“Düzgün siyasət yürüdülərsə, manatın məzənnəsini sabit saxlamaq mümkün olacaq”.
Yenicag.az xəbər verir ki, bu fikirləri 2021-ci il üzrə manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,7 səviyyəsində götürülməsinə münasibət bildirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Elşad Məmmədov qeyd edib ki, bu, iqtisadi cəhətdən əsaslandırılmış qərardır. Əgər iqtisadi idarəetmədə düzgün siyasət aparılarsa, ölkənin valyuta bazarında sabitlik qorunub saxlanacaq:
“Ölkənin çox iri suveren qızıl valyuta aktivləri var və neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, idxal ixracı xeyli dərəcədə üstələyib. Ona görə də Mərkəzi Bank və maliyyə bazarına nəzarət edən digər qurumlar adekvat siyasət yürüdərlərsə, valyuta bazarında ciddi problem olmayacaq.
Mühüm məqamlardan biri odur ki, valyutanın məzənnəsi sabit olmalıdır. Əgər 2015-ci ildəki kimi ölkədən kapital çıxışının qarşısının alınmasında boşluqlar və bank sektorunda problemlər olarsa, valyuta məzənnəsinin sabitliyinə çox ciddi təzyiqlər yaranacaq.
Ümumilikdə karantin rejiminin yumşaldılması fonunda idxalın həcmi və dollara tələbat ciddi surətdə artacaq. Bununla yanaşı, neftin yenidən bahalaşacağı gözlənilmir və ona görə də ölkəyə valyuta daxilolmalarında ciddi artım olmayacaq.
Yaxın aylarda qeyri-neft sektorunda da ciddi artım gözlənilən deyil. Bu baxımdan, valyuta bazarına müəyyən təsirlərin olacağı istisna deyil. Lakin aidiyyatı qurumlar düzgün siyasət yürüdərlərsə, Azərbaycan manatının məzənnəsini sabit saxlamaq mümkün olacaq”.