Axtarış...

Ölkə mətbuatı üzərində cərrahi əməliyyata hazırlıq: - Amma xəstə yaxınları yaxına buraxılmır

Ölkə mətbuatı üzərində cərrahi əməliyyata hazırlıq: - Amma xəstə yaxınları yaxına buraxılmır

Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək. APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır.

Bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Gələn ay qanun layihəsinin Milli Məclisə təqdim olunacağı bildirilir.

Qabaqlar da ekspertlər bildirirdilər ki, 2000-ci illərin əvvəlində sürətli inkişaf dövrünə qədəm qoyan media hazırda durğunluq mərhələsindədir. Mövcud qanunvericilik yeni dövrün reallıqlarına uyğun deyil, kommunikasiya sahəsində son 20 ildə baş verən dəyişiklikləri əhatə etmir. Bu isə istər onlayn, istərsə də sosial media sahəsində xaotik vəziyyətin yaranmasına səbəb olub. Qarşıdan gələn dövrdə həyata keçiriləcək tədbirlərin medianın inkişafına təkan verəcəyi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, müasir standartların geniş tətbiqinə səbəb olacağı gözlənilir.

Mütəxəssislər hesab edirlər ki, 10 ildən artıqdır fəaliyyət göstərən KİVDF təyinatı üzrə özünü doğrulda bilmədi. Ona görə də, bu qurumla bağlı köklü islahatlara ehtiyac var. Həm də bu ehtiyac indi yox, çoxdan var, dəyişikliklər üçün bir qədər də gecdir. Yəni, Azərbaycan mətbuatının problemlərini aradan qaldırmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir.

AYNA mövzuya dair media ekspertlərinin fikirlərini öyrənib.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, “Pressklub”un İdarə Heyətinin sədri Arif Əliyevin sözlərinə görə, KİVDF-in bazasında daha geniş bir təşkilatın yaradılacağı haqqında xəbərlər çoxdan var idi: “Görünür, hazırlıq gedirmiş, indi açıqlanıb. İndiki mərhələdə bu dəyişikliyin hansı nəticələrə gətirib çıxaracağını söyləmək çətindir. Həyata keçiriləcək islahatın məzmunu bəlli deyil, nə dəyişəcəyi bilinmir. Məzmun açıqlanmadan bir təşkilatın ləğv edilməsi və ya dəyişdirilməsi islahat deyil. Proqramı görməliyik ki, bilək, nəyi dəyişəcəklər, hansı işlər görüləcək. Bunu bilmədən, qiymət vermək olmaz”.

Mütəxəssis dedib ki, indiyədək “Nə etmək lazımdır” sualı ilə bağlı kifayət qədər açıqlamalar, müsahibələr olub: “Hətta, əlimizdə layihələrimiz də var, təkliflərimiz də mövcuddur. Bu barədə uzun-uzadı danışmağa ehtiyac görmürəm. Linkləri verə bilərik ki, girilib baxılsın, qanunvericilikdə nə dəyişiklik edilməlidir, medianın müstəqil iqtisadi bazası necə olmalıdır, baza olmadan medianın ələbaxımlılığı davam edəcək, internet medianın problemləri necə həllini tapmalıdır və s. Kadr baxımından problemlərin aradan qaldırılması barədə məsələlər, medianın müstəqilliyinin möhkəmləndirilməsi, informasiya mənbələrinin genişləndirilməsi məsələləri də təkliflərimiz içərisində var”.

Əliyevin qənaətincə, dəyişiklik edilirsə, əvvəlcədən bunun ictimai müzakirəsi keçirilməlidir: “Mən gözləmirəm ki, media ilə bağlı Fondda ediləcək dəyişikliklər, proqram müzakirəyə çıxarılacaq. Güman ki, yenə də hər şey dar çərçivədə müzakirə olunub, qərar qəbul edilib. Sadəcə elan ediləcək ki, bu dəyişiklik edildi, belə olacaq, vəssalam. Bizdə belə düşüncə var ki, məmur hamıdan ağıllıdır və dövlət maraqlarını yalnız məmur güdür, qalanları dövləti yıxmaq istəyir. Bu yanaşma tərzi bizdə çoxdandır mövcuddur, dəyişəcəyini də gözləmirəm. Ola bilsin ki, ayrı-ayrı şəxslərlə hansısa məsələlər müzakirə olunub. Bütövlükdə isə dəyişikliklə bağlı ictimai müzakirələrin olacağını zənn etmirəm”.

“Uğur qazanmaq üçün iki mühüm məsələ var ki, onları həll etmək lazımdır: Birincisi, uğurlu fəaliyyət proqramı, ikincisi, o proqramı həyata keçirəcək kadrlar. Baxın, Əli Həsənov getdi, hansı dəyişiklik oldu? Media sahəsində problemlər həllini tapdımı? Yox! Çünki dediyim iki faktor yoxdur. Yenə həmin kadrlardır ki, onlar hələ də media məsələləri ilə məşğuldurlar. Fəaliyyət proqramı da yoxdur. Nə əvvəlki proqramla mətbuat siyasəti aparılır, nə də yeni bir proqram var. Ortada bir boşluq qalıb”, - deyə ekspert bildirib.

Jurnalist qeyd edib ki, dəyişiklik qəzetlərin maliyyələşdirilməsi prinsiplərində gözlənilir: “Güman ki, bu, qəzetlərə ayrılan sonuncu yardımdır. Çünki “yuxarılar” da görür ki, bunun heç bir effekti yoxdur. Əli Həsənov vəzifəsindən gedəndən sonra 3-cü, ya da 4-cü dəfədir pullar paylanılır, amma ortada müsbət nəticə yoxdur. Özü də ki, pulları saymaq vaxtı çatıb. Əvvəlki kimi deyil ki, maliyyəni sağa-sola dağıdasan. İndi işğaldan azad olunan ərazilərdə genişmiqyaslı proqramlar həyata keçirilməlidir, neft gəlirləri ilə bağlı mənfi tendensiyalar hökm sürür. Mənə elə həlir ki, mediaya əvvəlki yardımlar kəsiləcək. Mənzillərin paylanmasında dəyişiklik olacaq, kimlərəsə büdcədən havayı pullar verilməsi yanaşması dəyişəcək. Əvəzində nə olacaq – bu, bilinmir”.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli də KİVDF ilə bağlı hansı dəyişikliklərin ediləcəyi haqqında məlumatsızdır. Bununla yanaşı, o, hesab edir ki, medianın inkişafı üçün əsaslı addımlar atılmalıdır, kompleks islahatlar həyata keçirilməlidir: “Hesab edirəm ki, maraqlı media layihələri həyata keçirmək lazımdır. Jurnalist təşkilatları ilə əməkdaşlıq edilməlidir. KİVDF bu illər ərzində ancaq çap mətbuatına diqqət ayırıb, nəşrlərin layihələrini maliyyələşdirib. Amma KİV təkcə qəzetlərdən ibarət deyil. Mətbuat geniş spektrli sahədir. Jurnalistlərdən tutmuş jurnalist təşkilatlarına qədər, qəzetlərdən tutmuş elektron media resurslarına qədər, böyük bir sahəni əhatə edir. Bunların hamısı diqqətdə olmalıdır. KİVDF təəssüflər olsun ki, yarandığı gündən ancaq özü layihələr həyata keçirib, digər jurnalist qurumları ilə əməkdaşlıq etməyib. Bu anlayış dəyişməlidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da medianın inkişafına dəstək verən dövlət qurumu maraqlı, mətbuatın inkişafına xidmət edən layihələrə yardım ayırmalıdır”.

“Bizdə müsabiqə təcrübəsi var, kifayət qədər önəmli layihələr keçirirdik. Məsələn, o vaxt “Media açarı” müsabiqəsi keçirilirdi, səviyyəli yazılar qalib olurdu. Eyni zamanda, münsiflər inanılmış, etibar edilən insanlardan ibarət idi, şəffaflıq vardı. Bu ənənəni bərpa etmək olar. Həmçinin, yenə də deyirəm, jurnalistikanın inkişafına töhfə verən media təşkilatlarının layihələri maliyyələşdirilməlidir. Biz müraciət edəndə, əsas gətirilirdi ki, KİVDF-in Nizamnaməsinə görə təşkilatlara maliyyə ayrıla bilməz. Çünki hansısa qurum mediaya aid olsa da, QHT sayılır. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Şurası layihələrinizi maliyyələşdirməlidir. Axı, bu anlayış doğru deyil. QHT olsa da, təşkilat media ilə bağlı iş görür. Sonra deyirik ki, peşəkar jurnalistlərin sayı azalır. Halbuki media təşkilatları peşəkarlığın artırılması baxımından seminarlar, təlimlər keçə bilər. KİVDF-in Əsasnaməsində əsaslı dəyişikliklər edilməlidir, inkişafa maneə yaradan hallar aradan qaldırılmalıdır”, - Məmmədli vurğulayıb.

Mütəxəssisin fikrincə, yenilənmədə yeni strategiyanın müəyyənləşməsi peşəkar media adamları ilə müzakirə edilməlidir: “Peşəkar jurnalistlər, baş redaktorlar, mətbuatla bağlı təşkilat rəhbərləri var, onlarla məsləhətləşmələr aparılmalıdır. Nəyi necə, hansı formada etsək, daha səmərəli nəticə əldə edilər, bunlar müzakirəyə çıxarılmalıdır. Bir var medianı bilmək, bir də var Azərbaycan mediasını bilmək. Ola bilər ki, dünya təcrübəsində olan elə hallar var ki, bizim media ilə uyğun gəlmir. Bizim mətbuatın özünə xas cəhətləri var, ona uyğun inkişaf modeli seçilməlidir. Problemlərin aradan qaldırılması, inkişaf istiqamətində səmimi istək olmalıdır. Ümumilikdə KİVDF-in mediaya baxışı dəyişməlidir”.

Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlu da o qənaətdədir ki, Azərbaycanda media sahəsində geniş islahatlara çoxdandır ehtiyac hiss edilir: “Bilmirəm, hansı dəyişikliklər ediləcək. Güman ki, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılacaq və media ilə bağlı yeni qanun qəbul olunacaq. Əgər belə islahat paketi olacaqsa, ilk növbədə internet saytların hüquqi statusu barədə qanunda olan boşluqlar həll edilməlidir. “KİV haqqında” Qanunun tələbələri hazırda onlayn media ilə uzlaşmır. Qanuna görə, saytların istehsal etdiyi məhsul KİV məhsulu hesab olunmur. Saytların qeydiyyatı prosesində qeyri-müəyyənliklər var. Saytlar MMC olaraq kommersiya qurumu kimi qeydiyyatdan keçir, Ədliyyə Nazirliyinin KİV üçün nəzərdə tutulan qaydaları havada qalır, vahid reyestr yoxdur. Ədliyyə Nazirliyi ayrıca, Vergilər Xidməti ayrıca KİV qeydə alır. Onlayn medianın qeydiyyatı necə aparılmalıdır? Bu sual açıq qalır”.

“Rəqəmsal texnologiyaların inkişafı ilə yeni termin – “internet jurnalistikası” anlayışı meydana gəlib. Bu sahədə bizdə ciddi boşluqlar var. Onlayn resursların təsnifatı mühüm məsələdir: İnternet-qəzet, informasiya agentliyi və aqreqator saytları fərqləndirən məqamlar aydın deyil. Reklam saytlarının statusu da açıq qalır”, - deyə jurnalist əlavə edib.

Səfəroğlu qeyd edib ki, saytların maliyyə məsələsində də ciddi problemlər var: “Media biznes sahəsidir və burada yeni oyunçuların meydana çıxması üçün imkanlar tanınmalıdır. Bu, reklam bazarı və sosial reklam paketləridir. Bunun ədalətli bölgüsü təmin olunmalıdır. Jurnalistlərin sosial vəziyyəti, həmkarlar ittifaqının təşkili, tibbi, sosial sığorta, pensiya sistemi müzakirəyə çıxarılmalıdır. Ümid edirəm ki, bu məsələlər islahat paketində yer alacaq. Yəqin ki, KİVDF-in də fəaliyyəti yeni qanunvericiliyə uyğunlaşdırılacaq. Mən bilmirəm, KİVDF ləğv ediləcək, yoxsa ki, genişləndiriləcək, hansı formada fəaliyyət göstərəcək. Sadəcə qanunvericilikdə də, ona uyğun olaraq KİVDF-də də dəyişiklik labüddür”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz