Göygöl rayon Üçtəpə kəndinin bir qrup sakini rayon icra hakimiyyətinə və "Azəravtoyol"-a müraciət edərək bəzi sosial problemlərinin həllini istəyiblər.
"Demokratik.Az"-ın məlumatına görə, sakinlər kəndin içərisindən keçən və Gəncə şəhərinə uzanan magistral yolun yenidən təmir edilməsinə sevindiklərini, lakin həmin yolda sürət həddinin aşılması nəticəsində bir neçə yaxınlarının həyatını itirdiklərini bildirirlər. Bu səbəbdən, yola işıqfor və sürət azaldan xüsusi mənelərin quraşdırılmasını istəyirlər. Bundan əlavə, sakinlər kənddə Mədəniyyət evinin, klubun, bağçanın və bu kimi sosial binaların tikilməsini vacib bilirlər.
Kəndin müəyyən hissəsində içməli su problemi də qalmaqdadır. Əksər evlərdə su olsa da, bir çox insan susuzluqdan hələ də əziyyət çəkir. Buna dair tutarlı səbəb isə vətəndaşlara açıqlanmır.
Qurum rəhbərlərinə ünvanlanan məktubda o da qeyd edilib ki, "AFFA - mini futbol" meydançalarından birinin 10 minə yaxın sakini olan Üçtəpə kəndində quraşdırılması da gənclərin asudə vaxtının daha səmərəli təşkilinə, uşaqların sağlamlığına töhfə olardı. Kənddəki gənclərin asudə vaxtlarını yalnız çayçılarda keçirmələri isə həm də bu kəndin işsizlik problemini ortaya qoyur. Yaxşı olardı ki, yerli İHB kənddə iş yerlərinin açılmasında da maraqlı ola!