkədən 10 milyard dollar vəsait xaricə gedib.

Azərbaycan üçün idxalın azaldılması imkanları kifayət qədər genişdir. Yəni idxalın azaldılması, sadə dildə desək, valyutanın ölkədə qalması və yerli istehsalın genişləndirilməsinə xidmət edə bilər. Nəticə etibarilə biz nə qədər az idxal ediriksə, bir o qədər vəsaitin ölkədə qalmasına nail oluruq. Çünki idxal ölkədən vəsait aparır, ixrac isə ölkəyə vəsait gətirir. Eyni zamanda, idxalın azaldılması bütövlükdə qeyri-neft sektorunun inkişafı baxımından vacib hesab olunur.

Bəs, hökumət niyə bu qədər vəsaitin ölkədə qalmasına deyil, xaricə getməsinə imkan yaradır? İdxalın azadılmasında hansı işləri görmək olar? Bu yöndə bizə nələr mane olur?

İqtisadçı ekspert Rəşad Həsənovun AYNA-ya şərhinə görə, bəzi illərdə 11, bəzi illərdə isə 12 milyard dollar dəyərində idxallarımız olub: “Sözgedən valyutanın ölkədə qalması bir tərəfdən çox bəsitdir. Bunun üçün normal, liberal iqtisadi siyasət həyata keçirilməlidir. Biznes mühiti, idarəetmə, yanaşma tamamilə dəyişməli, ölkə açıq iqtisadiyyata keçməli, Azərbaycan beynəlxalq iqtisadi bloklara inteqrasiya olunmalı, mülkiyyət hüququ möhkəmləndirilməli, investisya cəlb olunmalıdır. Ediləsi məsələ sadəcə bunlardır. Bunlar ağızda deyiləndə çox sadə, amma faktiki olaraq Azərbaycan kimi ölkələrdə icrası çox mürəkkəbdir”.

“Əksər hallarda sadaladıqlarımız istiqamətində imitasiya xarakterli qərarlar qəbul olunur. Bu qəraların icrası çox aşağı səviyyədə və keyfiyyətsiz həyata keçirilir. Və bu qərarları və iqtisadi modeli formalaşdırmaq mövcud institutlarla (icra hakimiyyətləri) mümkün deyil. Tamamilə dəyişməli, seçkili institutlar olmalı, icmanı idarə edən icmanın səsinə ehtiyac hiss etməli, həmin icmada investisiya qoyuluşunu, biznes mühitini təkmilləşdirmək istiqamətində daim cəhdlər göstərməlidir. Nə vaxta kimi təyinetmə olacaq, o zamanadək icmanın inkişafına, iqtisadi indikatorların yaxşılaşmasına ehtiyac olmayacaq”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert düşünür ki, indiki vəziyyətdə liberal-iqtisadi mühitin formalaşdırılması mümkün olmayacaq: “2015-ci ilin rəqəmlərinə nəzər salsaq, görərik ki, 2015-ci ildə başlamış proses zamanı da, 2016-cı ildə də 12 strategiya qəbul olundu - daxili istehlakın, tələbatın idxaldan asılılığının azaldılması, ixrac qabiliyyətli sektorların formalaşdırılması yönündə. Amma 2014-cü ildə 1,9 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edə bilmişdi”.

“2019-2020-ci illərdə də təxminən bənzər səviyyədə gəlib çıxmışıq. Məsələn, xarici investisiyaların cəlb edilməsi ilə bağlı o qədər strategiyalar icra olundu ki… Sadəcə nəticə olaraq beynəlxalq reytinqlərimiz irəlilədi. Reallıq da isə vəziyyət bu cürdür: 2016-cı ildən sonra Azərbaycana birbaşa cəlb olunan xarici investisiya FDİ-da hər il azalma baş verir. Burdan da göründüyü kimi əsas ölçü meyarları bunlardır: iqtisadiyyatın artım tempi, iqtisadiyyata investisiya qoyuluşu və ixrac potensialının güclənməsində ciddi nəticələrə gətirib çıxarmadı”, - deyə Həsənov vurğulayıb.

O, hər şeyin tamamilə yenidən qurulmalı olduğu qənaətindədir: “Müəyyən yaxşı istiqamətli dəyişiklikləri də sadalamaq olar. Məsələn, 2019-cu ilin son rübündə hökumət öz daxilində müəyyən təmizləmələrə getdi. Bu, o deməkdir ki, biznesi idarə edən oliqarx və məmurların böyük əksəriyyəti administrativ gücünü itirib. Bunu avantaja çevirmək olar. Bunu rəqabətli iqtisadi mühitin yaranmasında istifadə etmək olar, məmur müdaxiləsinin azalması istiqamətində trendin formalaşması üçün yönləndirmək olar. Gerçəkləşməsi üçün alətlər çoxdur. Əsas məsələ liberalizmdir ki, artıq iqtisadi mühit, orta təbəqə formalaşır və onun yaradacağı dağıdıcı yenlikdən qorxmamaq lazımdır. Həmin dağıdıcı yenilik nədir? Bu zaman insanlar artıq hüquq istəyəcəklər, normal seçki tələb edəcəklər, öz hüquqlarının pozulmasına qarşı adekvat cavablar verəcəklər. Bütün bunlara hazır olan sistem lazımdır ki, bu istalahatları həyata keçirə bilsin”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz