Azərbaycan hökuməti Prezident İlham Əliyevin müəyyənləşdirdiyi böyük sosial siyasəti uğurla və layiqincə həyata keçirməkdədir.
Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycanda son illər ərzində həyatın bütün sahələrində baş verən dəyişikliklər insanların həyat səviyyəsinin yüksəlməsi, ehtiyacı olan insanlara dövlət tərəfindən qayğının müxtəlif formalarda göstərilməsi, bu qayğının səmərəli şəkildə və şəffaf olaraq həyata keçirilməsi, ölkəmizdə sosial siyasətin uğurla həyata keçirilməsi haqqında fikir söyləməyə əsas yaradır.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hökumətinin başlıca məqsədi insanların rifahını daha da yaxşılaşdırmaq, ehtiyacı olanlara dövlət qayğısını daha da artırmaq və hər bir insanın layiqli həyatının təmin edilməsi üçün bütün lazımi şərtləri təmin etməkdən ibarətdir.
"Prezidentin tapşırığı əsasında Azərbaycan hökumətinin müəyyənləşdirdiyi ümumi xəttə uyğun olaraq Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən işlər bütövlükdə insanlarımızın rifahının yaxşılaşdırılmasına, xüsusilə də qayğıya, köməyə ehtiyacı olan insanlarımızın bu qayğı və köməklə əhatə olunması kimi məqsədə xidmət etməkdədir".
Ə.Əhmədov qeyd edib ki, DOST adı alan bu xidmət insanlarımıza daha yaxşı xidmət göstərilməsi, daha doğrusu, ehtiyacı olan insanlara dövlət tərəfindən daha yaxşı xidmətin təmin edilməsi məqsədini güdür.