Axtarış...

Rüşvət adi hala çevrilib, əməlli “bazar”dır” - İTTİHAM

Rüşvət adi hala çevrilib, əməlli “bazar”dır” - İTTİHAM
“Ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı mühüm əhəmiyyət daşıyır. Vətəndaşlarımızın hərtərəfli tibbi xidmətlə təmin edilməsi yönündə icra edilən layihələr, Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət və nəzarətindədir”.

Bu sözləri Cebhe.info-ya Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib. Onun sözlərinə görə, Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb müəssisələri istifadəyə verilir, insanlarımızın yüksək səviyyəli tibbi xidmətlərindən yararlanması məqsədilə çox mühüm işlər görülür:

“Təbii olaraq, Azərbaycan xalqının, gələcək nəslin sağlamlığı naminə reallaşdırılan bütün bu layihələr vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Deputatı olduğum 59 saylı Salyan Seçki Dairəsinin ərazisində yaşayan seçicilərim tərəfindən rəğbətlə qarşılanır, dövlətimizin başçısının gördüyü işlər minnətdarlıqla qeyd edilir”.

Deputat təəssüflə qeyd edib ki, bütün bunlarla yanaşı, Prezidentin gördüyü bu işlərə kölgə salmaq istəyənlər də var və belələrinin cəzalandırılmasının vaxtı çatıb:

“Belə ki, fevralın əvvəlində Salyan rayonunda baş vermiş ana ölümü barədə danışmaq istəyirəm. Cəmi 32 yaşı vardı Gülnarənin... Hümmətova Gülnarə Mahir qızı Salyan rayonunun Dördlər kənd sakini idi. Faciəvi hadisə Salyan Mərkəzi rayon Xəstəxanasının doğuş şöbəsində baş verib. Belə ki, G.Hümmətova fevralın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub və üzərində qeysəriyyə əməliyyatı aparılıb, körpə ana bətnindən götürülüb. Və olanlar da bundan sonra başlayıb. İki gün sonra gənc ana qanaxmadan həyatını itirib. Doğuşdan iki gün sonra həyatını itirmiş gənc ananın 3 azyaşlı körpəsi qalıb. Üç azyaşlı körpə bundan sonra anasız böyüyəcək, ana nəvazişindən, ana qayğısından, sevgisindən məhrum olacaq. Gülnarənin valideynləri həkimlərin səhlənkarlığından şikayətlənir, qızlarının ölümündə həkimləri təqsirləndirirlər”.

J.Əhmədova hesab edir ki, bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır:

“Çünki qeysəriyyə əməliyyatı zamanı qan laxtalanmaya bilər və ya daxili qanaxma baş verər. Peşəkar həkim xəstəni əməliyyata almamışdan öncə onu yoxlamalı, baş verə biləcək hər şeyə hazır olmalıdır. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, son zamanlar həkimlər nədənsə qeysəriyyə əməliyyatlarına daha çox üstünlük verirlər. Burada həm maddiyyat, hə də vaxt böyük rol oynayır desəm , yanılmaram. Çünki qeysəriyyə əməliyyatı təxminən 30 dəqiqə, təbii doğuş isə saatlarla davam edə biləcək bir prosesdir. Qeysəriyyə əməliyyatına görə daha çox pul alan həkimlər (Salyan Mərkəzi Rayon Xəstəxanasının doğuş şöbəsində rüşvət almaq adi hala çevrilib, şöbədə əməlli “bazar”dır), həm də vaxt baxımından xəstəyə qeysəriyyə əməliyyatını məsləhət görürlər. Həkimlərin qeyri-peşəkarlığı səbəbindən baş verən ana ölümlərinə görə məsuliyyət daşımağın, cəzalandırılmağın vaxtı çatmayıbmı?! Nəyə görə 32 yaşlı Hümmətova Gülnarənin ölümünə görə Salyan Mərkəzi rayon Xəstəxanasının Doğuş şöbəsinin müdiri İradə Ağalarova və ya digər həkimlər məsuliyyət daşımamalıdır? Üç körpənin anasız qalmasına görə cəzasızlıq mümkündürmü? Əlbəttə yox! Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqlarını qoruyan prokurorluq, hüquq mühafizə orqanlarımız var. Mən əminəm ki, Hümmətova Gülnarə Mahir qızının ölüm işi hərtərəfli və obyektiv şəkildə araşdırılacaq, baş vermiş hadisəyə qanunvericiliyə uyğun olaraq hüquqi qiymət veriləcək. Ən əsası isə günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz