Axtarış...

Masallıda narazılıq yaradan kimdir? - Sakinlər etiraz edir...

Masallıda narazılıq yaradan kimdir? - Sakinlər etiraz edir...


Tezadlar.az saytının 07.05.2021-ci il tarixli buraxılışında “Masallıda Bələdiyyə sədri sakinləri ayağa qaldırdı - Prezidentə şikayət” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Masallı rayonunun Sığdaş və Xanalion kəndlərini əhatə edən bələdiyyənin sədri Əhliman Əliyevin sakinləri necə incitməsindən, onlara problem yaratmasından, pay torpaqlarını ələ keçirməsindən və s. bəhs etmişdik. Konkret ad və soyadları olan sakinlər Prezidentə ünvanlı şikayətlərini saytımıza göndərmişlər. Göstərilən soyadlardan bir neçəsi ilə telefon əlaqəsi saxlayıb şikayətlərinin doğrudan da onlar tərəfindən yazılıb-yazılmamasını müəyyən etmək üçün telefon əlaqəsi yaratdım.

Şikayətçilərdən biri- 67 yaşlı Hümmət Səfərov bildirdi ki, göndərdikləri şikayətdə hələ hamısını qeyd etməyiblər. Bu səbəbdən xahiş etdi ki, imkanımız varsa, onların problemlərini yerində görüb, dinləmək üçün kəndə gələk.
Sığdaş kəndindən daha bir şikayətçi- Fəxrəddin Əliyev, Salman Qurbanov, Xanalion kəndindən Hacı Hidayət də Hümmət kişi ilə eyni fikirləri bölüşərək məni kəndlərinə dəvət etdilər. Amma “Etibar et və yoxla” prinsipilə, əks tərəf kimi şikayətçi olduqları bələdiyyə sədri Əhliman Əliyevlə də telefon əlaqəsi saxladım. Ə.Əliyev telefon söhbətində bunları bildirdi: “Bu şikayətlərin heç bir əsası yoxdur, mənə qarşı şər və böhtandır. Sakinlər qanunsuz hərəkətlərə yol veriblər. Mən də bir dövlət məmuru kimi (???) qanunsuz hərəkətlərin qarşısını alıram. Sizə şikayət edən Hümmət Səfərov burada məscidin icma sədridir. Onun məsciddə olan qanunsuz gəlir yerini bağlamışam. Ona görə də məndən hər yerə şikayətlər yazır. O biri imzalar da hamısı qondarmadır. Məndən heç kəs şikayətçi deyil”.
Sakinlərin israrlı xahişlərini nəzərə alıb mayın 9-da Masallının adı çəkilən Sığdaş və Xanalion kəndlərinin sakinləri ilə görüşə getdim. Mənim gələcəyim barədə məlumatları olduğundan hər iki kənddən 40-a qədər sakin yığışmışdı. Hamısının da ürəyi dolu imiş.
Sakinləri dinlədikcə dəhşətə gəlirdim ki, özü də bu kənddə doğulub, böyümüş, təxminən 40-a qədər yaşı olan bələdiyyə sədri Əhliman Əliyev nəyə görə öz kəndlilərinə bu zülmləri verir? Sakinlərlə söhbətdən məlum oldu ki, onlara məxsus pay torpaqlarını, balığ yetişdirən göllərini bələdiyyə sədri Əhliman Əliyev müxtəlif yollarla ələ keçirməyə çalışır. Məsələn, Sığdaş kənd sakini Qəni Əliyevin 1987-ci ildən istifadəsində olan balıq yetişdirdiyi gölü Əliyev min bir bəhanə ilə ələ keçirmək istəyir. Baxmayaraq ki, Q.Əliyevin bu gölün istifadəsi üçün bütün qanuni sənədləri, çıxarışları var. Bununla belə, "Gölü qanunsuz işlədirsən" bəhanəsi ilə bələdiyyə sədri Q.Əliyevi Rayon Məhkəməsinə verib.
Rayon Məhkəməsi bütün sənədləri düz olduğundan Q.Əliyevin xeyrinə qərar çıxardıb. Bu məhkəməni uduzan Ə.Əliyev Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Burada da bələdiyyə sədri Əliyev istəyinə nail ola bilməyib. Şikayətçi Q.Əliyevin isə sözlərinə görə (bunu sonrakı görüşümüzdə Ə.Əliyev özü də təsdiq etdi) Şirvan Apellyasiya Məhkəməsinin hakimi bütün sənədlərin düz olduğunu görəndən sonra bələdiyyə sədri Ə.Əliyevə çox kobud şəkildə müraciət edərək bildirib ki, bu insandan nə istəyirsən??? Hətta hakim əsəblərini saxlaya bilməyərək bələdiyyə sədri Ə.Əliyevi bu qanunsuz iddiasına görə ağır formada təhqir də edib.
***
Q.Əliyev mənimlə söhbətində qeyd etdi ki, "...Ə.Əliyev özümə açıq şəkildə bildirib ki, o gölü sənin əlindən alacağam".
Şikayətçi Fəxrəddin Əliyev də balıq yetişdirilən gölün sahibidir. O, mənimlə söhbətində qeyd etdi ki, bələdiyyə sədri Ə.Əliyev onun da gölünü ələ keçirmək üçün dəridən-qabıqdan çıxır. Hətta acığa düşüb gecə ikən bələdiyyə sədri Ə.Əliyev F.Əliyevə məxsus gölün qarşısını açaraq suyu buraxıb və təzə buraxılmış körpə balıqların hamısı məhv olub. F.Əliyev bu barədə belə deyir: "Düzdür Əhliman Əliyevin gölün qarşısını açdığını gözümlə görməmişəm. Amma dəfələrlə məni gölü alacağı ilə hədələdiyindən, özünün də bir neçə adamın yanında gölün suyunu açıb buraxmağını etiraf etməyindən dəqiq bilirəm ki, günahkar Ə.Əliyevdir. Ona görə də polisə şikayət vermişəm ki, mənə dəymiş üç min manat zərəri ödəsin". Sığdaş kəndinin digər sakinləri Hümmət Səfərov, Qəni Əliyev, Salman Qurbanov, Zeynal Nəhmətov, Xanalion kənd sakinləri Mail Məcidov, Sehran Mirzəyev, Elçin Məcidov, Hamlet Nəsirov, Əlihüseyn Şahverdiyev, İlqar Şahverdiyev, Sahil Məcidov, Hacı Hidayət, ağsaqqal Allahverdi İsayev və digərləri də bələdiyyə sədri Əhliman Əliyevdən ciddi narazılıq etdilər. Cəmi bir ildir bələdiyyə sədri işləyən Ə.Əliyev bu müddət ərzində sakinlərə o qədər problem yaradıb ki, uzun illərin bələdiyyə sədri işləyənlər ona həsəd apara bilərlər. Məsələn, Xanalion kənd sakinləri Mail Məcidovun 2 ha, Sehran Mirzəyevin 1,5 ha, Elçin Məcidovun 1 ha, Hamlet Nəsirovun 1 ha, Əlihüseyn Şahverdiyevin 2 ha, İlqar Şahverdiyevin 1,5 ha torpaqları bələdiyyə sədri tərəfindən zəbt olunub və onlara əkin-biçin aparmağa icazə vermir. Onlar həmin əraziləri də mənə göstərdilər.
Sahil Məcidovun pay torpağına dair bütün sənədləri qanuni olsa da bələdiyyə sədri Ə.Əliyev özündən saxta sənəd çıxardaraq "sübut" edir ki, onun yeri qanunsuzdur. Bu yerdə sovet dövründə uzun illər sovxoz direktoru işləmiş Hacı Hidayət müdaxilə edir: "Elçin müəllim, saxta sənəd həmişə şax durar (bu orijnal deyimə xeyli gülüşdük - E.M.). Bu adam qanuni sənədlərə fikir vermir, qanuni sənədlər də ki, çoxdan alındığından köhnə, əzik-üzük olur. Amma bunun ortaya çıxardığı "sənədlərin" hamısı şax durur. Ona görə ki, onların hamısını işlədiyi bu bir il ərzində qanunsuz yollarla əldə edib. Bu səbəbdən də sənədlərin hamısı təptəzədir və şax durur. Əhliman Əliyevlə hər hansı söhbət aparmaq mümkün deyil. Ona heç nəyi izah etmək olmur".
