Axtarış...

Azadlığı üçün müraciət edilən 110 nəfər kimlərdir? - GƏLİŞMƏ

Azadlığı üçün müraciət edilən 110 nəfər kimlərdir? - GƏLİŞMƏ
Əfvlə bağlı həddən artıq müraciətlər mövcuddur. Novruz bayramı ərəfəsində parlamentin Amnistiya Aktı qəbul edəcəyi və ya Prezidentin əfv sərəncamı imzalayacağı istisna deyil. Komissiyadan bildirilib ki, məhkumlar tərəfindən daxil olan müraciətlər hədsiz çoxdur. Sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. 2020-ci ildə isə iclas keçirilməsə də, ölkə rəhbəri tərəfindən daha bir əfv sərəncamı imzalandı və pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxs azadlığa çıxdı. Hazırda komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir. Daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, iclasların keçirilməsi nəzərdə tutulur.

Bir müddət əvvəl Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin (BİHK) sədri Rəsul Cəfərov və təşkilatın həmtəsisçisi, vəkil Cavad Cavadovla Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc arasında onlayn formatda görüş keçirilib. Müzakirələr zamanı əfvetmə və amnistiya, digər işlər üzrə təkliflər səsləndirilib.

Fevralın 15-də isə Bakı İnsan Hüquqları Klubu bir sıra məhbusların azad edilməsi xahişi ilə Azərbaycan Prezidentinə müraciət edib. Müraciətin surəti Azərbaycan Respublikası Prezidentin yanında Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə də ünvanlanıb. Müraciət bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsi təcrübəsi nəzərə alınaraq və əfv məsələsi barədə qeyri-hökumət təşkilatlarına müraciət etmək (vəsatət qaldırmaq) imkanı verən ölkə qanunvericiliyi rəhbər tutularaq hazırlanıb.

“Müharibə dövründə və ondan sonra bir sıra ictimai çıxışlarınızda milli birlik və həmrəylik konseptlərinə istinad edərək məhz bu birliyin nəticəsində əzəmətli qələbə əldə edildiyini vurğulamısınız. Bu mövqe ilə birmənalı razılaşaraq hesab edirik ki, tarixi Qarabağ qələbəsi kontekstində geniş əfv sərəncamının verilməsi cəmiyyətdə bu birliyi daha da gücləndirər, yaranmış müsbət gözləntiləri qarşılamış olardı”, deyə müraciətdə qeyd edilir.

BİHK sədri Rəsul Cəfərov “Yeni Müsavat”a deyib ki, hələ 2020-ci ildə Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşəndə geniş Amnistiya Aktı və ya əfv sərəncamına ehtiyac olduğunu qeyd ediblər. “Böyük qələbə ilə nəticələnən müharibə başlayandan sonra bu məsələ ikinci plana keçmişdi. Dekabr ayından yenidən müzakirələr başladı. Hesab edirik ki, postkonflikt dövrü üçün bu mövzular həllini tapmalıdır. Biz 110 nəfərin azadlığa buraxılması xahişi ilə Prezidentə müraciət ünvanladıq. Müraciətimizi poçt vasitəsilə yollamışıq. Müraciətin surətini də elektron qaydada Prezident Administrasiyasının rəhbəri, eyni zamanda Əfv Məsələləri Komissiyasının sədri olan Samir Nuriyevə, komissiyanın üzvləri Əliməmməd Nuriyevə, Zahid Oruca, Azay Quliyevə də çatdırmışıq”.

BHİK sədri deyib ki, hazırladıqları siyahıda siyasi motivli işlər hesab olunan icraatlar nəticəsində həbs edilən şəxslər var. Qeyri-siyasi işlər üzrə də həbs olunanlar var, hansıların ki, yaxınları, qohumları, özləri müraciət ediblər. Rəsul Cəfərov adları siyahıda olan, azad olunmaları üçün təşəbbüs göstərilən bəzi şəxslərlə bağlı məlumatları bölüşüb: “”Nardaran işi" üzrə həbs olunanlar var, onların azad edilməsi üçün təşəbbüs göstərmişik. 2019-cu ildə həmin hadisələrə görə həbs edilən 10 nəfər artıq azadlığa buraxılıb. 1 nəfər də koronavirusla bağlı verilmiş əfv sərəncamına əsasən azadlığa çıxıb. 2017-ci ildə gerçəkləşən “Tərtər işi” var, hansı ki, cəmiyyətdə çox fəal müzakirə olunur. Həmin iş üzrə də çox ciddi nöqsanlar olub, iş üzrə tutulanlar da hərbçilərdir. Sərəncam böyük qələbəyə həsr olunacaqsa, hesab elədik ki, o iş üzrə tutulan 25 nəfərin hər birinin azad edilməsi yerinə düşər. “Gəncə işi” üzrə cinayət törətdiklərini etiraf edən şəxsləri deyil, xüsusən iyunun 10-da Gəncənin mərkəzi meydanında sadəcə toplaşdıqlarına görə həbs edilənləri siyahıya daxil etmişik. AXCP üzvləri var, bəziləri 2019, bəziləri isə 2020-ci ildə həbsdədirlər, onların azad olunmasını xahiş etmişik".

Rəsul Cəfərov qeyd edib ki, siyasi motivli işlərlə və qeyri-siyası işlər üzrə həbs olunanlarla yanaşı, ömürlük həbsdə olanların adları da siyahıya salınıb: “Xüsusi kateqoriya kimi 3 nəfər keçmiş ”OMON"çu - Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladovun adları və 2003-cü ildən həbsdə olan Vüqar Əliyevin adı siyahıda var. Vüqar Əliyev Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirmək ittihamı ilə həbs olunaraq ömürlük həbsə məhkum olunub".
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz