MilliTV.az
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.
Bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxışında deyib.
Dövlət başçısı bildirib:
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başlamışdır. Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalmışdır. Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən istifadə etmişdir. Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etmişdir. Nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır.
Azərbaycan Ordusu bunun layiqli cavabını vermiş, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlamış və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etmişdir. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etmişdir. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilmişdir.
O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır.
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir".