30 ilə yaxın Ermənistanın nəzarətində olan Zəngəzur istiqamətindəki dövlət sərhədlərimizdə Azərbaycan əsgərlərinin yerləşməsi prosesi gedir. Nəticədə Qafan rayonunun bir sıra kəndlərinin bitişiyində Azərbaycan əsgərləri mövqe tutublar. Bu, döyüş mövqeyi yox, dövlət sərhədimizə nəzarət üçün mövqelərdir. Lakin ermənilər müşahidə olunan bu təbii prosesdən xoflanmağa başlayıblar. Onlar Qafanın Azərbaycana verildiyini, Azərbaycan əsgərlərinin buraya daxil olacağını bəyan edərək səs-küy salmaqdadırlar. “Qafan əldən gedir” - deyib şivən qoparırlar.
Bəs indiki reallıqda bu mümkünmü? Xankəndi, Xocalı, Ağdərə qalırkən, Qafan bizə geri qaytarıla bilərmi?
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ermənilər vay-şivən salmağı və özlərinin guya məzlum xalq olduğu rəyini yaratmağı sevəndirlər: “Onlar bu yaxınlarda Zəngəzurun bütövlükdə Azərbaycana veriləcəyini bəyan edirdilər. Baş nazir Nikol Paşinyanı bu əraziləri Azərbaycana satmaqda ittiham edirlər. Yerli KİV-ə müsahibəsində erməni general-mayor Arkadi Tadevosyan bəyan etmişdi ki, əgər Paşinyan hakimiyyətdə qalsa, Zəngəzur tezliklə Azərbaycanın nəzarətinə keçəcək. İndi isə ”Azərbaycan Ordusu Qafanı ələ keçirir" hay-küyünü edirlər. Əvvəla, Qafan rayonu Zəngəzur mahalına daxil olan rayonlardan biridir. Zəngəzur tarixi sahibi olan Azərbaycana qaytarılsa təbii ki, avtomatik olaraq Qafan da qaytarılmış olur. Ancaq bəllidir ki, ermənilər öz şakərlərinə uyğun olaraq məsələləri şişirdib vay-şivən salırlar. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın da tələblərinə uyğun olaraq Azərbaycan öz dövlət sərhədlərini bərpa edir. Uzun illər Qafan rayonu istiqamətində olan sərhədlərimiz ermənilərin işğalında olub. İndi həmin sərhədlərimizdə əsgərlərimiz yerləşir. Bu zaman sərhəd keçid məntəqələrinin Qafan rayonun bəzi kəndlərinin yaxınlığında, başının üstündə qurulması halları baş verir və bu da təbiidir. İndi ermənilər görünür bundan xoflanırlar. Bizim əsgərlərin sərhədlərimizdə yerləşməsindən o kəndlərdə yaşayan ermənilərin xoşu gəlmirsə, köçüb gedə bilərlər. Ermənilər bundan xoşlanmırsa, narahat olurlarsa biz sərhədimizdə əsgər yerləşdirməməliyik? Digər tərəfdən, sərhədlər SSRİ dağılan zaman mövcud olmuş sərhədlərdir. Əslində Zəngəzur mahalı, o cümlədən Qafan tarixi Azərbaycan torpaqlarıdır. Sovet hökuməti bu əraziləri ədalətsiz və qanunsuz olaraq Azərbaycandan qoparıb qondarma Ermənistan dövlətinin ərazisinə daxil etmişdi. Zəngəzur Azərbaycan xalqının qədim torpaqları, ən qədim yaşayış məskənlərindən biri olub. Zəngəzuru Ermənistana sovet hökuməti 1920-ci il noyabrın 30-da verib. Bu barədə verilən qərarda Zəngəzur bölgəsi 2 yerə bölünürdü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-in tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. Qafan da Ermənistana verilən hissəyə daxil idi. Sovet hökumətinin bu hərəkəti işğalçılıq idi. Bu baxımdan Azərbaycanın haqqı çatır ki, tarixi ədalətin bərpa olunması məsələsini istənilən vaxt qaldırsın".
Qabil Hüseynli onu da dedi ki, Azərbaycan Zəngəzurdan deportasiya olunan azərbaycanlıların tarixi vətənlərinə qaytarılması məsələsini də qaldırmaq haqqına sahibdir: “1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan yüz minlərlə azərbaycanlı dədə-baba yurdlarından qovuldu. Şübhəsiz ki, bütün bu faktlar Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu göstərir. Lakin məsələyə hazırkı beynəlxalq hüquq normaları çərçivəsində yanaşdıqda görürük ki, beynəlxalq hüquq normalarına əsasən Ermənistanın sərhədləri daxilində olan ərazisi sayılır. Beynəlxalq hüquqa görə dövlətlərin sərhədləri-xüsusilə SSRİ-nin tərkibində olmuş respublikalar SSRİ dağıldıqdan sonra hansı sərhədlərlə BMT-yə üzv qəbul olunublarsa, həmin sərhədləri beynəlxalq hüquqla qəbul edilir və o sərhədlərin dəyişdirilməsi beynəlxalq hüquqla qadağan edilir. Bu baxımdan təəssüf ki, tarixi Azərbaycan torpağı olan Qafan Ermənistanın yuridiksiyasına aid ərazi kimi təsdiq olunub. Biz hələ ki Zəngəzur mahalına aid Mehri rayonunun ərazisindən dəmir yolu və şose yolunun Naxçıvana və Azərbaycanın əsas hissəsinə çəkilməsi istiqamətində addımlar atılmasına tərəfdar çıxırıq.
Zəngəzur, həmçinin Qafan sovet hökuməti tərəfindən alınıb ermənilərə verilibsə, müəyyən bir tarixi şəraitdə həmin torpaqları Azərbaycanın özünə qaytara da bilər. Amma bunun çox yaxın vaxtda həyata keçəcəyini də söyləmək olmaz. Hazırda Azərbaycan Ermənistana qarşı hər hansı bir torpaq iddiası irəli sürmür. Azərbaycan Zəngəzurdan və hazırda Ermənistan ərazisi olan digər tarixi Azərbaycan torpaqlarından deportasiya edilmiş 300 min azərbaycanlının geriyə qaytarılması və onlara muxtariyyət verilməsini tələb etmək hüququna malikdir. İndi biz Zəngəzurdan və digər tarixi Azərbaycan torpaqlarından çıxarılan azərbaycanlıların geriyə qaytarılması və onlara muxtar qurum səlahiyyətlərinin verilməsini qaldıra bilərik. Çünki bu həm də beynəlxalq hüquqa zidd deyil. Azərbaycan bu məsələ uğrunda mübarizə apara bilər".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Qafan, bütövlükdə Zəngəzur hökmən Azərbaycanın nəzarətinə qayıdacaq, tarixi ədalət bərpa olunacaq: “Bu ərazilər ötən əsrin 20-ci illərində heç bir əsas olmadan rus-sovet rəhbərliyinin ədalətsiz qərarı ilə Azərbaycandan qoparılıb Ermənistana verilmişdi. İndi torpaqlarımızı geri almalıyıq. Ermənilər də bunu başa düşürlər, ona görə də hay-küy salırlar. Amma hay-küy salmalarının xeyri yoxdur, Azərbaycan öz gücünü göstərib, bu gücün qarşısında onlar heç nə edə bilməyəcəklər. Bunu nə qədər tez etsələr, özləri üçün də yaxşı olar”.
“Yeni Müsavat”