Axtarış...

"Öldürən peyvənd"in Azərbaycana gətirilməsi dayandırılacaq? - Qurumlar yenə ötür-ötür oyununda...

"Öldürən peyvənd"in Azərbaycana gətirilməsi dayandırılacaq? - Qurumlar yenə ötür-ötür oyununda...
İngiltərə-İsveç şirkətinin məhsulu olan “Astra Zeneca” peyvəndi ilə bağlı suallar artır.

Bir çox ölkələrdə bu peyvənd vasitəsilə vaksinasiya olunan şəxslərdə qan laxtalanması və ölüm halları yaşanır. Bu səbəblə də artıq ölkələr sözügedən peyvənddən istifadəni ya tamamilə, ya da müvəqqəti dayandırıb.

Qeyd edək ki, ötən həftə Avstriyada "AstraZeneca" peyvəndinin tibb bacısının ölümünə səbəb olub. Eyni zamanda, hökumət başqa bir xəstəyə peyvəndin ilk dozası vurulduqdan sonra ağciyərində laxtalanma yarandığı ilə bağlı xəbər yayıb.

Eyni hal Estoniyada və Cənubi Koreyada da yaşanıb. Estoniyada 1, Cənubi Koreyada 7 nəfər "AstraZeneca" peyvəndi ilə vaksinləndikdən sonra həyatını itirib.

Latviya, Almaniya, Fransa, İtaliya, Kipr və Sloveniya bu peyvənddən istifadəni dayandırmaq qərarını elan edib. Peyvəndin müvəqqəti istifadəsini dayandıran ölkələr isə Danimarka, Norveç, İslandiya, Avstriya, Rumıniya, Bolqarıstan, Tayland, İrlandiyadır.

Məlumat üçün bildirək ki, Azərbaycana da sözügedən peyvəndin gətirilməsi barədə qərar var.

Azərbaycanda indiyə qədər Çin istehsalı olan peyvənddən istifadə olunsa da, ölkəmizə “AstraZeneca" peyvəndi də gətiriləcək. Bu barədə sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

Sərəncamda deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “GAVİ ALLİANCE” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli sazişə əsasən İsveç Krallığının “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək.

İnsanların həyati təhlükəsini və digər ölkələrdəki qeyri-effektiv nəticəni nəzərə alaraq, Azərbaycan da bu peyvəndin gətirilməsini dayandıra bilərmi?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, bu, TƏBİB-in səlahiyyətindədir.

TƏBİB isə sorğumuza cavab olaraq sözügedən məsələnin Operativ Qərargahın nəzarətində olduğunu qeyd edib.

Məsələ ilə bağlı Operatov Qərargahın mətbuat katibi İbrahim Məmmədovla əlaqə saxlasaq da, suala cavab almaq cəhdlərimiz baş tutmayıb.

Göründüyü kimi, bu məsələni bütün aidiyyəti qurumlar bir-birinin üzərinə ataraq məsələdən yayınırlar. Alınan peyvəndin digər ölkələrdəki kimi Azərbaycanda da qeyri-effektiv nəticə verməsi gözləniləndir. Bu peyvənddən həm ölüm halları, həm də orqanizm üçün xoş olmayan hallar yaşana bilər. İstənilən halda məsələnin ciddiyyətini və insanların həyati təhlükəsini nəzərə alaraq peyvəndin idxalı məsələsinə bir daha baxılması mümkündür.
Text-to-Speech

DİNLƏ






Şərh yaz