Sosial şəbəkə platformaları günümüzdə əsas reytinq aparatı hesab olunur.
Bütün ictimai-siyasi, sosial məsələlər məhz bu platforma üzərindən böyük kütlələrə çatdırılır. Əksər hallarda isə sosial şəbəkənin verdiyi bu geniş imkanlardan fərqli məqsədlər üçün istifadə olunur, bəziləri hədəfə gətirilir, bəziləri isə qəhrəmana çevrilir.
Günümüzdə sosial şəbəkələrin “qəhrəmanına” çevrilən siyasət adamları da kifayət qədər çoxdur. Bəziləri dedikləri sözlərə, bəziləri etdikləri hərəkətlərə, bəziləri isə ümumiyyətlə, heç nə etmədiklərinə görə sosial şəbəkənin gündəminə çevrilir. Belə “qəhrəmanlar”ın başında isə əsasən hökumət üzvləri-nazirlər, deputatlar, icra başçıları və digər kateqoriyadan olan məmurlar gəlir.
Cebhe.info sosial şəbəkənin “qəhrəmanına-ulduzuna” çevrilən sabiq və indiki məmurları, siyasətçiləri araşdırıb. Sosial şəbəkələrdə bir dönəmin əsas müzakirə mövzusuna çevrilən məsələ Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “qara maskalı”larının İcra Hakmiyyətlərinə çağrılmamış qonaq qismində getməsi oldu.
Bu “qonaqlıq” Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Yevlax İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun həbsinə, eyni zamanda sosial şəbəkənin gündəminə gətirdi. Pandemiya da bəzi məmurlar üçün “düşərli” oldu.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ötən ilin avqustunda karantin qaydalarını pozaraq nəvəsinə etdiyi toy məclisində iştirak edənlər “nəmər” əvəzinə cərimə ödəməli oldu.
Siyasi kuluarlarda bu “toyun səsi” hələ də eşidilir. Toydan sonra Ramiz Mehdiyev və “toy qonaqları” özlərinə təmizə çıxarmaq üçün bir-birini ittiham etdilər, bu gün də ara-ara məhkəmə hədələri ilə qarşılıqlı “salamlaşmalar” davam edir.
Toyda sağlıq deyən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, qol qaldırıb oynayan Ombudsman Səbinə Əliyeva, deputat, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov sosial şəbəkədə ən çox adı çəkilənlərdən oldu.
Siyavuş Novruzov sosial şəbəkənin əsl “ulduz” siyasətçilərindəndir. Onun səsləndirdiyi ifadələr, məsələn, son olaraq “suyun ölçü vahidi vedrədir” deməsi Siyavuş Novruzovu daim gündəmdə saxlayır.
Sosial şəbəkələri əyləncəli hala gətirən, məmur-vətəndaş münasibətlərinin “istiləşədirilməsinə” öz töhfəsini verənlərdən biri də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. Bir ayağı və qolu olmayan şəxsin əlliliyini ləğv edən, pensiyasını kəsən quruma rəhbərlik etmək asan olmasın gərək. Sahil Babayevin bu xidmətləri onu daim sosial şəbəkənin gündəmində saxlayır.
Nazirlərin “sosial şəbəkə qəhrəmanlıqları”na Səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB rəhbəri Ramin Bayramlı da xüsusi xidmət göstərənlərdəndir. Koronavirus pandemiyası başlayan gündən sosial şəbəkə Oqtay Şirəliyevin axtarışına çıxıb. Hələ də axtarışlar müsbət nəticələnməyib.
TƏBİB rəhbəri Ramin Bayramlı isə brifinqlərdə çıxışları ilə özündən söz etdirməyi bacarıb. Hələ də sosial şəbəkə platformalarını Ramin Bayramlı ilə bağlı hazırlanan “çəps”lər bəzəyir.
SOCAR prezidenti Rövnəq Abdullayev isə oğlunun İspaniyada oğurlatdığı 2 milyonluq saatı sosial şəbəkənin əsas müzakirə mövzusu oldu. Bu məsələ ilə bağlı hələ də sosial şəbəkə hesablarında, səhifələrdə paylaşımlar edilir.
Sosial şəbəkənin ulduzuna çevrilən məmurlardan biri də rəsmi vəzifəsi İqtisadiyyat naziri olan Mikayıl Cabbarovdur. Mikayıl Cabbarov daha çox bir sahələrə rəhbərlik etdiyi üçün sosial şəbəkənin gündəmində olan məmurlardan. Əvvəl Təhsil, ardında Vergilər naziri olan Mikayıl Cabbarov sonradan İqtisadiyyat naziri olaraq işləməyə başladı. Son işində isə vergi, əmlak və digər bir çox sahələr onun əmrinə verildi.
Sabiq məmurlar da sosial şəbəkə “ulduzu”na çevrilmək üçün əllərindən gələni əsirgəmirlər. Məsələn, son dönəmlər sabiq nazirlər Ziya Məmmədov “ferması”, Elmar Məmmədyarov “evdən işləməsi” ilə sosial şəbəkənin “ulduz”larına çevrildilər. Baş nazirin sabiq müavini, sabiq Bakı meri Hacıbala Abutalıbov da sosial şəbəkə istifadəçilərinin daim xatırlayacağı siyasətçilərdəndir.
Sosial şəbəkələrin hazırda da davam edən əsas müzakirələrindən biri isə bir sıra məmurların milyonluq bina sevdasına düşməsidir. Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmovun özünə 450 milyonluq bina tikdirməsi onu bir anının içində sosial şəbəkə “qəhrəmanı”na çevirdi.
Sosial şəbəkələrdə ən çox adı çəkilən qurum isə mübahisəsiz olaraq Tarif Şurasıdır. Tarif Şurasının “gecə sürprizləri” yenə də bu qurumun adını dillər əzbərinə çevirib. Aİ-92 benzinin və dizel yanacağının, suyun qiymətini bahalaşdıran Tarif Şurası bu gün sosial şəbəkənin “qəhrəman qurumu” ünvanını qoruyub saxlayır.
Hazırda isə sosial şəbəkələrdə ən çox ölkənin nəqliyyat sistemi müzakirə olunur. Paytaxtda uzun tıxacların yaranması və bu problemə bir çarə tapılmaması “Bakı Nəqliyyat Agentliyi” həştəqi ilə yazılan statusların sayını artırdı. Bu fonda Bakı Metropoliteninin də qapalı olması insanların gediş-gəlişini sözün həqiqi mənasında zülmə çevirdi.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bağlanan Bakı Metropoliteninin nə zaman qapılarını insanların üzünə açacağı bəlli deyil. Operativ Qərargah isə pandemiya dönəminin əsas sosial şəbəkə “qəhrəmanlarıdır”. İstər verdiyi qərarlarla, istərsə də fəaliyyəti ilə bu qurum özündən söz etdirməyi “bacardı”.