İllərdir Mingəçevirdə Şəhid və Qazi ailələrinə, o cümlədən, sonuncu Vətən Müharibəsində ordumuza könüllü dəstək olan Əli Muradov "Unibank”dan şikayətçidir.
Valyuta.Az-a danışan Ə.Muradov qeyd edir ki, 2015-ci il tarixdə "Unibank” Mingəçevir şəhər filialından 29 min dollar, o vaxtkı məzənnə ilə 22300 manat kredit götürüb:
"Pulu, qaldığım evi girov qoyaraq götürdüm. Bundan sonra ölkədə iki dəfə devalvasiya oldu. Bu günə qədər mən "Unibank” Mingəçevir şəhər filialına 27 min manat ödəmişəm. Sonra bank mənə təklif etdi ki, 27 min manatdan əlavə 42 min manat da ödəməlisən, bunun üstünə də 17-18 min əlavə faiz gələcək. Sonra bank hərrac yolu ilə, 42 min manata görə mənim evimi 26 min manat dəyərləndirib, alıb.
Atam bu problemə görə yaddaşını itirdi, ağır xəstəliyə düşdü, rəhmətə getdi. Anam da onun kimi, xəstədir, qorxur ki, bank evdən çıxardacaq. Bu borcu mən ölənə qədər də versəm, bitirə bilmərəm. Son 1 ili də pandemiyada olmuşuq, mən kiçik sahibkaram, işçilərim var, dövlətə vergi verirəm. 22300 manata görə 27000 manat ödəmişəm, lap 42 min manat deyir, onu da qrafikə salıb ödəyərəm, ayda 500 manat, təki Vətən sağ olsun. Amma bu rəsmən soyğunçuluqdu, bir sahibkarın məhv edilməsidir. Bank da, bu qədər artıq pul tələblərindən əlavə 7-8 min də hərrac pulu istəyir. Bununla bağlı sahibkarların dostu, Cənab Prezidentə şikayət edəcəm deyirəm, bank əməkdaşları deyir ki, biz yuxarıda elə bir adamlara tabeyik ki, uduzan sən olacaqsan, peşman olacaqsan. İndi çox acınacaqlı vəziyyətdəyəm.
Artıq çıxış yolum yoxdur. Təsəvvür edin, evimin dəyəri 40 mindən çoxdur, onu da 26 min manata qiymətləndiriblər. Belə özbaşınalıq, belə quldurluq heç bir yerdə yoxdur. Mən bir daha Cənab Prezident İlham Əliyevdən və I Vitse-Prezident Mehriban xanım Əliyevadan imdad diləyirəm, məni bu maxinasiyadan, bankın dələduzluğundan xilas edin”.