“Tədris müəssisələri uzun müddətə bağlanarsa, təhsil sistemi çox bərbad vəziyyətə düşə bilər”.
Bu sözləri Azərbaycanda koronavirusun Britaniya ştamı aşkarlanmasının təhsil sisteminə mümkün təsirlərini dəyərləndirən ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Ekspertin fikrincə, tədris prosesinə tətbiq olunan məhdudiyyətlər gələcəkdə ciddi fəsadlara yol açacaq:
“Britaniya ştamı artıq dünyanın bir sıra ölkələrində qeydə alınıb. Araşdırmaya görə, bu ştam daha ölümcül olduğu müəyyən edilib və həmin virusdan maksimum qorunmaq tələb olunur.
Bu baxımdan, məktəblərin yenidən bağlanması məsələsi gündəmə gələ bilər. İstənilən halda məktəblərin bağlanması və ənənəvi tədrisin dayandırılmasının əleyhinəyəm.
Məktəblərdə 14 günlük karantin rejimi tətbiq oluna və dərslər yenidən bərpa oluna bilər. Bu, optimal çıxış yoludur. Əgər tədris müəssisələri uzun müddətə bağlanarsa, təhsil sistemi iki il ərzində çox bərbad vəziyyətə düşəcək.
Həm ötən, həm də bu il şagirdlər normal səviyyədə təhsil ala bilməyib. Bu, cəmiyyət və dövlətin gələcəyi üçün müsbət nəticələr verməyəcək. Ona görə də yaxşı olardı ki, Operativ Qərargah və aidiyyatı qurumlar bu məqamları nəzərə alsın. Onsuz da tədris ilinin başa çatmasına cəmi ki ay yarım qalıb”.