Azərbaycanda korrupsiyada ən çox adı hallandırılan dövlət qurumlarından biri də Dövlət Gömrük Komitəsidir.
Dövlət Gömrük Komitəsinə 2018-ci ildə yeni sədr təyin olunmasına və strukturda bir sıra dəyişikliklər olmasına baxmayaraq, hələ də komitənin ünvanına səslənən iradlar, tənqidlər azalmayıb.
Ölkə başçısının "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 aprel 2018-ci il tarixli, 6 nömrəli Sərəncamına əsasən qurumun şəffaf olması, bu sahədə hesabatlılığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, korrupsiya və digər hüquqpozmaların qarşısının alınması məqsədilə həmin ilin may ayının 8-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi arasında memarandum imzalandı. Lakin bu memarandumun imzalanmasının üzərindən 2 ilə ötsə də, hələ də Gömrük Komitəsi şəffaf fəaliyyəti barədə ictimaiyyətə doğru-düzgün məlumat verə bilməyib.
Məlumata görə, komitənin rəhbər şəxslərinin böyük qismi isə Avropada və ölkədə biznes şəbəkələrini genişləndirməkdə davam edirlər.
Faktlarla, sənədlərlə təqdim olunan bu tip yazılara isə Gömrük Komitəsi tərəfindən rəsmi münasibət bildirilmir.
Maraqlıdır ki, indiyədək Gömrük Komitəsinin rəhbər şəxslərinin - sədr müavinlərinin, idarə rəislərinin adları korrupsiyada, dəyəri on milyonlarla ölçülən biznesdə hallandırılırdısa, indi aylıq məvacibləri hazırkı bazar sistemində normal dolanışığa ancaq yetərli olan idarə rəislərinin müavinlərinin də adı hallandırılır.
Arqument.az-a verilən məlumata görə, öz şəxsi biznesini yaradan məmurlardan biri də Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini Üveysi İsmayılovdur.
Məlumata görə, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini Üveysi İsmayılovun Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində 3 mərtəbəli obyekt inşa etdirir.
İdarə rəsinini müavinin inşa etdirdiyi obyektin ümumi sahəsinin 150 kvadrat metrdən artıq olduğu, obyektin ticarət mərkəzi kimi fəaliyyət göstərəcəyi deyilir.
Jurnalist Həbib Müntəzir yazır ki, Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun kürəkənidir. Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini olmaqla yanaşı, ölkədə mərmər monopoliyasına nəzarət edir.
Qardaşı Üzeyir İsmayılov Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəridir.
Aylıq vəzifə maaşı ümumilikdə 1300-1800 manat olan İdarə rəsinin 3 mərtəbəli ticarət mərkəzini hansı vəsaitlə tikdirdiyi artıq şübhə doğurmur.
Həmin obyektlə bağlı sənəd də əldə etmişik.
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Arqument.az-ın şifahi suallarını cavablandırmayıb.
Mayın 14-də göndərilən rəsmi sorğuya da sözügedən qurumlardan heç bir cavab verilməyib.