“Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti indiki şərtlər daxilində davam edəcəksə, birbaşa Ermənitanla bu istiqamətdə işləri həyata keçiricəklərsə, Azərbaycan iki ildən sonra sülhməramlı qüvvələrin çıxarılmasını tələb edə bilər”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsəsdullazadə səsləndirib. O bildirib ki, Laçın dəhlizi ilə bağlı mürəkkəb vəziyyət yaranıb: “Bu dəhliz vasitəsi ilə Ermənistan rəsmilərinin Qarabağa girişi və silhahlı erməni birləşmələrinin lojistikası, həmçinin canlı qüvvə ilə təminatı həyata keçirilir. Bu, 10 noyabr razılaşmasına zidd olaraq sülhməramlı qüvvələr tərəfindən pozulur. Rusiya tərəfi demək olar ki, bəyannamədəki əsas maddələrin yerinə yetirilməsini təmin etmir. Artıq bura kommunikasiyaların açılmasını da qeyd etmək olar. Naxçıvanla Azərbaycanın birbaşa əlaqəsini təmin edən “Mehri” dəhlizi ilə bağlı danışıqlardan İrəvan yayınır. Bu, Ermənistan daxilində siyasi proseslərdən qaynaqlanır”.
Politoloqun sözlərinə görə, Ermənistan daxilində gərgin vəziyyətə görə kommunikasiyalar açılmırsa, Koçaryan və Sarkisyan tandemi hakimiyyətə gələrsə, 10 noyabr razılaşması tamamilə pozula bilər: “Əgər Rusiya bu məsələləri həll etmirsə, demək revanşistlər hakimiyyəti qəsb etsələr, tamamilə 10 noyabr və 11 Yanvar razılaşmalarının Ermənistan tərəfindən pozulmasına seyrçi qalacaq. Ona görə də birmənalı olaraq Azərbaycan artıq növbəti ildən Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasını tələb etməlidir. Azərbaycan, Türkiyə və Pakistanla hərbi ittifaq yaratmaqla Moskvanın bütün təzyiqlərini neytrallaşdıracaq. Prezident İlham Əliyev Sülhməramlıların fəaliyyətindən narazılığını bir neçə dəfə elan etməklə, onların çıxarılmasına zəmin yaradır”.