Axtarış...

“88 nəfər dənizçi işinə qəbul adı ilə aldadılıb” - İTTİHAM

“88 nəfər dənizçi işinə qəbul adı ilə aldadılıb” - İTTİHAM
Bir qrup vətəndaş dənizçi işinə qəbul adı ilə aldadılıb. DİA.AZ xəbər verir ki, zərəçəkənlərdən Sadiq Rafiq oğlu aldadılan şəxslər adından danışıb. Bildirib ki, ötən il avqustun 15-də “STT group” adlı şirkətin rəhbəri, özünü Rahim kimi təqdim edən şəxslə tanış olub. Həmin adam ona Türkiyənin “Arif Kalkavan Oğulları” gəmiçilik şirkətində matros işi təklif edib:

“Avqustun 16-da göstərilən ünvandakı ofisə yaxınlaşdım. Özünü işədüzəltmə şirkətinin rəhbəri kimi təqdim edən Rahim adlı şəxs məndən 150 manat pul istədi. Bunu onunla əlaqələndirdi ki, pul koronavirus testi və bəzi sənədləşmələr üçün lazımdır. Mənim bir qohumum var, o, dənizdə işləyir. Ondan maraqlanmışdım. Demişdi ki, sənədsiz heç bir gəmi işçi qəbul etmir. Dənizçi işi üçün mütləq diplomun, sənədin olmalıdır. Mən bunu ona deyəndə, bildirdi ki, biz lazımi sənədləri düzəldəcəyik. Bildirdi ki, sentyabrın 2-3-də Türkiyəyə gedəcəksiniz. Mən də düşündüm ki, artıq yeni işim var, ona görə də “Veysəloğlu” satış və distribüter şirkətindəki növbə rəisi işindən ərizə yazaraq ayrıldım”.

“Yeddi aydır həmin adama görə işsiz qalmışam. Özüm də ailəliyəm, bir körpə uşağım var”,- şikayətçi deyir: “Deyilmişdi ki, sentyabrın 3-də Türkiyəyə gedəcəyik. Həmin gün bu adama zəng etdim, telefonun bağlı idi. Ofisinə getdim, katibəsi dedi ki, Rahim müəllim xəstədir. Onu da deyim ki, bizə adını Rahim demişdi. Toğrul Məmmədrəhim oğlu Kərimov olduğunu bir aydır bilmişik. Onu da deyim ki, səksən səkkiz nəfərin etibarından istifadə edib, aldadaraq pullarını mənimsəyib. O, “bu gün, sabah gedəcəyik”- deyib, bizi aldadırdı. Ümumilikdə, məndən 1280 manat pul alıb. Mənim tanıdığım iyirmi beş nəfərin hamısını aldadaraq, hərəsindən müxtəlif məbləğdə pul alıb. Son zamanlar müxtəlif bəhanələr gətirdi ki, Türkiyə tərəfi hələ gəlməyinizi istəmir. Sonra da noyabrın 3-də bizə söz verdi, yenə aldatdı. Daha sonra isə telefonlarını söndürdü, ofisini bağladı, onu tapa bilmədik. Bununla bağlı aidiyyəti qurumlara, hüquq-mühafizə orqanlarına müraciət etsək də, nəticəsi olmadı. Pandemiya dövründə, işsizlik baş alıb gedir. Biz həmin pulları borc-xərc edərək tapıb vermişik ki, işə düzələk, ailəmizə bir qarın çörək aparaq”.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov bildirib ki, son illər azərbaycanlı dənizçilər işə qəbulla bağlı tez-tez aldadılır: “Dənizçilərə hər hansı dənizçilik şirkətinə işə düzəlməklə təklif alanda, öncə birliyimizə müraciət etməyi tövsiyə edirik ki, sonradan xoşagəlməz hallarla rastlaşmasınlar. Konkert olaraq bu məsələyə gəlincə, aldadılan şəxslərin siyahısı bizdə var. Onlardan aldadan adamla bağlı məlumatlar əldə etmişik. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət olunub. Məsələnin həlli istiqamətində əlimizdən gələn yardımı edəcəyik”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov son illər belə dələduzluq hallarının sayının artdığını deyir. Hüquq müdafiəçisi bu kimi məsələlərdə insanların ayıq-sayıq olmasını vacib sayır: “İşə girməyə görə pul verilməməlidir. Əgər belə hal varsa, bəri başdan bilmək lazımdır ki, həmin adam fırıldaqçıdır. Bu cür hallar dələduzluqdur. Bu proses illərdir davam edir. Təkcə Azərbaycanda deyil, postsovet ölkələrinin hamısında bu kimi hallar baş verir. Ya böyük bank piramidaları yaradıb, insanları aldadırlar, ya da iş adıyla müəyyən məbləğ pul alırlar. Hətta daşınmaz əmlakı da ələ keçirirlər.

Bizdə işə düzəltmək adı ilə tək-tək aldanan adamlar çoxdur. Bunun üçün sosial şəbəkələrdən istifadə edirlər. Yaxud da küçələrdə, ictiami yerlərdə iş elanları yapışdırırlar. Buna qarşı mübarizə aparmaq çətindir. Leqal işə düzəltmə yerləri də var. “Məşğulluq haqqında” qanunda işə düzəldənlərin yalnız hüquqi şəxslər ola biləcəyi, elektron sistemdən qeydiyyatdan keçməli olduqları tələbi qoyulub. Dövlət bu məsələni belə tənzimləməyə çalışır. Prinsipcə, dövlət özəl işə düzəltmə fəaliyyətinə qadağa qoya bilməz. Çünki biz Beynəlxq Əmək Təşkilatının müvafiq konvensiyasına qoşulmuşuq. Həm də texniki baxımdan da mümknün deyil. Biri “Facebook”da hesab açır, digəri binalara elanlar yapışdırır. Bunun qarşısını almaq çətindir. Burada ən yaxşı vasitə maarifləndirmədir. İnsanlar sayıq olmalıdır. Bundan yaxşı üsul hələ ki, icad olunmayıb”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz