“Bizim məqsədyönlü siyasətimiz nəticəsində münaqişə, Qarabağın taleyi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Paradında çıxışı zamanı bildirib.
Prezident bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb:
“Eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində iqtisadiyyatımızı, ordumuzu gücləndirirdik.
Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İldən-ilə üstünlüyümüz özünü qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi”.
“Mən son 17 il ərzində demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, hərbi yollarla biz bu məsələni həll edəcəyik. 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitusiyamıza və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam.
Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu. Tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi”, - deyə İ.Əliyev qeyd edib.