Bakıda özünə iş axtaran 50 yaşlı Tünzalə Qasımova (ad və soyad şərtidir) dələduz tərəfindən aldadılıb.
Rus və ingilis dillərində sərbəst danışan xanım "Lalafo" elan saytında iş axtardığı barədə elan verib.
Elandan qısa müddət keçdikdən sonra özünü Eşqin kimi təqdim edən şəxs ona zəng vuraraq paytaxtın məşhur "Su Səsi" şadlıq sarayında administrator vəzifəsini təklif edib.
Restoran "sahibinin" qadına etdiyi təkliflər o qədər şirnikdirici olub ki, şübhələr yaranıb və iş görüşməsini 1 gün sonraya saxlayıb.
Təxirə salınan 1 gün ərzində qadına 150 dəfə (!) zəng vuran "iş adamı" sonda niyyətini büruzə verib və iş axtaran qadının üzünü görmədən eşq elan edib. Danışıqlar zamanı 30 yaşı olduğunu söyləyən Eşqinin 50 yaşlı qadını yoldan çıxarmaq cəhdi alınmayıb.
"Su Səsi" şadlıq sarayının rəhbərliyi sözügedən məsələ ilə bağlı BAKU.WS-ə açıqlamasında, Eşqin adında nəinki rəhbər, heç bir əməkdaşın olmadığını və administrator axtarmadıqlarını bildirdi.
Restoran rəhbərliyi onların adından istifadə edən şəxsdən polisə şikayət edəcəklərini bildirdi. (BAKU.WS)