Problemli kreditlər məsələsi 2015-ci ildən güclənən qlobal miqyaslı maliyyə-iqtisadi böhranın nəticəsi olaraq meydana çıxmışdı. Ölkəmizdə baş vermiş iki devalvasiyanın yekunu olaraq dollar manatın məzənnəsinə nisbətdə yüksəldi və banklardan dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyətinə zərbə vurdu. Amma belə bir proses təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də müşahidə edildi.
Millitv.Az Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, ötən müddət ərzində vətəndaşlarla görüşlərdə də bu problem qaldırılmışdı, insanların müraciətləri təhlil edilərək müvafiq qurumlara təkliflər göndərilmişdi, hətta Milli Məclisin plenar iclaslarında dəfələrlə səsləndirilmişdi: "Yəni, gördüyünüz kimi bu problem haqqında dövlət məlumatlı olub. Deyərdim ki, hökumət bu problemin aradan qaldırılması və vətəndaşların dollar kreditləri ilə bağlı yaşadığı çətinlikləri daha tez aradan qaldırmaq niyyətində idi. Amma bilirsiniz ki, hər bir sosial qərarın arxasında ciddi maliyyə resursu dayanır. Təsadüfi də deyil ki, böhranın nəticələrinə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar tez bir zamanda səmərəsini verdi və dövlətimizin inkişafı dinamikləşdirildi, maliyyə imkanlarımız artdı. Məhz, buna görə də 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən problemli kreditlər məsələsinin həlli, eləcə də cari ilə nəzərdə tutulmuş sosial proqramların maliyyələşdirilməsi haqqında ciddi müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Eyni zamanda, Prezident İlham Əliyev bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında reallaşdırılacaq islahatlar, hətta perspektiv sosial tədbirlər haqqında da cəmiyyətimizi məlumatlandırmışdı. Məhz ötən 2 ay ərzində Prezident İlham Əliyevin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncamlar, fərmanlar imzalaması, qərarlar verməsi Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. Elə problemli kreditlərin həlli ilə bağlı qərar da dövlətin vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü oldu. 800 mindən çox insanı əhatə edən Prezident fərmanı dünyada analoqu olmayan bir qərardır".
Sədaqət Vəliyeva əlavə edib ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir.