Qardaş ölkə Türkiyə COVID-19 ilə mübarizədə yenidən qapanma yolunu seçdi. 29 apreldən 17 maya qədər ölkədə sərt karantin rejimi olacağı açıqlandı. Qonşu ölkənin bu qərarı bizdə də sərt karantin rejiminə keçid ediləcəyi ilə bağlı narahatlıq yaratmağa başlayıb.
Həkimlərimiz ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyəti necə dəyərləndirirlər? COVID-19 ilə mübarizədə qapanma nə dərəcədə effektivdir? AYNA-nın sualları mütəxəssislərə ünvanlayıb.
Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü Ədalət Rüstəm hazırkı durumu mənfi dəyərləndirir: “Vaksinləşmə dayanmaq üzrədir. İnsanlar peyvənd olunmaq istəmirlər. Bugünlərdə parlamentin iclasında da bu söhbət olub. Buna ciddi diqqət ayrılmalıdır”.
Qapanmaya qaldıqda isə həkimin fikrincə, əks-epidemioloji qaydalara tam əməl edilməklə 28 günlük qapanma kifayət edə bilər: “Bizdə qapanma normal olmur. Bu ölkəyə 28 günlük normal qapanma lazımdır, vəssalam. Bir il bundan qabaq etmək lazım idi, heç olmasa, indi etsinlər. Bir qədər əvvəl polis bölməsinə girmişəm, içəridəki polislərdən serjantdan tutmuş polkovnikə qədər birinin ağzında maska yoxdur, amma həmin polislər çıxırlar küçəyə, camaatı cərimə edirlər. Qapalı məkanda – polis şöbəsində bir nəfərin ağzında maska yoxdur, olanın da çənəsindədir. Dəhlizdə belə şütüyürlər, elə şütüyürlər. Və həmin polislərdir ki, çıxırlar küçəyə və başlayırlar kimin burununun ucu görünürsə, onu yüz manat, polisə müqavimət adı altında bir yüz manat da əlavə cərimələyirlər. Yəni bizdə normal karantin olmayıb, 28 gün normal karantin olsa, hər şey bitər”.
Mütəxəssis vurğulayıb ki, insanlara maska ilə düzgün davranış qaydaları öyrədilməlidir: “Birinci növbədə Operativ Qərargah insanlara maska geyinməyi, onunla davranmağı öyrətməli idi. Bir ildən artıqdır ki, bunu öyrətməyi bacarmadı. Mən bu dəqiqə küçədə tək dayanmışam, maskamı aşağı endirib siqaretimi çəkirəm. Mənə kimsə yaxınlaşsa və ya özüm kiməsə yaxınlaşıramsa, maskamı yuxarı qaldırmalıyam. Açıq havada ətrafımda adam yoxdursa, maskasız gəzə, dayana bilərəm. Amma qapalı məkanlara, xəstəxanalara giririk, kifayət qədər maskasız adam var”.
Həmsöhbətimizin sözlərinə görə, 30 nəfər maskalı, bir nəfər maskasızdırsa, deməli, o maskasız adamın adi bir öskürək, asqırıq zamanı buraxdığı viruslar həmin binanın bütün mərtəbələrinə “ventilyasiya” edəcək: “On beş gündən, bir aydan sonra kondisionerlər yandırılacaq. Bu da qapalı məkanlarda yoluxmanı artıracaq. Bu məsələlərə diqqət yetirmək lazımdır və bu günə qədər də diqqət edilməyib”.
“Mən demirəm ki, insanları tamamilə evə həbs etsinlər. Xeyr, hamının işinə-gücünə getməyini, bütün müəssisələrin fəaliyyət göstərməyini, amma zərürət olmadığı halda evdən küçəyə çıxmamağı deyirəm. Dövlətin də birinci vəzifə borcu o olmalı idi ki, insanlara əks-epidemioloji davranış qaydalarını öyrətsin. Heç olmasa, indidən sonra yeddidən yetmişə hər kəsə bu qaydalar öyrədilməlidir”, - deyə Ədalət Rüstəm fikrini yekunlaşdırıb.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev düşünür ki, insanlara epidemioloji vəziyyətdə davranış qaydaları düzgün aşılansa və əməl edilsə, qapanmaya ehtiyac olmaz: “Əgər epidemioloji şəraiti nəzərə alaraq qaydalara əməl etsək, immunitetimizi güclü saxlasaq, qapanmaya ehtiyac qalmaz. İmmun sisteminin kökündə də mədə-bağırsaq sistemi dayanır. İnsanlar qidalarına fikir verməlidir. Yediyimiz məhsullar, ekologiyamız təmiz olmalıdır. Ən yaxşı müalicə açıq hava, işdə-gücdə olmaqdır. Gərək bunun üçün də şərait yaradılsın. Yoxsa gedişat belə olacaq – yoluxma sayı gah artacaq, gah azalacaq”.
Həkim, professor Adil Qeybulla isə qeyd edib ki, yoluxma sayında azalmanın müşahidə edilməsi bizi sakitləşdirməməlidir: “İndi də Hindistan virusu – B.1.617 və B.1.618 ştamları yayılıb, ikili mutasiya gedib. Həddindən artıq təhlükəli bir formadır və bu, dördüncü dalğanın başlamasını istisna etmir. Hindistanda hər gün təxminən 3 min nəfər insan dünyasını dəyişir və bütün bunlar bizi narahat edir. Olanlar onu göstərir ki, pandemiyanın yaxın günlərdə sona çatmaq niyyəti yoxdur. Hər halda karantin qaydalarını ciddi şəkildə gözləməyə davam etməliyik”.