Axtarış...

İmtahandakı 29 səhv sualı kim hazırlayıb? - MÜƏMMA

İmtahandakı 29 səhv sualı kim hazırlayıb? - MÜƏMMA

Xəbər verildiyi kimi, müəllimlərin işə qəbulu imtahanlarında istifadə olunan sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə 29 sualda texniki qüsur müəyyən edib.

20 sual Azərbaycan, 9-u rus bölməsində olub. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadənin sözlərinə görə, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq.

Ekspertlərin fikrincə, ümumiyyətlə istər ali təhsil müəssisələrinə qəbulda, istərsə də müəllimlərin işə qəbul imtahanlarında dünya testologiyasına uyğun olmayan suallar tərtib olunur. Bu isə onu göstərir ki, bizim ali təhsil müəssisələrimiz əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirə bilmir.

Məlumat üçün bildirək ki, bu il ümumilikdə 41 min müəllimdən cəmi 3 nəfər maksimum bal toplaya bilib. Müəllimlərin bulilki işə qəbul imtahanlarında 41 288 namizəd iştirak edib. Onlardan 18 881 namizəd (46 faiz) uğur qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb. Uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib. 41288 nəfərdən cəmi 3-nün maksimal nəticə göstərməsi ciddi müzakirələr yaradıb.

Ekspertlər müəllimlərin işə qəbulu imtahanında əldə olunmuş aşağı göstəriciləri təhsil sahəsində növbəti acınacaqlı hal kimi dəyərləndirirlər. Qeyd edək ki, müəllimlər imtahanda 60 test tapşırığını cavablandırırlar.

Onlardan 40-ı ixtisasa uyğundur, 10 sual məntiq, 10 sual isə kurikulumdandır. 29 səhv sualın tərtib olunması həmin sualı hazırlayan qurumun peşəkarlığını sual altına alır.

Maraqlıdır, müəllimlərin işə qəbulu imtahanlarında test sualları kim(lər) tərəfindən hazırlanır?

Cebhe.info bu və digər suallarla bağlı iyulun 25-də Təhsil Nazirliyinə rəsmi sorğu ilə müraciət edib. Sorğumuza iyulun 29-da cavab gəlib.

Qəribədir ki, Təhsil Nazirliyi sorğudakı digər sualları cavablandırsa da, məhz qəbul imtahanlarındakı 29 səhv sualla bağlı məsələdən “yan keçib”. Başqa sözlə desək, suala cavabdan yayınıb. Görəsən niyə? Səbəbini bilmək maraqlı olardı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz