Axtarış...

Karantin xərcləri: Yeməkdən başqa heç nəyə həvəs qalmayıb - GƏLİŞMƏ

Karantin xərcləri: Yeməkdən başqa heç nəyə həvəs qalmayıb - GƏLİŞMƏ
Pandemiya dövründə gündəlik həyat tərzimiz xeyli dəyişdi. Əvvəl mağazalardan birbaşa alış-veriş edirdiksə, indi onlayn sifariş etməyə daha çox üstünlük veririk. Kafe-restoranların bağlı olduğu, alış-veriş mərkəzlərinin işləmədiyi bir vaxtda insanlar pullarını daha çox nəyə xərcləyirlər?

Əhalinin böyük əksəriyyəti pulunu ərzaq və tibbi ləvazimatlara xərclədiyini deyir. Məsələn, geyim, kosmetika və ya məişət əşyalarının adını çəkənlər çox azdır. Pandemiya dövründə bu, normal haldır.

AYNA mövzu ətrafında mütəxəssislərlə söhbətləşib.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda əhalinin gəlirlərin, təqribən 55 faizi ərzağa xərclənir: “Yəni, hər yüz manatın 55 manatı ərzaq məhsullarına xərclənir. Təqribən, 15 manata yaxın sağlamlıq xərcləri, 10-12 manat kommunal xərclər və nəqliyyat üçün istifadə olunur. Bu, uzun illərdir belə idi. Sadəcə pandemiya dövründə ərzağa olan tələbat daha da artdı. Çünki insanların evdə, karantin rejimində olması qidaya olan tələbatın artması, qidalanma rejiminin dəyişməsinə səbəb oldu ki, bu da ərzağa olan tələbatı xeyli dərəcədə artırdı”.

İqtisadçı deyib ki, xərclər həm fərdlərə görə, həm də kənddə, ya da şəhərdə yaşamağımızdan asılı olaraq dəyişə bilər: “Məsələn, nəqliyyat xərcləri şəhərlərdə daha çoxdur. Elə insanlar var ki, kəndyanı sahələri var, kənd təsərrüfatı məhsullarını öz sahələrində əkib-becərirlər. Vəsaitin xərclənməsində kənd və şəhər əhalisi arasında kifayət qədər fərq var”.

Strateji Təhlil İnstitutunun direktoru Orxan Cəlilov qeyd edib ki, pandemiya şəraitində, əhalinin gəlirlərinin 70 faiz ərzaq məhsullarına, 20 faiz qeyri-ərzaq məhsullarına, 10 faiz isə xidmət sahələrinə xərclənir: “Aydın məsələdir ki, koronavirus bəlası ilə mübarizə aparmaq üçün immuniteti yüksək saxlamaq lazımdır. O ki, qaldı qeyri-ərzaq məhsullarına, məsələn, onlayn alış-veriş mümkün olsa da, restoranlar, kafelər, əyləncə mərkəzləri bağlandığından, toy etmək mümkün deyil və bu səbəbdən geyimə olan həvəs azalıb. Vəziyyəti qiymətləndirmək üçün yaşayış minimumu ilə istehlak səbəti arasında mütənasibliyi hesablayaraq, statistik göstəriciləri üstünə əlavə etməklə dəyərləndirmə aparmaq mümkündür”.

Kənd və şəhər sakinlərinin xərc istiqamətlərinin fərqli olmasına gəldikdə, o da hesab edir ki, şəhər əhalinin tələbləri ayrı, kənd əhalisinin tələbləri isə ayrı ola bilər: “Məsələn, rayon və kənd yerlərində kənd təsərrüfatından yerli, öz bağlarının məhsulları öz ehtiyaclarını ödəməyə qadir ola bilir. Ona görə də onlar artıq öz xərclərini başqa istiqamətə yönəldə bilirlər”.

Yeri gəlmişkən, yerində xidmət göstərən obyektlər qapalı olduğundan, ötən dövr ərzində insanlar arasında öz yeməyini özü bişirmək vərdişi formalaşdı. Vaxtı məhdud olanlarsa sifariş verməyi üstün tutdu. Buna görə də çatdırılma xidməti göstərənlərin bazarı yaxşı gedir. Mağazalar bağlı olduğundan yerli karqo şirkətləri vasitəsilə onlayn sifarişi seçənlərin də sayı artıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz