Ermənistan liderlərinin Şuşanın işğal tarixinin ildönümünü qeyd etmək üçün hər il Qarabağa gələrək, müxtəlif mərasimlərə qatılmaları artıq protokol normasına çevrilib. Təbii ki, Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərində sərbəst və nümayişkar hərəkəti cəmiyyətdə kəskin reaksiyalar doğurur, onları Qarabağa gətirən təyyarə və helikopterlərin vurulmasına çağırışlar edilir.
Əslində, Azərbaycan illər öncə bu istiqamətdə zəruri tədbirlər görüb və məhz bunun nəticəsində işğalçı ölkənin sabiq prezidenti Serj Sərkisyan Qarabağa hər istədiyində rahatlıqla gələ bilməyib.
Bu barədə Yenicag.az-a danışan Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı, general-mayor Altay Mehdiyev o vaxt görülmüş tədbirlər sayəsində Sarkisyanın Qarabağa hava nəqliyyatı vasitəsilə gəlişinə imkan verilmədiyini deyib:
“Ermənilər o zaman Xocalı aeroportunun açılışını etmək istədilər. Biz onlara imkan vermədik. Əgər o aeroportda ucuş baş tutsaydı, biz onlara böyük problemlər yaradacaqdıq. Ona görə də düşmən bu plandan imtina etmək məcburiyyətində qaldı”.
Həmin dövrdə HHQ-də xidmət edən Hərbi Polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirib ki, keçmiş müdafiə naziri Səfər Əbiyev Ermənistan prezidentini Qarabağa gətirən istənilən hava nəqliyyatının vurulmasını əmr etmişdi:
“Ermənistanın prezidenti Xocalı aeroportunun açılışında iştirak etmək üçün oraya gəlməliydi. Nazir Səfər Əbiyev əmr verdi ki, düşmən ölkənin prezidenti Qarabağa təyyarə ilə gələrsə, dərhal vurulsun.
Artiq hesablama qrupu müvafiq hazırlıq işlərini həyata keçirmişdi, zəruri texnika da lazımi məsafədə yerləşdirilmişdi. Əgər Sərkisyan Qarabağa təyyarə ilə gəlsəydi, bizim “Nasosnı” aerodromundan qalxan qırıcımız düşmən təyyarəsini raketlə vuracaqdı.
Hesablamaya görə, Sərkisyanı gətirən təyyarə Xankəndi aerodromunda dövrə vuraraq, enən zaman vurulmali idi. Hətta zərbənin dəqiq olması üşün 60 kilometr məsafədəki hədəfi vura bilən raket seçilmişdi.
Lakin Sərkisyanın olduğu təyyarənin heyəti bizim hava hücumundan müdafiə sistemlərimizin döyül hazırlığı vəziyyətinə gətirildiyini müəyyənləşdirərək, geriyə istiqamət götürdü. Ancaq indi Ermənistandan qalxan təyyarə və helikopterlər istədikləri vaxt Qarabağa uçuş həyata keçirirlər”.
Bu aktual məsələni araşdıran “Azerdefence” jurnalının baş redakotu Rəşad Süleymanov da vaxtilə Ermənistandan Qarabağa uçan təyyarə və helikopterlərin vurulması haqda əmr verildiyini təsdiqləyib:
“Əldə etdiyim məlumata görə, 2010-cu ildə ermənilər Xocalı aeroportunun açılışını etmək istəyəndə, Səfər Əbiyev Hava Hücumundan Müdafiə (HHM) qoşunlarımıza Sərkisyanın təyyarəsi də daxil olmaqla, Qarabağa uçan bütün təyyarə və helikopterləri vurmaq göstərişi verib.
2010, 2011 (Sərkisyanın açılış mərasiminə şəxsən gələcəyi barədə açıqlaması vardı) və 2012-ci illərdə HHM qoşunları bununla bağlı hesablamalar aparıb, texnikalar atəş nöqtələrinə çıxarılıb. Hətta Sərkisyanın birinci uçuş cəhdində “Nasosnı”dan qalxan təyyarəmiz (pilotun kimliyini də bilirik) və Qarabağ cəbhəsindəki HHM sistemimiz onu vurmaq üçün hazır olub.
Ermənilər özləri də etiraf eləmişdilər ki, Azərbaycan zenit-raket kompleksinin onlara tərəf tuşlandığını aşkarlayan Ermənistan prezidentinin təyyarəsi dövlət sərhədinə 30 kilometr qalmış geri dönməyə məcbur olub.
Qeyd edim ki, həmin vaxt Mülki Aviasiya Administrasiyası da işğal altındakı ərazilərimizin hava məkanının qapadıması üçün zəruri olan daxili və beynəlxalq prosedurları hazırlayaraq, o sənədlərin İCAO və ECAC səviyyəsində qəbuluna nail olub.
2016-cı ilin aprel ayının 4 və ya 5-də ermənilər Minsk Qrupu həmsədrlərinin Xankəndində olmasından istifadə edərək, Xocalı aeroportuna İrəvandan Su-25 təyyarələrini gətirmək istəyirdi. Onda da aeroportun uçuş-eniş zolağı və texniki xidmət mərkəzi Dövlət Sərhəd Xidməti tərəfindən “Harop”la vuruldu və düşmən bu planını reallaşdıra bilmədi”.