Belə olan surətdə mən belə bir təklif verdim:
-Yaxşı, tutaq ki, özü ilə cavandır deyə söhbət alınmır. Bəlkə onun böyükləri olan ağsaqqalı, qarasaqqalı ilə oturub bir söhbət edəsiniz. Onlar da bir böyük kimi Ə.Əliyevə təsir etsin ki, sakinləri bu qədər incitmək olmaz.
Bu təklifimə cavab olaraq ağsaqqal Allahverdi İsayev və Hacı Hidayət bildirdilər ki, bu adam heç kəsi eşitmir və ağsaqqal, qarasaqqal da tanımır: "Əhliman Əliyevin sözünün başı ilə ayağı yoxdur. Bəzən nə danışdığını özü də bilmir. İnsanların əsəblərini tarıma çəkib. Dəfələrlə olub ki, bax burda gördüyünüz cavanlar ona güc tətbiq etmək istəyiblər. Ancaq biz qarşısını almışıq. Sağ olsunlar, cavanlar bizi eşidirlər. Amma sabah heç kəs qarantiya verə bilməz ki, Əhliman Əliyevlə dava olmayacaq. Hələ öz haqqını tələb etdiyi üçün kənd sakinlərindən iki nəfərinə 15 sutka iş verdirib. Dava etsələr gör nə baş verər? Ona görə də biz cavanları həmişə sakitləşdiririk və bildiririk ki, mübarizəni güc yolu ilə yox, qanuni yollarla aparmaq lazımdır. Ona görə də sizi bura dəvət etmişik ki, hər şeyi gözlərinizlə görəsiniz və bizim haqq səsimizi dinləyib, aidiyyəti dövlət qurumlarına çatdırasınız. İnanırıq ki, Ali Baş Komandan Prezident cənab İlham Əliyev bizim səsimizi eşitsə mütləq tədbir görülməsi üçün göstəriş verəcək. 44 günlük vətən savaşında bütün Azərbaycan xalqı kimi Masallının bu iki kəndləri də bütün gücünü döyüşə sərf etmişdir. Bizim kəndlərdən də şəhidlərimiz, qazilərimiz var (Hacı Hidayət özü də şəhid atasıdır - e.m.). Ali Baş Komandanın çağırışına bu iki kəndin sakinləri də səs verərək xeyli sayda cavanlarımız könüllü olaraq döyüşə yollandılar. Həmin ağır günlərdə də Əhliman Əliyev öz qanunsuzluqlarından əl çəkmirdi. Qonşu kəndə şəhid gətirmişdilər. Bütün rayon rəhbərliyi, rayon ictimaiyyəti şəhidin dəfnində iştirak edirdi. Əhliman Əliyev bir məmur kimi şəhidin dəfnində iştirak etmək əvəzinə, onun göz dikdiyi pay torpaqda taxıl əkini üçün şumlama aparmaq istəyən sakini dayandırmaq məqsədilə özünü traktorun qabağına atmışdır. Bir çox sakinlərə imkan vermədi ki, camaat taxıl əksin və çörək bolluğu yaratsın. Bəlkə bu müharibə uzun çəkəydi və ölkənin taxıla ehtiyacı yaranardı, bəs onda nə olacaqdı? Hektarlarla pay torpaq sahələri Ə.Əliyevin günahından boş çöllüyə çevrilib. Bu, dövlətə qarşı bir təxribatdır".
Yenə mentalitetimizə uyğun bir sualı verməyə bilmirəm:
-Bəs Ə.Əliyevin "dayısı", arxası-dayağı kimdir ki, bu qədər hegomonluq edir?
Bu suala sakinlər belə cavab verdilər: "Masallı rayon icra hakimiyyətinin müavini Seyfəddin Əliyev polisdə sürücü işləyən xalası oğlu İbrahim, Masallı rayon Məhkəməsi sədrinin sürücüsü işləyən digər xalası oğlu Ağayar, Kolatan bələdiyyəsinin Elçin adlı sədri Əhliman Əliyevin himayəçiləridir. Ona görə də əhali tərəfindən Əhliman Əliyev barədə polisə və məhkəməyə edilən şikayətlərin çoxu it-bata düşür. Sığdaş kənd sakini Salman Qurbanovu qardaşı oğlu Elşən Həbibzadəyə və qohumu Azər Quliyevə döydürüb. Amma olunan şikayətə əvvəlki polis rəisi heç bir əhəmiyyət vermədi. İndiki polis rəisi Azay Ağayev təzə gəlib. Hələ ki, haqqında xoş sözlər eşitmişik. İnanırıq ki, bu rəis sakinlərin haqlı şikayətlərinə bir əncam çəkəcək".
Döyüldüyü deyilən Salman Qurbanovla da söhbət etdik. S.Qurbanov dedi: "Bu hadisə əvvəlki rəisin vaxtında olub. Əhliman Əliyev mənim pay torpağımı ələ keçirib satmaq üçün dəfələrlə məni hədələmişdi. Məni qorxutmaq üçün qardaşı oğlu Elşəni və qohumu Azəri üstümə göndərdi. Mənim kimi ağsaqqal bir adamı camaatın gözü qarşısında döydülər. Rəsmi olaraq polisə şikayət verdim. Əvvəlki rəisin vaxtında işi elə düzüb-qoşdular ki, guya günahkar mənəm. İşi bağlamaq üçün isə məndən 500 manat pul istədilər. Mənim o qədər pulum olmadığından məcbur qalıb şikayətçi olmadım və barışıq ərizəsi yazdım. Bununla da işi bağladılar və Əhlimana gözün üstə qaşın var deyən olmadı".
***
...Artıq mənzərə aydındır. Mən deyilənlərin hamısını qeyd elədim, sakinlərlə xudafizləşdik və söz verdim ki, onların bu şikayətlərini lazımi ünvanlara çatdıracağam.
Bundan sonra şikayətçi Sığdaş kənd sakini, kənddəki məscidin icma sədri Hümmət Səfərov bildirdi ki, Əhliman Əliyev təkcə sakinlərə deyil, dövlətə də ciddi ziyan vurur: “Məsələn”, dəfələrlə müraciət etməyimə baxmayaraq torpağın icarə pulunu bülcəyə ödəmək üçün mənə kod vermir. Ona görə də neçə müddətdir ki, dövlətə torpaq pulu ödəyə bilmirəm. Hələ bu harasıdır? Əkin sahələrinin suvarılması üçün guya artezian suyu çıxartmaq adı ilə gətirib bu sahədə işıq yarımstansiyası qoydurub. Axı bu tərəflərdə işıq xətti ümumiyyətlə, yoxdur. Əgər kimsə öz şəxsi vəsaiti hesabına etmək istəsə bu, 15-20 min manata başa gəlir, amma Ə.Əliyev iki min manat xərclə bu işi dövlət layihəsinə saldırıb, artizan qazmaq adı ilə özünə transfarmator qoydurub. Həmin yerdə nə artezian qazıldı, nə də su çıxdı. Əvəzində həmin transformatordan gələn işığı özünün şəxsi ferma təsərrüfatına və bu fermaya qulluq edən insanlar üçün tikilmiş evə istifadə edir. Dövlətə isə bir qəpik də işıqpulu ödəmir. Başqa adamların pay torpağında qardaşı, dayısı üçün ev və kafe tikdirib. Yəni, bu adam bütün qanunsuzluqlara gedir".
H.Səfərov dediklərini sübut etmək üçün həmin yerləri mənə göstərməyə hazır olduğunu bildirdi. Maşınla həmin yerlərə getdik. Transformatorun və fermanın şəkillərini çəkdik. Kafe və evləri isə çox uzaqda olduğu üçün şəkil çəkilməsi bir o qədər də effektli alınmırdı. Hər halda çəkdik.
Geri qayıdıb xudafizləşmək və həmçinin bələdiyyə sədri Ə.Əliyevlə də əlaqə saxlamaq istəyirdim ki, uzaqdan qara bir "Prado" markalı maşın göründü. H.Səfərov bildirdi ki, həmin maşında gələn Əhliman Əliyevdir. Bir gün qabaq telefonla danışdığımıza baxmayaraq bu qədər şikayətin niyə yarandığını öyrənmək üçün Ə.Əliyevlə onsuz da görüşmək istəyirdim.
Özünün gəlməsi isə lap yerinə düşdü. Əl edib maşını saxlatdırdım. Salamlaşıb özümü təqdim etdim və bir gün əvvəl də telefonla danışdığımızı bildirdim. Eyni zamanda soruşdum:
-Əhliman müəllim, bu sakinlər sizdən niyə şikayət edirlər, səbəbi nədir?
-Kimdir məndən şikayət edən, heç kəs məndən şikayət edə bilməz.
Yanımdakı Hümmət kişini göstərib dedim:
-Biri bu kişidir.
Bu sözdən sonra elə bil Ə.Əliyev cin atına mindi. Coşdu, nə coşdu və Hümmət kişinin yanına gələrək, 67 yaşlı ağsaqqal kişinin üstünə qışqıra-qışqıra dedi:
-Sən özün başdan ayağa cinayətkarsan. Meşədə yüzlərlə ağac kəsmisən. Sən nə haqla məndən şikayət edirsən?
Hümmət Səfərov:
-Ağac kəsən belə-belə... olsun. Sən bələdiyyə sədri işləməmişdən qabaq həmin yerdə 400-dən çox iri gövdəli ağac kəsmisən. Buna görə sənin barəndə cinayət işi var. Öz adını mənə niyə qoyursan???
Bu qışqır-bağır az qala davaya çevriləcəkdi. Bələdiyyə sədrini güclə sakitləşdirdim. Sonra Ə.Əliyev mənə dedi ki, “obyektiv araşdırma aparmaq istəyirsənsə gəl otur maşına gedək kəndə. Görək məndən başqa şikayət edən varmı?” Təklifi qəbul edib onun maşınına oturdum. Sürücü də qardaşı idi. Gəldik Xanalion kəndinə. Yol boyu əks tərəfdən gələn iki maşını saxlatdırdı və soruşdu:
-Məndən hər hansı şikayətiniz varmı?
Hər iki maşının sürücüsü bildirdi ki, heç bir şikayətləri yoxdur. Sonra Ə.Əliyev məndən soruşdu ki, konkret şikayətçilər kimdir? Mən də dəftərçəmə qeyd etdiyim adlardan başladım. Hacı Hidayətin adını eşidən kimi bildirdi ki, tanıyıram, bu dəqiqə gedək onun yanına. Getdik. Ə.Əliyev həyətdən Hidayət kişini çağırdı. Həyətə çıxan Hacı Hidayətlə yüksək tonda danışdı və bu yüksək ton qışqırığa çevrildi. Və sonra Ə.Əliyev bildirdi ki, nə əsasla ondan şikayət edir?
Mən bir az onları sakitləşdirib həyətdəki "besetkada" oturub sakit şəkildə söhbət etməyi xahiş etdim. Gəlib oturdular. Hacı Hidayət sakit tərzdə onun günahlarını bir-bir sadaladı, bu zaman Ə.Əliyev yenə qışqıra-qışqıra qarğışa keçdi: "Bu işdə mənim günahım varsa Allah mənim balamı öldürsün, yoxsa Allah sənin balanı öldürsün".
Bu sözdən sonra Hacı Hidayət də özündən çıxdı və ona "Rədd ol mənim həyətimdən" deyərək, bələdiyyə sədrini qovmaq istədi. Mən yenə araya girib güc-bəla ilə onları sakitləşdirdim və Ə.Əliyevdən xahiş etdim ki, ağsaqqal kişi ilə o tonda danışmaq yaxşı deyil. Sakit tərzdə oturub istənilən mövzunu müzakirə etmək olar.
Mənim israrlı xahişlərimi nəzərə alıb Ə.Əliyev əyləşdi. Hacı Hidayət kişidən də xahiş etdim ki, qonağı həyətdən qovmaq yaxşı deyil. Oturaq birlikdə müzakirə edək... Biz söhbətimizə davam etdikcə 10-dan yuxarı kənd sakini Hacı Hidayət kişinin həyətinə yığışdılar. Hamısı birmənalı şəkildə Ə.Əliyevə bildirdilər ki, "...sən qanunsuzluqlara yol verirsən və insanların pay torpaqlarını əkib-becərməyə mane olursan..." və s. Yığışanlardan bir nəfər də olsun Ə.Əliyevin xeyrinə söz demədi. Ə.Əliyev də gah səsinin tonunu qaldırıb qışqıra-qışqıra sakinlərin haqsız olduğunu bildirirdi, gah da sakit tərzdə özünün haqlı olduğunu sübut etmək istəyirdi. Sakinlərdən Elçin adlı şəxs Ə.Əliyevin bu yersiz arqumentləri qarşısında necə hirsləndisə yenə az qala dava düşəcəkdi. Lakin mən və sakinlər onu birtəhər sakitləşdirdik. Ondan sonra mən üzümü Ə.Əliyevə tutub sakinlərin yanında bunları dedim: "Əhliman müəllim, bizim yeganə bir problemimiz var idi, o da Qarabağ idi. Artıq bu problem Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində həll olundu. İndi burada həll olunmayası problem yoxdur. Sən rəsmi adamsan... Hirslənib, qışırmalı deyilsən. Səni söysələr də, üstünə qışqırsalar da sakit tərzdə dinləyib, yola verməlisən, problemi qanuni yollarla həll etməlisən. İnsanlar etiraz edirsə, deməli, problem var... Prezident cənab İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə vurğulayıb ki, hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi mən özüməm. Belə olan surətdə sən kiçik bir məmur olaraq, özün də bu kənddə doğulub, böyümüş bir insan kimi niyə bu qədər narazılıqlar yaradırsan? Axı bu vəzifə daimi deyil, müvəqqətidir. Sabah işdən çıxandan sonra sən yenə bu kənddə yaşamağa məhkumsan. Elə işləməlisən ki, sabah bu insanlarla üz-üzə gələndə utanmayasan. Sən hirslənəndə, fikir vermişəm danışığını itirirsən, özünü idarə edə bilmirsən, pis adam olursan. Amma sakit tərzdə danışanda çox yaxşı insan olursan, yaxşı fikirlər söyləyirsən. Çalış həmişə yaxşı adam ol".
Mənim bu məsləhətlərimdən sonra Ə.Əliyev bildirdi ki, başında kontuziya var, bundan ola bilər... Və səhvini bu formada etiraf etdi. Bütün bunlardan sonra Ə.Əliyev yığışan insanlara söz verdi ki, daha onlarla işi yoxdur. Ağsaqqal Allahverdi İsayev isə belə dedi: "Əhliman bizim səndən şikayətimiz yoxdur. İstəyimiz odur ki, sən işimizə mane olma, çəkil dur qırağa, qanuni işini yerinə yetir. Kiminsə torpağının sənədində problem varsa müxtəlif qanuni yollarla özləri aidiyyəti dövlət qurumları ilə həll edəcəklər. Lazımi sənədləri də alacaqlar. Axı bunun sənə aidiyyəti yoxdur. Sən camaatın pay torpağında əkin-biçin aparmağına niyə mane olursan?".
Bundan sonra Ə.Əliyev sakinlərin yanında yenə qətiyyətlə söz verdi ki, özü tərəfindən kimsəyə heç bir maneçilik olmayacaq. Mənə də araşdırma apardığım üçün təşəkkür etdi... Belə olan surətdə sakinlər yenə soruşdular ki, daha bizim torpaqda əkib-becərməyimizə problem yaratmayacaqsan ki? Ə.Əliyev yenə söz verdi ki, belə şey olmayacaq. Amma sakinlər üzünə dedilər ki, Əhliman, sənə inanmırıq. Çünki sən həmişə söz verib əməl eləmirsən.
Yenə mən müdaxilə etməli oldum: "Hörmətli Xanalion kənd sakinləri, ola bilər Ə.Əliyev bu kəndin sakini kimi ayrı-ayrı vaxtlarda sizə söz verib, əməl etməyib. Ancaq jurnalist olaraq mənə də söz verir ki, sakinlərlə heç bir işi olmayacaq. Ona görə də mən bu barədə yazını yazıb sizin kəndləri dilə-dişə salmaq istəmirəm. Əgər burada verilən söz, necə deyərlər, şifahi bağlanan müqavilə pozularsa və siz istəyərsinizsə mən bu yazını hazırlayıb dərc edəcəyəm və aidiyyəti ünvanlara da göndərəcəyəm. Amma elə edin ki, biri-birinizlə yola gedəsiniz. Yəqin sizə də yaxşı deyil ki, mən Bakıdan durub gəlib Masallının kəndində sizləri barışığa, sülhə çağırıram. Sizi barışdıra biləcək ağsaqqallar bu kənddə kifayət qədərdir. Yaxşı olar ki, elə Əhliman müəllim də və digər sakinlər də ağsaqqalları eşitsinlər".
Mənim bu qısa çıxışım hamı tərəfindən bəyənildi. Amma bir daha vurğuladılar ki, Ə.Əliyev sözünün üstündə durmayacaq.
***
Beləcə kənd sakinləri ilə xudafizləşib Bakıya geri qayıtdım. Amma qulağım səsdə idi. Aradan üç gün keçəndən sonra Sığdaş kənd sakini, şikayətçilərdən biri ağsaqqal Hümmət Səfərov və Xanalion kənd sakini ağsaqqal Hacı Hidayət zəng edib bildirdilər ki, Ə.Əliyev verdiyi sözə əməl etmədi, yenə öz ampulasındadır, sakinlərə hədə-qorxu gəlir. Ona görə də xahiş edirlər ki, yazını dərc edək. İstəyirlər bu yazı ilə onların haqq səsini aidiyyəti dövlət qurumlarına çatdıraq. H.Səfərov telefonla söhbətində məndən sonra baş verən bir maraqlı hadisəni də nəql etdi: "Elçin müəllim, bizim sizdən əvvəl etdiyimiz şikayət əsasında rayon İcra Hakimiyyəti başçısının müavini, Ə.Əliyevin müdafiəçisi Seyfəddin Əliyev və icra hakimiyyətinin rəsmi şəxsləri kəndə gəldilər. Yenidən hər iki kənddən 50-ə yaxın sakinlər yığışdı. Əhlimanın özünü də oraya gətirmişdilər. Bütün sakinlər özlərinə məxsus pay torpağının sənədlərini icra hakimiyyətinin rəsmilərinə təqdim ediblər. Onlar da baxıb görüblər ki, sənədlərdə elə bir ciddi problem yoxdur. Elə oradaca əvvəlcə Əhlimanı müdafiə etmək istəyən Masallı RİH-in müavini Seyfəddin Əliyev bələdiyyə sədrini əməlli-başlı danlayıb ki, sakinlərə belə süni problemlər yaratmaq olmaz. Hələlik bu görüşdən biz sakinlər razıyıq. Oradan bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Mənim pay torpağımı zəbt edib, bacısına ev tikdirən Əhliman Əliyev həmin evi sxemdə göstərib deyir ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan pay torpağında mən ev tikmişəm. Mən də icra hakimiyyətinin rəsmilərindən xahiş etdim ki, əgər mən orada ev tikmişəmsə onda həmin evin sənədlərini mənim adıma hazırlayıb verin. Sevinərəm ki, mənim də evim var. Onsuz da üç darısqal otaqda mənim ailəm və iki oğlumun ailəsi yaşayır. Mənzil şəraitimin genişləndirilməsinə ehtiyac var. Əgər Əhliman deyirsə ki, mən orda ev tikmişəm, çox yaxşı. Həmin evi elə mənim adıma sənədləşdirin, oğlumun birini ailəsi ilə yerləşdirəcəm ora. Bundan sonra hamıya məlum oldu ki, Əhliman yalan danışır və xeyli gülüşdülər də. İnanırıq ki, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Əhliman Əliyev haqqında tədbir görəcək. Çünki bu qədər camaatı ayağa qaldırmaq olmaz. Xahiş edirəm bunları da yazınıza əlavə edəsiniz".
***
Göründüyü kimi əlavə etdik. Biz jurnalist olaraq həm şikayətçiləri, həm də "KİV haqqında" Qanuna uyğun olaraq əks tərəfi dinlədik. Amma problemə çarə etmək bizim səlahiyyətimizdə deyil. İnanırıq ki, həm Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, həm Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, həm Daxili İşlər Nazirliyinin, həm də Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi araşdırma aparıb ciddi tədbir görəcəklər. Çünki indiki həssas məqamda hər iki kənd sakinlərini nahaqdan ayağa qaldırıb dövlətdən narazı salmaq yaxşı hal deyil. Çünki bu sakinlər dövlətdən onun Prezidentindən yox, kiçik məmur olan Sığdaş və Xanalion kəndlərinin bələdiyyə sədri Əhliman Əliyevdən narazıdırlar. İnanırıq ki, tezliklə problem çözüləcək və sakinlərin narazılığına soy qoyulacaq. //tezadlar.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz