Əhali elektrik enerjisinə görə aylıq ödənişlərdə yüksəlmələr olmasından narazıdır. Bəzi sakinlər bildirir ki, ötən ilin noyabr ayı ilə müqayisədə 2020-ci ilin dekabr ayı üçün onlara təqdim olunan ödəniş qəbzlərində qeyd olunan məbləğ nəzərəçarpan dərəcədə artım var. Sakinlər elektrik enerjisinin orta aylıq sərfiyyatının adətən eyni ölçüdə olduğunu iddia edir. Lakin qəbzlərdə göstərilən məbləğə baxanda belə təəssürat yaranır ki, dekabr ayında sanki daha artıq elektrik enerjisi istifadə edilib.
Halbuki, elektrik enerjisindən istifadədə dəyişiklik baş verməyib. Vətəndaş adətən, ötən aylarda istifadə etdiyi qədər elektirk enerjisi sərf edib. Bəs necə olur ki, elektrik enerjisinin sərfiyyatı artır? “Bakıelektrikşəbəkə” ASC-yə bu vəziyyətlə bağlı abonentlərdən çoxsaylı şikayətlər daxil olduğu da bildirilir. Belə bir iddia da var ki, guya, hazırda istifadədə olan elektrik sayğacları normal halda 220 V-la qidalanır, lakin sayğacda sərfiyyat yüksək göstərilsin deyə, sayğaclara elektrik enerjisi 160 V-la verilir.
Bu halda sayğac elektrik enerjisi ilə normal qidalana bilmədiyindən sərfiyyat artır, nəticədə göstəricilərdə də yüksək rəqəm qeydə alınır. Xatırladaq ki, bir müddətdir abonentlər qaz sayğaclarından da narazılıq edir, sayğacların istifadə olunan qazın ölçüsünü yüksək göstərdiyini, ötən aylarla müqayisədə son ayda daha artıq qaz pulu ödədiklərini bildirirlər. Nə işdisə, son ayda hər sahədə bir artım müşahidə edilir. Suyun dəyəri rəsmən qalxıb, təbii qaz və elektrik enerjisinin dəyərində isə deyəsən, gizli artım baş verir.
İddiaların nə dərəcədə real ola biləcəyini öyrənmək üçün iqtisadçı Pərviz Heydərliyə müraciət etdik. P.Heydərli “Şərq”ə açıqlamasında belə bir halın mümkün olmadığını dedi:
- Elektrik sayğacına hansı gərginlikdə elektrik cərəyanı daxil olursa, çıxış da mütləq eyni gərginlikdə olur. Əgər sayğaclara daxil olan elektrik enerjisinin gərginliyi azaldılmış olsa, vətəndaş bunu elektrik avadanlıqlarının işləmə tempində hiss edəcək. Bir mənzildə görün, nə qədər elektrik avadanlığı var. Soyuducu, televizor, paltaryuyn maşın, elektrik soba, ütü, tozsoran...
Mən demək olar, əhalinin böyük əksəriyyətinin gündəlik istifadə etdiyi elektrik avadanlıqlarını sadaladım. Elə ailə var, elektrik su qızdırıcısından istifadə edir, eləsi var, elektrik sobası yoxdur, yaxud bəzisində qabyuyan maşın var, bəzisində yoxdur. Ümumilikdə böyük əksəriyyət məişətdə elektrik avadanlıqlarından geniş istifadə edir. Mənzillərə verilən elektrik enerjisinin gərginliyi azalsa, avadanlıqların işləməsində bu, özünü göstərəcək. Vətəndaş bunu biləcək.
Çünki 220 V-la 160 V arasında böyük fərq var. Gərginliyin azalıb-artması tənzimləyici (stabilizator) olan yerdə hiss edilməz. Adi halda isə bunu hiss etməmək mümkün deyil. İkincisi, ümumiyyətlə, istər elektrik sayğacları, istər qaz, istərsə də su sayğacları bunların heç birinə kənardan müdaxilə etmək mümkün deyil. İstəsələr elektrik enerjisinin də dəyərini qaldırarlar.
Deyəcəklər, gəlirlər xərcləri ödəmir, vəssalam. “Asan” yol budu. Amma gəlirləri artırmaq üçün sayğaclara müdaxilıə etmək, gərginliyi azaldıb-artırmaq, hansısa qeyri-leqal yollarla artıma nail olmaq, bu, nə texniki baxımdan mümkündür, nə də reallıq baxımından.
Vətəndaşa ötən aylarla müqayisədə elektrik enerjisindən daha artıq istifadəni göstərən qəbz gəlibsə, sərfiyyata diqqət etsinlər. Bəlkə də fərqində deyillər, amma elektrik enerjisini daha artıq istifadə ediblər.