Azərbaycan, Ermənistan və Rusiya hökumətlərarası işçi qrupunun növbəti görüşü fevralın 8-də Moskvada keçiriləcək. Məlumata görə, 1 marta qədər kommunikasiyaların açılması ilə bağlı konkret tədbirlər planı üç ölkə liderlərinin masası üzərində olmalıdır.
Artıq Ermənistanın baş nazir Nikol Paşinyan Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağ üzrə işçi qrupun erməni tərəfdən nümayəndə heyətinin tərkibini təsdiqləyib. İndiyədək keçirilən görüşlərdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi heyət təmsil etsə də, hələlik Bakı növbəti görüşdə ölkəmizi təmsil edəcək rəsmilərin siyahısını açıqlamayıb.
Maraqlıdır, kommunikasiyaların açılması ilə bağlı konkret tədbirlər planının üç ölkə liderlərinin masası üzərində qoyulması barədə razılaşma 1 martadək reallaşa bilərmi? Revanşistlərin baş qaldırdığı dönəmdə ermənilər üçtərəfli anlaşmanı poza bilərmi? Üstəlik, hazırda Ermənistan daxilində gərginlik hökm sürür, fevralın ortalarında müxalifətin “istefa” tələbilə aksiyalara start veriləcək. Digər tərəfdən, Qarabağ klanı Rusiya ilə təmasları artırıb. Bu mənada dəhliz məsələsi və digər anlaşmaların 90-cı illərdə olduğu kimi, sual altına düşə biləcəyi ehtimalı haqda danışılır.
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a dedi ki, üçtərəfli razılaşmanın icrası ilə bağlı işçi qrupunda təmsil olunacaq Azərbaycanın dövlət qurumlarının nümayəndələri barədə ictimaiyyət məlumatlandırılacaq: “Azərbaycan tərəfi bu görüşə xüsusi önəm verir və ciddi hazırlıq işləri görür. Bu nümayəndə qrupunda aidiyyəti üzrə Azərbaycanın müxtəlif dövlət strukturlarının nümayəndələri təmsil olunacaq. Martın 1-nə kimi Azərbaycan görüşə tam hazır olacaq”. Millət vəkili qeyd etdi ki, bu gün Ermənistan daxilində qeyri-sabitlik hökm sürür: “Qarabağ klanı, xüsusilə Köçəryan yenidən hakimiyyətə gəlmək üçün ciddi cəhdlə çalışır. Bu baxımdan müəyyən narahatlıqlar var. Ermənilərin üçrərəfli anlaşmanı pozmaları məsələsinə gəldikdə hesab edirəm ki, poza bilməyəcəklər. Çünki anlaşmanın bəndlərinin həyata keçməsində Rusiya tərəfi də maraqlıdır. Prosesdə Türkiyə tərəfi də aktiv iştirak edir. Burada qlobal layihələrdən söhbət gedir. Ona görə hansısa ciddi narahatlığa ehtiyac yoxdur”.
İrəvan Mühacir Hökumətinin başqanı, politoloq Qafar Çaxmaqlı da ciddi narahatlığa ehtiyac görmür: “Ermənistanın bu məsələdə qabağa düşməsi göstərir ki, Paşinyan hakimiyyəti kommunikasiyarın açılmasında maraqlıdır, əslində onun başqa yolu da yoxdur. Bu mənada İrəvan götürdüyü öhdəliyi yerinə yetirməlidir. Paşinyan həm də bununla daxildəki proseslərə təsir etmək istəyir. Yolların açılmasına qarşı çıxan kimdir? Köçəryan-Sərkisyan -Tsarukyan üçlüyü və 17 radikal qanadı. Onların da əsas məqsədi Paşinyanı bu anlaşmada zor duruma soxmaqdır. Qarabağda aparılan təxribatçı fəaliyyətlərin müəllifləri də bu qrupdur. Zor yolu ilə Paşinyanı uzaqlaşdırmağa nail ola bilmirlər, belə bir cəhd çevriliş deməkdir. Ona getməyəcəklər. Onlar Paşinyanı istefa etməyə məcbur edəcəklər. Bu baş verərsə, kommunikasiyaların açılması ilə bağlı razılaşma təhlükəyə girə bilər”.
Q.Çaxmaqlının fikrincə, Köçəryanın Moskva səfəri də, ehtimal ki, bir məsələ ilə bağlıdır: “Planın masaya qoyulmasına mane olmaq və bu işi uzatmaq. Bir neçə gün əvvəl verdiyi müsahibədə kommunukasiya xəttlərinin açılmasının Ermənistana fayda verməyəcəyini səsləndirmişdi. Biz tədbirlər planını dərhal hazırlayıb təqdim etməliyik. Maraqlı ölkələri-İranla Türkiyəni də bu prosesə qoşmalıyıq. 44 günlük savaşın ən önəmli nəticələrindən biri budur, onun həyata keçirilməsi zəfərimizin bir həlqəsidir”.
Politoloq Məhəmməd Əsədullazadə isə “Yeni Müsavat”a dedi ki, yaradılmış üçtərəfli komissiya Azərbaycan və Ermənistan sərhədlərinin müəyyən edilməsi, Qarabağda infrastrukturun həyata keçirilməsi, kommunikasiyalarin açılmasını özündə ehtiva edir: “Hazırda işçi heyət kommunikasiyaların açılması üzərində çalışır və tərəflər konkret təkliflərini hazırlamalıdır. Birgə iclas Moskvada keçirilib və konkret nəticələr əldə edilməsi üçün iş aparılır. Ermənistan tərəfi işçi qrupunun tərkibini müəyyənləşdirdi. Azərbaycan hələ ki, bu haqda məlumat vermir. Ola bilər ki, tərkib təsdiq edilib və konkret təkliflərdə hazırlanıb. Əgər Azərbaycan bunu təsdiəyibsə, təbii ki, ictimaiyyətə açıqlama verilməlidir. Vaxt yaxınlaşır və bu məsələlər həll edilməlidir”.
M.Əsədullazadə qeyd etdi ki, kommunikasiyalarla bağlı razılaşma Azərbaycanın da maraqlarına uyğundur: “Çünki Mehri dəhlizinin açılması gündəmdədir. Ermənistanda siyasi vəziyyət mürəkkəb olaraq qalır. Ölkə seçkilərə gedir. Qarabağ klanı revanşa hazırlaşır. Robert Köçəryan çalışır ki, hakimiyyəti ələ alsın. Hazırkı prosesdə Ermənistan hakimiyyəti kommunikasiyaların açılmasinda maraqlıdır”. Ekspert hesab edir ki, prosesdə Rusiya və Türkiyənin olmasını nəzərə almaq lazımdır: “Əldə edilən razılaşmanı Ermənistan hakimiyyət poza bilməz. Bundan əlavə, Mehri dəhlizi Naxçıvana birbaşa yoldur və bu yolun açılması mütləqdir. Əgər Köcəryan və digərlərinin iştirakı ilə koalisiya hökuməti formalaşsa belə, onlar bu razılaşmaları poza bilməz, çünki Rusiya cavabdehlik daşıyır. Ona görə də Azərbaycan, Türkiyə və Rusiya bu məsələdə Ermənistanı güzəştə getməyə məcbur edəcək”. Politoloq hesab edir ki, Ermənistan daxilində ciddi etirazlar davam etsə də, bu, Paşinyanın devrilməsinə gətirməyəcək: “Ümumiyyətlə, Mehri dəhlizi Türkiyənin də marağındadır və ona görə də bununla bağlı məsələlər həll edilib. Ermənistan hakimiyyətinin 90-ci illərə qayıtmasına bu ölkənin vətəndaşları da imkan verməyəcək. Ermənistan hakimiyyəti praqmatik siyasət ortaya qoyub, bu kimi məsələləri həll etməyə çalışacaq. Məhz bu niyyətlə də Pasinyan birgə komissiyanın tərkibini təsdiqləyib”.
Heç şübhəsiz, kommunikasiyaların açılması həm də Ermənistanın dalandan çıxması deməkdir, bunu xalqın elementar problemlərinin həllində çətinlik çəkən səfil ölkənin rəhbərliyi də anlayır. Amma itaətsizlik göstərib hakimiyyəti devirmək üçün variantlar axtaran qüvvələr də hər vəcdlə əldə olunan anlaşmaları pozmağa cəhd göstərirlər. Gözləyək, görək bu dəfə necə, Ermənistan sonadək imzasının arxasında dayanacaqmı?