Axtarış...

ABŞ Dövlət katibindən erməni separtizminə açıq dəstək - Qarabağdakı ermənilərə müstəqillik tələb edilə bilər

ABŞ Dövlət katibindən erməni separtizminə açıq dəstək - Qarabağdakı ermənilərə müstəqillik tələb edilə bilər
“ABŞ prezidenti Cozef Baydenin Qarabağ məsələsində Azərbaycana təzyiq edəcəyi gözlənilir. Xüsusilə, dövlət katibi Blinkenin “Azadlığa Dəstək” Aktı olan "907-ci" düzəlişə uyğun olaraq sanksiyaları bərpa edəcəyi mümkün ola bilər. Bayden administrasiyası erməni lobbisi ilə sıx əməkdaşlıq edir. Onun Qarabağda "status" məsələsini qaldırması və Azərbaycana təzyiqlər edərək siyasi münasibətlərin pozulmasına gətirə biləcək addımlar atması regionda Vaşinqtonun mövqeyini zəiflədəcək və ümumiyyətlə, Qarabağ üzərindən Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdləri fiaskoya uğrayacaq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Antoni Blinkenin Ermənistanın təhlükəsizliyi və Qarabağ məsələsi ilə bağlı açıqlamaları göstərir ki, qarşı tərəfə maliyyə yardımı birbaşa erməni separtizminə açıq dəstəkdir:

“Bununla da Ermənistanla Azərbaycan arasında mümkün əlaqələrin normallaşdırılmasının qarşısını ala bilər. Çünki Vaşinqton "status" məsələsini ortaya atacaq və Yerevana prosesdə dəstək verəcəksə, Azərbaycan və Türkiyə ilə əlaqələrə zərbə vurmaqla yanaşı, ABŞ-ın milli maraqlarını erməni lobbisinin maraqlarına satacaq. ABŞ rəsmilərinin açıqlamaları məhz bunu göstərir.

ABŞ-ın Cənubi Qafqaz strategiyası zəifləyib, bu addımı atmaqla bütövlükdə Gürcüstan siyasətinə də mənfi təsir edəcək. Artıq ABŞ-ın Qarabağ üzərindən Türkiyə və Azərbaycan kombinasiyasına təsiri müsbət effekt verməyəcək. Ermənistan rəhbərliyi Vaşinqtona arxalanıb Azərbaycana təzyiqlərin ediləcəyi təqdirdə hər hansısa bir güzəşt əldə etmələri mümkün deyil. Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin olması, Türkiyənin Azərbaycanda hərbi mövcudluğu Yerevan-Vaşinqton əməkdaşlığını indidən perspektivsiz edir”.

Ekspert vurğulayıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün indiki situasiyada hərbi əməliyyatlara başlasaydı, Vaşinqtonun ciddi sanksiyaları ilə üzləşəcəkdi:

“Deməli, bundan sonra Minsk qrupuna qayıtmaq və hər hansı bir status məsələsini müzakirə etmək Azərbaycanın əleyhinədir. Bayden administrasiyası birbaşa Qarabağdakı ermənilərə müstəqillik tələb edə bilər. Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ və Fransa siyasi cəhətdən Ermənistanı tam müdafiə edir. Azərbaycana qarşı əks mövqe tuturlar. ABŞ -Azərbaycan əlaqələri Barak Obama dövründə olduğu kimi davam edəcək. Əgər regionda Azərbaycanla əməkdaşlığa üstünlük verəcəklərsə, Mərkəzi Asiyada strateji siyasətini həyata keçirəcək. Əks təqdirdə regiondan indiki kimi uzaq duracaqlar. Qlobal siyasətin tərəfdarı olan Bayden ilk gündən erməni lobbisinin şıltaqlığına məruz qalmaqla, Cənubi Qafqaz siyasətini fiaskoya uğratmaqla, Rusiyanın mövqeyini gücləndirməyinə şərait yaradır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz