Axtarış...

Azərbaycanın şikəst iqtisadi modeli: - İqtisadçılar dirçəliş üçün hökumətə nə təklif edir?

Azərbaycanın şikəst iqtisadi modeli: - İqtisadçılar dirçəliş üçün hökumətə nə təklif edir?

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri məlum olub.

Belə ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”yə əsasən, Şuranın fəaliyyət istiqamətləri ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq, makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq, iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək və iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirməkdir.

Maraqlıdır, müstəqil iqtisadçılar ölkənin sosial- iqtisadi inkişafı üçün nələri təklif edirlər?

Natiq Cəfərli: “İdarəetmənin özü dəyişdirilməlidir ki, iqtisadi sahədə atılan addımlar nəticə versin”

Tanınmış iqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda hazırda iqtisadi- sosial məsələlərin kökündə duran əsas problem idarəetmənin təkmilləşdirilməsinə dair addımların gecikməsidir:

“Əsas maraqlı olan məsələ odur ki, İqtisadi Şuraya daxil olanlarla Nazirlər Kabinetində təmsil olan şəxslər arasında heç bir fərq yoxdur, eyni adamlardır. Əgər bu işləri Nazirlər Kabineti görürsə, İqtisadi Şuraya nə ehtiyac var? Bizim hələ illərdir səsləndirdiyimiz təklif ondan ibarətdir ki, iqtisadi sahədə atılan addımların effektivliyinin artırılması üçün idarəetmədə islahatlar aparılmalıdır. Yəni idarəetmənin özü dəyişdirilməlidir ki, iqtisadi sahədə atılan addımlar nəticə versin. Nazirlər Kabinetinin tərkibi dəyişdirilməli, onların parlamentdən çıxması təmin edilməlidir.

Nazirlər Kabinetinin parlament qarşısında hesabatlılığı artırılmalıdır. İqtisadi sahədə islahatları hökumət aparmalıdır. Hökumət də Nazirlər Kabinetindən ibarətdir. Əgər Nazirlər Kabineti həyata keçirdiyi eyni funksiyanı yerinə yetirmək üçün İqtisadi Şura yaradırsa, onda Nazirlər Kabineti nəyə lazımdır? Azərbaycanda hazırda iqtisadi- sosial məsələlərin kökündə duran əsas problem, idarəetmənin təkmilləşdirilməsinə dair addımların gecikməsidir. Yəni idarəetmənin struktur dəyişiklikləri gecikir deyə, iqtisadi sahədə atılan addımlar effekt vermir. Ona görə də müxtəlif strukturlar yaradılır. İnvestisiya Holdinqi, İqtisadiyyat Şurası, Müşahidə Şuraları və s. Bunların hamısının işini görəcək orqanlar Nazirlər Kabineti olmalıdır.

Eyni insanlar neçə cür təşkilatda təmsil olunurlar. Ona görə də bizim illərdir səsləndirdiyimiz bir məsələ var- Azərbaycanda yeni konstitusiyaya, yeni idarəetmə formasına ehtiyac yaranıb. Bu təcili ehtiyacdır. Qanunlara əsaslanan yeni idarə üsulu yaradılmalıdır ki, həm məsuliyyətlərin, həm də səlahiyyətlərin bölgüsü dəqiqliklə bilinsin. Yalnız bundan sonra görüləcək işlərin effektivliyi artacaq. Çünki məsuliyyətli cavabdehlik yaranacaq parlamentin nüfuzu artırılmalıdır. Əgər Nazirlər Kabineti qalacaqsa, onun işi bütünlüklə dəyişdirilməlidir. Onun səlahiyyətlərinin harda başlayıb, harda bitdiyi məlum deyil. Bütün bu məsələlərə aydınlıq gələndə, İqtisadiyyat Şurasının işində də effektivlik yaranacaq, yaxud elə şuraya ehtiyac olmayacaq və Nazirlər Kabineti öz işini görəcək”.

Akif Nəsirli: “Hökumətin iqtisadi fəaliyyəti minimuma endirilməlidir”

İqtisadçı Akif Nəsirli isə hesab edir ki, sosial- iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün iqtisadi sahədə hökumətin atacağı addımın iki istiqaməti olmalıdır:

“Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”yə əsasən, Şuranın fəaliyyət istiqamətləri üçün qarşıya qoyulanlar nəzəri məsələlərdir. Orada söhbət nəticədən gedir. Amma əsas məsələ gözlənilən nəticənin hansı üsullarla alınmasıdır.

Azərbaycanın iqtisadiyyat sahəsində şikəst bir iqtisadi model var. Azərbaycanın iqtisadiyyat sahəsində ən böyük fəaliyyət subyekti hökumətdir. Yəni hökumətin iqtisadiyyatda kifayət qədər geniş payı var. Hesab edirəm ki, bazar iqtisadiyyatı fəaliyyət göstərən ölkədə hökumətin payı bu qədər olmamalıdır. Hesab edirəm ki, bazar iqtisadiyyatının elementləri işlək formaya gətirilməlidir. Eyni zamanda, hökumətin iqtisadi fəaliyyəti minimuma endirilməlidir ki, korrupsiya və qanunsuzluqlar arasdan qaldırılsın. Yeni bir dövlət holdinqinin yaradılması ilə iqtisadiyyatı inkişaf etdirmək olmaz. İqtisadiyyatda Avropanın “Məhdud dövlət” modelindən istifadə etmək lazımdır. Bizdə isə əksinə olaraq, iqtisadiyyatda yeni dövlət qurumları yaradılır.

Hökumətin qarşısına qoyduğu hədəflərə çatmaq üçün bazar iqtisadiyyatının bütün elementləri ən azı minimum səviyyədə işləməlidir. Yəni monopoliya aradan qalxmalı və bazar iqtisadiyyatında rəqabətlilik formalaşmalıdır. Digər tərəfdən, mövcud olan dövlət şirkətləri bir neçə sahibkara satılmaqla özəlləşdirilməlidir ki, orada rəqabətlilik güclənsin, inkişaf olsun. Dövlət biznesdən kənarlaşmalıdır ki, onun idarəetmədəki fəaliyyəti effektiv olsun. Dövlət şirkətləri qaldıqca, hökumət onun mənfi fəaliyyətlərini tənqid edə bilmir. Yəni burada vətəndaşın yox, dövlət şirkətlərinin maraqları müdafiə olunur. Ona görə də, hesab edirəm ki, iqtisadi sahədə hökumətin atacağı addımın iki istiqaməti olmalıdır:

Birinci, bazar iqtisadiyyatı modelinin işlək mexanizmini reallaşdırmaq, ikincisi, hökumətin iqtisadi fəaliyyətini məhdudlaşdırmaq. Bu iki istiqamət iqtisadi inkişafın əsas mexanizmidir. Dövlətinin payının məhdudlaşdırılması bazar iqtisadiyyatının daha çevik işləməsinə şərait yaradacaq. Bundan başqa, yaradılan Nəzarət Şurasında, İqtisadiyyat Şurasında və digər qurumlarda vətəndaş cəmiyyətinin nümayəndələrini görmürük. Orada nazirlər, nazir müavinləri, komitə sədrləri yer alıb. Bəs vətəndaşların mövqeyini kim müdafiə edəcək? Ona görə də onlar istənilən qərarda hökumətin mövqeyini müdafiə edirlər. Bu, ən problemli məsələlərdəndir. Tarif Şurası qiymətləri qaldırarkən, ona görə vətəndaşın mövqeyi nəzərə alınmır ki, orada vətəndaş cəmiyyətinin nümayəndəsi yoxdur”. //CEBHE.İNFO//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz