"Eurohome” tikinti materialları bazarında 2019-cu ilin dekabrında baş verən birinci yanğından sonra külli miqdarda zərərə düşən sahibkarlar hələ də kompensasiya ala bilməyiblər. Onlara təzminat əvəzinə bazarda 1 ilə qədər icarə haqqı ödəmədən obyektlər işlətmək təklif olunur. Lakin yanğından yarım milyon manata yaxın zərərlə çıxan sahibkarlara bu təklif əlverişli deyil.
Bİr qrup sahibkar məsələ ilə bağlı saytımıza müraciət edib.
İstilik sistemlərinin satışı ilə məşğul olan Zamiq Əhmədovun sözlərinə görə, ona 426 min manatlıq ziyan dəyib. Deyir ki, hadisədən aylarla vaxt keçsə də, heç kim onların vəziyyəti ilə maraqlanmır. Z.Əhmədov bildirib ki, edilən şikayətlərə baxmayaraq, məsələ araşdırılmır: "Çağırıb soruşan yoxdur ki, vəziyyətiniz necədir, uşaqlarınızın yeməyi varmı? Hər şeyimiz yanıb, evim bankda girovdadır, pul ödəyə bilmirəm. Bazar rəhbərliyi ancaq icarə haqqı yığmaqla məşğul idi. Həm də müqavilədə hər kvadrat metrə görə 8 manat icarə haqqı yazılsa da, bizdən kvadrat metrə 25 manat pul alırdılar. Bazarın rəhbəri Azay Möhnətov yanğın olan zaman dedi ki, məsələni yoluna qoyacaq, amma bugünədək ortada heç nə yoxdu".
Digər sahibkarlar da eyni aqibəti yaşayır. Tural Məmmədov, Ramin Babayev, Əjdər Həsənov, İsmayıl İsmayılov, Ümid Qayınbəyov, Teymur İbrahimov, Samir Məhərrəmov və digərləri də bazar rəhbərliyi ilə analoji problemi yaşayan sahibkarlardandı. Onların tək istəyi isə bazar rəhbərliyi tərəfindən dəymiş ziyanın ödənilməsidir.
Onu da qeyd edək ki, "Eurohome" tikinti materialları bazarının bu gün də fəaliyyət göstərməsinə baxmayaraq, bazarın fəaliyyəti qanunla qadağan edilib. //moderator.az//