Axtarış...

“Kreml qonşu ölkələrdə xaos görmək istəyir” – KUROPTEV

“Kreml qonşu ölkələrdə xaos görmək istəyir” – KUROPTEV
Rusiya-Ermənistan münasibətlərində əlavə qıcıqlandırıcı amil ola biləcək çox maraqlı bir xəbər ortaya çıxdı. Belə ki, fevralın 11-də Ermənistan ilə Avropa İttifaqı arasında, təxminən üç il davam edən Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (HGTS) təsdiqlənməsi prosesi başa çatdı. Ermənistan Xarici İşlər Nazirliyi xəbər verir ki, sənəd bu il martın 1-dən etibarən qüvvəyə minəcək.

Ermənistan ilə Aİ arasında HGTS əvvəlki Ermənistan hakimiyyəti dövründə, 24 noyabr 2017-ci ildə imzalanmışdı. Əslində, bu saziş Ermənistan tərəfinin 2013-cü ildə imzalamaqdan imtina edərək, dərhal sonra Rusiyanın liderlik etdiyi Gömrük İttifaqına girdiyi Aİ ilə Assosiasiya Sazişini əvəz etdi.

İndi rəsmi İrəvan ratifikasiya prosesinin başa çatmasına işarə edərək, sazişin Ermənistan Respublikası ilə Avropa İttifaqı arasındakı ikitərəfli münasibətləri yeni bir tərəfdaşlıq səviyyəsinə çıxardığını, siyasi və iqtisadi sahələr, eləcə də sektorlararası dialoqu tənzimlədiyini bəyan edir.

Görəsən, Moskva qərbyönümlü olmasına baxmayaraq, Paşinyanın bu böyük sazişin hər hansı bir bəndini praktik olaraq tam yerinə yetirməsinə icazə verəcəkmi? Yoxsa, İkinci Qarabağ müharibəsində məğlub olduqdan sonra, Ermənistan onsuz da hərtərəfli və geridönməz şəkildə Kremlin təsir dairəsinə düşüb, Rusiyanın tələsində ilişib qalıb?

AYNA mövzunu tanınmış rusiyalı eskeprtlərlə müzakirə edib.

Karnegi Fondunun Moskva Mərkəzinin direktoru Dmitri Trenin:

“Fikrimcə, İrəvanın Moskvaya yönəlməsinin qəti və geridönməzliyindən danışmaq tezdir. Ermənistanda nüfuz uğrunda Moskva ilə Qərb arasındakı rəqabət davam edəcək”.

“Azad Rusiya” Fondunun Cənubi Qafqazdakı Nümayəndəliyinin direktoru Yeqor Kuroptev:

“Əminəm ki, Ermənistan hakimiyyəti Aİ ilə sazişi tam şəkildə həyata keçirə biləcək. Çünki Ermənistan üçün, eləcə də Gürcüstan və açıq olmağa çalışan digər ölkələr üçün buna nail olmağın yeganə yolu demokratik ölkələrlə əməkdaşlıq və yaxınlaşmaqdır.

Kreml Ermənistanın uğur qazanmasını istəyirmi? Əlbəttə, istəmir. Kreml, korrupsiyalaşmış əlaqələrini qurmağa və cəmiyyətləri idarə etməyə davam etmək üçün Rusiyanın ətrafındakı bütün ölkələrdə bir qarışıqlıq və xaos görmək istəyir. Kremlin xaos və diktaturanı təşviq edən ortaqları, şübhəsiz ki, Ermənistanı inkişaf etdirmək cəhdlərinə müqavimət göstərməyə davam edəcək, Ermənistana rifah və açıqlıq istəyən hər kəsi düşmən adlandıracaq və istefasını tələb edəcəklər.

Ancaq Ermənistanda insanlar qərar verirlər, Kremlin ortaqları deyil. Müharibədən sonra hakimiyyəti devirmək cəhdi onsuz da uğursuz oldu, çünki insanlar geri qayıtmaq istəmirlər, irəli getmək istəyirlər və müstəsna olaraq Kremlə yönəlmiş bir siyasətlə “irəli” ola bilməz. Bəli, indi Ermənistan üçün çox çətindir və kimin qalib gələcəyi məlum deyil, amma nəticədə xalq qalib gələcək və bütün bunu istəyən dairələr bu işdə ona kömək etməyə çalışacaq”.

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

“Vacib bir sual budur ki, Avropa İttifaqı özü pandemiya və iqtisadi böhran şəraitində Ermənistanla münasibətlərə nə qədər investisiya qoymağa hazırdır? Əlbətdə ki, Aİ-nin indi yalnız daxili problemlərə fokuslanacağını düşünmək çox böyük bir sadələşdirmə olardı. Məsələn, 2020-ci ilin dekabrında Aİ, Ermənistana koronavirus infeksiyası ilə mübarizə tədbirləri üçün 24 milyon avro ayırmaq niyyətində olduğunu bildirdi.

Viza rejiminin liberallaşdırılması imkanları ilə hər şey daha mürəkkəbdir. Ermənistan xarici işlər naziri Ara Ayvazyan, 2020-ci ilin dekabrında Brüsselə səfəri zamanı Avropa Komissiyasının nümayəndələri ilə bu istiqamətdə “dialoqa başlamaq perspektivləri” mövzusunda müzakirələr apardı. Nəzəri olaraq bu istiqamətdə addımlar pandemiya zamanı mümkündür. Məsələn, Belarus ilə Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair müqavilə hələ 2020-ci ilin yanvarında imzalansa da, həmin ilin baharında, pandemiyanın pik nöqtəsində təsdiqləndi.

Bununla birlikdə, ətalət qüvvəsini də unutmayaq - axı Brüssellə Minsk arasında müvafiq danışıqlar, təxminən 5 il ərzində aparılmışdı. Əgər Ermənistan-Aİ münasibətlərində eyni sahədə addımlar atmaq indi mümkündürsə, deməli, “koronavirus” gündəminə görə Avropa İttifaqı üçün əhəmiyyətli deyil.

Eyni zamanda, İrəvan-Brüssel təmasları, əlbəttə ki, Nikol Paşinyan üçün əhəmiyyətli olan daxili siyasi səbəblərə görə davam edəcək - hər hansı bir pozitiv xəbər indi müharibədə məğlub Ermənistan hökuməti üçün çox vacibdir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz