Axtarış...

Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu YARADILACAQ



Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu yaradılacaq.

Millitv.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.

Azad Zonanın müvəqqəti idarəetmə qurumu “Ələt azad iqtisadi zonası haqqında” qanunauyğun olaraq Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurumdur. Azad Zonanın səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər həmin səlahiyyətli qurumun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvəqqəti idarəetmə qurumu həyata keçirir. Müvəqqəti idarəetmə qurumuna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müvəqqəti idarəetmə qurumunun sədri rəhbərlik edir. Sədr Azərbaycan Respublikasının Prezidentinə tabedir və ona hesabat verir. Müvəqqəti idarəetmə qurumunun idarə olunması ilə bağlı müvafiq sənədləri sədr qəbul edir. Müvəqqəti idarəetmə qurumunun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə sədr məsuliyyət daşıyır.

Fərmana əsasən, sədrə tapşırılıb ki, üç ay müddətində müvəqqəti idarəetmə qurumunun təşkilati strukturunu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, müvəqqəti idarəetmə qurumunun büdcəsini təsdiq etsin, Azad Zonanın idarə edilməsi və inkişafı ilə bağlı Qanundan irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsini təmin etsin.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

“Ələt azad iqtisadi zonası haqqında” qanuna əlavə edilən keçid müddəasına əsasən, qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.//Apa.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz