“Grand Zava” MMC-nin direktoru Zahid Əlizadə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyinin mənəvi işgəncələrindən bezərək Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Surəti “Təzadlar” qəzeti redaksiyasına göndərilən şikayət-müraciəti oxuyandan sonra, sadəcə, dəhşətə gəldik. Ölkəmizdə belə bir mötəbər, ictimai güvənc yeri olmalı dövlət qurumunda ba. Verənlərə təəssüf hissi keçirdik... Və Zahid Əlizadəni redaksiyaya dəvət etdik. Sən demə, onun cənab Prezidentə ünvanladığı müraciət deyə bilmədiyi dərd-sərinin ondabiri imiş. Bu barədə az sonra...
***
“Təzadlar”ın Araşdırma Qrupu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində baş verənləri, bəzi rəhbər şəxslərin monopolistlərlə necə əlbirliyində olmasını araşdırmaqdadır. Hələlik isə, gənc sahibkar Zahid Əlizadənin Prezident İlham Əliyevə müraciətini təqdim edirik:
Çox hörmətli cənab Prezident!
Diqqətinizə çatdırıram ki, təsis etdiyim "Grand Zava” MMC 5 il əvvəl yaranıb. Şirkət mövcud qanunvericiliyə uyğun olaraq, qəbul olunan sifariş əsasında əhalidən qəbul etdiyi qızıl məmulatlarını müvəqqəti ixrac gömrük proseduru altında xaricdə emala aparırdı. Həmin qızıldan xaricdə qızıl-zinət əşyaları olan zərgərlik məmulatları hazırlanandan sonra ölkəyə gətirilirdi. Cənab Prezident, biz bu yola Sizin sahibkarlara çağırışınızdan sonra çıxmışıq. Məqsədimiz ölkədə sürətlə inkişaf edən iqtisadiyyatda bir sahibkar olaraq iştirak etmək, dövlətin güclənməsi üçün büdcəyə dövlət ödəniş və rüsumlarını ödəmək, xarici valyutanın ölkədən çıxışının azaldılması, yerli xammaldan istifadə, yeni iş yerlərinin açılması, bunların fonunda az da olsa qazanc əldə etmək olmuşdur. Lakin təəssüflər olsun ki, Dövlət Gömrük Komitəsində olan bəzi məmurlara sahibkarlığın inkişafı qətiyyən maraqlı deyildir. Maraqlı olmaması bir kənara, onların yaratdığı süni əngəllər canımızı boğazımıza yığmışdır. Onların hansı məqsədlərə qulluq etməsi bizə məlum deyil. Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları öz xidmtlərini sahibkarları borclandırmaqda, məhv etməkdə, onların fəaliyyətini heçə endirməkdə, müflis etməkdə görürlər. Orada olan başdan aşağı əksər məmurlar sahibkarı müflis etməkdən sanki həzz alırlar.
İndi isə əsas gömrük orqanının rəhbəri olduğum şirkətin başına açdığı oyun barədə: belə ki, xaricdə emal gömrük əməliyyatları həyata keçiriləndən bir ildən artıq müddət keçəndən sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən 15.09.2017- ci il tarixində şirkətə hədə-qorxu dolu məktub daxil oldu. Məktubda şirkətin sən demə, gömrüyə yüz min manatdan artıq borcunun yarandığı və qısa zamanda borcun ödənilməsi, əks təqdirdə müəssisə direktorunun həbs ediləcəyi və cinayət məsuliyyətinə cəlb olunacağı yazılmışdı. İşimizi qanuni şəkildə gördüyümüzdən bunu texniki anlaşılmazlıq kimi qəbul etdik. Sonra Baş İdarədən deyilən borcla bağlı qərar təqdim etmələrini xahiş etdik. Uzun çək-çevirdən sonra bizə aydın oldu ki, sən demə, Baş İdarə heç bir qərar, akt qəbul etmədən yalnız möhürsüz məktub əsasında bizdən bu borcu əlbəəl tələb edir.
Vəziyyət düşündürücü idi. Nəhayət, bizə verilən rəsmi cavab məktublarından birini Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov imzalamışdır. Cənab Vahabov aydın şəkildə etiraf edir ki, bizə yazılan (elan edilən) 100 min manatdan artıq aksiz vergisi gömrük əməkdaşlarının səhvi üzündən 2016-2017-ci illərdə hesablanmamışdır. Axı bu necə ola bilər ki, üstündən bir ildən çox vaxt ötəndən sonra Dövlət Gömrük Komitəsi rəhbərliyinin yadına düşüb ki, "Grand Zava” MMC-nin xaricdə təkrar emala cəlb edib ölkəyə gətirdiyi qızıl məmulatlarına aksiz vergi tətbiq edilməliymiş. Üstəlik, cənab Vahabov bu barədə Nazirlər Kabinetinin 06 fevral 2014-cü il tarixli, 34 saylı qərarının 9.4-cü bəndini əsas tutur, yazır, xatırladır. Ən maraqlısı, Baş İdarə rəhbərliyinin əlində heç bir qərar olmadan, borcun yaranmasının hüquqi-iqtisadi əsasını göstərmədən. Onlar borcun yaranma səbəbinə gəldikdə isə belə əsaslandırırlar ki, qızıl təkrar idxal olunan zaman tutulmalı olan aksiz vergisi hesablanmayıb. Bu səbəbdən də borc yaranıb.
Lakin maraqlı bir haşiyəyə çıxım. Dəfələrlə olub ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları bir hərif səhvinə görə, gömrük bəyannamələrini geri qaytarıblar. Amma necə ola bilər ki, bu qədər hesablanmalı olan aksizi görməyiblər? Maraqlıdır, bu insanlar onda hansı bacarıqları sayəsində bu vəzifələrdə əyləşiblər? Bunları özlərinin keşiyində durduqları qanundan xəbərləri yoxdursa. Və təəssüflər olsun, belə məmurların sayəsində dövlətə və sahibkara külli miqdarda ziyan dəyir.
Cənab Prezident!
Bu arada bir məsələni də xatırladım ki, Sizin sərəncamınızla 2018-ci ilin dekabr ayına kimi gömrük auditi və yoxlaması qadağan olunmuşdur. Söhbət sahibkarlıq sahəsində əsassız yoxlamaların dayandırlmasından gedir.
Beləliklə, Dövlət Gömrük Komitəsi aksiz vergisi borcunun olması barədə bizə rəsmi əsaslandırılmış qərarı təqdim etmədiyindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz sayılması barədə 23.11.2017-ci il tarixdə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etdik. Uzun sürən məhkəmə çəkişməsindən sonra hakim Etibar Mustafayev məktubun şirkət üçün hüquqi öhdəlik yaratmadığı qənaətinə gələrək iddiamızı baxılmamış saxladı. Lakin Azərbaycan qanunvericiliyinin tələbinə əsasən, öhdəlik və borclandırma yaradan tələblər məhkəmədə baxılmalıdır. Bu səbəbdən həmin qərardan apellyasiya şikayəti verdik. Bakı Apellyasiya Məhkəmsi də 2 saylı İnzibati-İqtisadi Məhkəmənin iddiaya baxılmama haqqında qərarını qüvvədə saxladı. Sonra bu qərardan da Ali Məhkəməyə müraciət etdik. Ali Məhkəmə qanunvericiliyin tələbini əsas tutaraq mübahisəyə məhkəmədə baxılmalı olması barədə qərar qəbul etdi. İnzibati iş əvvəlcə apelyasiyaya, oradan isə yenidən 2 saylı İnzibati-İqtisadi Məhkəməyə göndərildi. Hakim Etibar Mustafayev bu dəfə iddiamızı təmin etdi. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz olması barədə qərar çıxardı. Qarşı tərəf bu qərardan şikayət verdi, Bakı Apellyasiya Məhkəmsi də həmin qərarı qüvvədə saxladı. Ən maraqlısı, Bakı Apellyasiya Məhkəməsində hakim Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsindən borcun yaranması ilə bağlı rəsmi sənədi tələb etdi. HNBGİ-nin əməkdaşı, təhqiqat şöbəsinin rəisi Elxan adlı şəxs guya borcun yaranmasına səbəb olan audit sənədini gətirdi. Həmin sənəddən isə bəlli oldu ki, audit yoxlaması zamanı şirkətin bəyannamə ilə bağlı heç bir qanun pozuntusu yoxdur (sənədi təqdim edirəm). Məhz bu səbəbdən də məhkəmə HNBGİ-nin hərəkətlərinin qanunsuz sayılması barədə qərarı dəyişdirmədən qüvvədə saxladı.
“Bu işə 9 hakim sədr olmaqla, ümumilikdə 20 hakim baxıb...”
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində nə baş verir?
Bu qərar Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəhbərliyini havalandırdı, çıxılmaz vəziyyətə saldı. Sən demə, müsibətli işlər qarşıda imiş. Belə ki, acığa düşən gömrük məmurları Ali Məhkəmədə işini görməyə başladı. Hakim İlqar Dadaşov əsassız və qanunsuz olaraq prosesləri təxirə salıb guya gömrüyə sənəd təqdim etmək üçün vaxt verirdi. Lakin məhkəmə prosesində heç bir sənəd təqdim olunmadı. Sonda hakim süründürməçiliyi işini gördü. Ali Məhkəmə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz sayılması barədə 2 saylı İnzibati-İqtisadi və Apellyasiya məhkəmlərinin qərarlarını ləğv edib işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Hər dəfə gömrüyə sənəd təqdim etməsi üçün vaxt verməklə məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində düz 7 ay davam etdi. Yenə də məhkəmə prosesində heç bir sənəd təqdim edilmədi.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində nə baş verir?
Axı bu məmurlar niyə bizi süründürməkdən həzz alırdılar, bilmirəm. Amma sonda naməlum “sənəd” sayəsində hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar ləğv edildi. Gömrük işi necə tapşırılmışdısa, bu məhkəmədə də artıq ad çıxarmış hakim Aidə Hüseynin prosesin sonunda səsləndirdiyi qərarı əvvəldən bilmək olurdu. Femidanın gözünün bağlı olmasında istifadə edildi. Femidanın gözləri qara qüvvənin əlləri ilə bağlandı.
Cənab Prezident! 2017-ci ilin noyabr ayından başlayan məhkəmə çəkişməsi 2021-ci ilin mart ayıdır, hələ də davam edir. Bu işə 9 hakim sədr, ümumilikdə 20 hakim baxıb. Görünən odur ki, hələ yenə baxılacaq bu işə və hakimlərin sayının artması davam edəcək. Burada bir atalar sözü yada düşür: “Bir dəli quyuya daş atdı, min ağıllı onu çıxara bilmədi”. İndi də gömrük orqanı bir daşı atıb quyuya. Hakimlərin sayının 1000 olmasınımı gözləməliyik? Niyə? Sadəcə məhkəmə gömrüyə gözünün üstə qaşın var deyə bilmir. Ədalət evində şeytan zəfər çalır. Sahibkar qatilləri məhkəmə zalını üzü gülərək tərk edir.
Ulu Öndər Heydər Əliyevin bir məhşur deyimi xatırlanır. Ali Məhkəmənin divarlarında da yazılıb bu kəlmə. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə!”. Hakimlər gömrük orqanının xətrinə dəyməmək üçün özü-öz qərarlarını ləğv edir. Proses boyu gedən çəkişmə ilə sonda qəbul edilən qərar arasında yerlə göy qədər fərq olur. Sanki qərarı prosesi aparan hakim deyil, başqa biri yazır, o da sadəcə səsləndirir. Məhkəmələr, sanki vətəndaşı, sahibkarı məcbur edir ki, axtardığınız qanunçuluq- ədalət burada yoxdur, gedin Avropa Məhkəməsində axtarın. Bu isə dövlətin imicinə ziyandır. Hər mübahisənin sonu, qanunla qorunan hüquq və mənafeyimizi hakimlər əsassız yerə, şəxsi maraqları naminə Azərbaycanda tükəndirir ki, Avropa Məhkəməsinə müraciət edilsin.
Cənab Prezident!
Görünən odur ki, bizim Azərbaycanda yaratdığımız yeni bu sahə qızıl iqtisadiyyatının kölgədən çıxmasına bir təkan oldu. Çünki bizdən sonra eyni istiqamətli bir neçə şirkət yarandı. HNBGİ-də bizə məktub göndərəndən sonra rəqib şirkətlərə ““Grand Zava”nın gömrüklə problemləri var, onun malları müsadirə ediləcək” deyiblər. Rəqib şirkətlər də bunu qızıl bazarında yayaraq şirkətin işini iflic etdilər. Gömrük Komitəsinin qanunsuz tələbi bir yana, qanunsuz tələbi barədə kommersiya sirrini də yaydı. Qızıl sahəsinin kölgədən çıxışı monopolistlərin marağına zidd idi. Və bütün şirkətə qarşı qərəzli münasibətin və sifarişlərin arxasında həmin monopolistlər, illərlə büdcəyə bir qəpik ödəməyərək yüz milyonları yeyən işbazlar durur. Bu qara qüvvələrin əlləri çox uzundur. Şirkət artıq bunu hiss edir. Müxtəlif orqanlar vasitəsi ilə də bizə təsir və təzyiq göstərilir. Hətta həyati təhlükə də yaranıb. Bəli, bəlkə düşünülər ki, yüz minə görə, nə həyati təhlükə? Bildirim ki, söhbət monopoliya sisteminin məhv edilməsindən gedir. Yüz mindən yox. Şirkətin yaratdığı bu yeni növ fəaliyyət sahəsi nəticəsində dövlət büdcəsinə ümumilikdə milyonlarla ödəniş və rüsumlar ödənilib tərəfimizdən. Söhbət illərlə kölgədə qalan bir sahənin üzə çıxarılmasından gedir. Qızıl sahəsində isə monopoliyanın məhvindən. Bu səbəbdən də həmin qara qüvvələr hər şey edirlər.
Cənab prezident, Siz dəfələrlə çıxışlarınızda məmurlardan sahibkarları incitməmələrini tələb edibsiniz. Sahibkarın incidilməsi, müflis halına salınması vətənə xəyanətə bərabərdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əyləşən rəis-məmurlar özü dövlətə- dövlətçiliyə bir zərrə qədər xeyir vermir. Dövlət büdcəsindən ona məvacib verilir. Onlar isə öz çirkin məqsədləri üçün büdcəyə gedən pulların qarşısını alırlar. Aksizlə bağlı dövlətin siyasəti də bəllidir. Ölkəyə idxal olunan qızıl və zərgərlik məmulatlarında aksiz vergisi ləğv edilib. Biz sahibkarlar da dövlətin əsgəriyik. İqtisadiyyat sahəsində bir vətəndaş və ya sahibkar həyatı və işi üçün mübarizə aparmırsa, o diriykən ölü biridir. Belə şəxslərdən nə xalq, nə də dövlət xeyir görməz...
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu