Axtarış...

Azərbaycanda bağlanan məşhur televiziya və agentliklər - SİYAHI

Azərbaycanda bağlanan məşhur televiziya və agentliklər - SİYAHI

Mətbuatda "APA” və "ANS”in yenidən fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılıb. İddialara görə, "APA” yeni adda – "ONA” (Online News Agency), "ANS” isə əvvəlki ad və heyətlə fəaliyyət göstərəcək.

Xatırladaq ki, ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra fəaliyyəti dayanan televiziya və nüfuzlu agentliklərin sayı az olmayıb.

azxeber.com indiyə qədər fəaliyyət göstərib, sonradan fəaliyyətini dayandıran televiziya və nüfuzlu informasiya agentlikləri ilə bağlı araşdırma aparıb.

Azərbaycanda ilk dəfə bağlanan televiziya – ANS telekanalı olub. AXC-Müsavat iqtidarı dövründə ölkədə yeganə özəl telekanal olan "ANS”in fəaliyyəti hökumət tərəfindən dayandırılıb. Özü də bu bir dəfə yox, iki dəfə. Ümumilikdə isə ANS-in fəaliyyəti indiyə qədər dörd dəfə qapadılıb. Bunlardan üçü sonradan qərarın ləğv edilməsi ilə nəticələnsə də, sonuncusu qocaman teleşirkəti "əbədiyyətə qovuşdurub”.

Ötən il şirkətin rəhbərliyində təmsil olunan şəxslər – vitse-prezident Mirşahin Ağayevin rəhbərliyi altında "Real TV”-ni yaradıblar və həmin televiziya hazırda peyk yayımı ilə ölkədə yayımlanır.

Ölkəmizdə ikinci bağlanan televiziya – "BMTİ” televiziyası olub. 1994-cü ilin mayında fəaliyyətinə xitam verilən televiziyanın rəhbəri Mahmud Məmmədov olub. O zamanlar Azərbaycan Demokratik Sahibklarlar Partiyasına (ADSP) rəhbərlik edən M.Məmmədov eyni zamanda "Günaybank”ın sahibi olub. Sonradan həmin bankın fəaliyyəti faktiki olaraq dayansa da, son dövrlər yenidən aktivləşib. Hazırda ölkəmizin aparıcı banklarından biridir.

Azərbaycanda üçüncü bağlanan televiziya – "Sara” televiziyası olub. 1999-cu ildə fəaliyyəti dayanan kanalın rəhbəri Rəsul Rauf olub. Onun rəhbəri olduğu "Sara Media Qrupu"na "Sara” TV ilə yanaşı "Radio Sara" və "Sara Ekspress" qəzeti daxil olub. Hazırda Türkiyədə fəaliyyət göstərdiklərinə dair məlumatlar var. Qeyd edək ki, şirkət fəaliyyəti dövründə siyasi pozuculuq fəaliyyəti ilə məşğul olub.

Ölkəmizdə dördüncü bağlanan televiziya – ABA televiziyası olub. 2001-ci ildə fəaliyyəti dayanan kanal cəmi dörd il fəaliyyət göstərə bilib. "ABA” TV-nin rəhbəri isə Faiq Zülfüqarov olub. Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva və digər aparıcılar bu televiziyada çalışıb. Telekanalın fəaliyyətini dayandırması barədə xəbəri F.Zülfüqarov "Medcarting" əyləncə mərkəzində keçirilən ad günü mərasimində elan edib.

Ötən əsrin 90-cı illərində ölkənin ən tirajlı informasiya agentliyi – "Olaylar” informasiya agentliyi olub. Hazırda "Olaylar” qəzetinə rəhbərlik edən Yunus Oğuzun rəhbərliyi altında fəaliyyət göstərən agentlik rəsmən bağlanmasa da, əsas gücünü qəzet çıxarmağa yönəldib. Bu səbəbdən "Olaylar”ı da "tarixdə qalan” informasiya agentliyi adlandırmaq olar.

Ötən ilin fevralında rəsmən fəaliyyətinə xitam verən "APA Group”a "APA” informasiya agentliyi, "lent.az”, "vesti.az”, "kulis.az”, "ailəm.az” portalları daxil olub. Əvvəlcə qrupa aid xəbər resurslarına internet üzərindən daxil olmaq mümkün olmasa da, sonradan qurumun rəhbəri Vüsalə Mahirqızı rəsmi açıqqlama ilə "APA”nın bağlandığını bildirib. Hazırda tibbi sayt işlədən keçmiş "apa”çıların yeni media agentliyi - ONA (Online News Agency) adı altında fəaliyyətə başlayacaqları deyilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz