Axtarış...

Ermənilərin Paşinyana Azərbaycan türkcəsində müraciətinin sirri - AÇIQLAMA

Ermənilərin Paşinyana Azərbaycan türkcəsində müraciətinin sirri - AÇIQLAMA

Ermənilər son vaxtlar Nikol Paşinyana Azərbaycan türkcəsində müraciət edirlər. Mesaj aydındır - bununla demək istəyirlər ki, Paşinyan ermənidən daha çox azərbaycanlıdır. Zatən müharibədən sonra onu ya erməni hesab etmirlər, ya da satqın erməni hesab edirlər.

Eyni zamanda müharibə vaxtı bir fakt da üzə çıxdı ki, ermənilər (əksəriyyəti zabitlər) Azərbaycan dilində yaxşı başa düşür və danışırlar. Azərbaycanlılar isə erməni dilində demək olar ki, bilmirlər. Düşmənin dilini bilmək üstünlükdürmü və vacibdirmi? Zabit və gizirlərə erməni dilini tədris edib öyrətmək zəruridirmi? Azərbaycan dilində müraciət hansı psixoloji hədəflər güdür?

Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Paşinyanı son zamanlar Azərbaycana işləməkdə suçlayanların sayı artır. Ona bizim dildə müraciət edilməsinin mənası da odur ki, guya Paşinyanın kökündə türklük var: “Əslində istənilən erməninin gen araşdırması aparılarsa, onların faiz olaraq daha çox türk olduqları üzə çıxar. Hövsan Simonyan adlı birisi bir neçə il əvvəl Ermənistanın ən saf hesab olunan bölgəsində DNT testləri aparmışdı, ermənilərin genində 52 faiz türklük ortaya çıxmışdı. O zaman həmin Simonyanı Ermənistandan qovmuşdular. Mənim bu mövzuda bir məqaləm də var - ”Ermənilərin Türk çıxmaq qorxusu" adında. Bizim dili bilmələrinə gəlincə, onların uzun əsrlər ailə dili türkmən olub. Ənənə istər-istəməz davam edir. İkinci tərəfdən də Ermənistan Türk və Azərbaycan dilinin öyrədilməsi üçün xüsusi sistem qurub və ideoloji olaraq hesab olunur ki, düşmənin dilini bilmək və onunla mübarizədə bundan istifadə etmək lazımdır.

Ermənistanın bütün araşdırma mərkəzlərinin bir neçə Azərbaycan dilini bilən mütəxəssisləri var. Bizdə isə həmişə bu işə fərqli yanaşma olub. Son illər bəzi addımlar atılsa da, erməni dilini öyrənmək işi peşəkarcasına aparılmayıb. Hesab edirəm ki, ermənilərlə bizim hələ çox işimiz olacaq. Erməni dilini bilən mütəxəssislərin yetişdirilməsi strateji hədəflərimizdən biri olmalıdır. Bu yalnız hərbi sahədə deyil, elmdə, diplomatiyada və s. çox vacibdir. Erməni dilini bilən mütəxəssislərin sayını artrmaq və onların vasitəsilə də hərbçilərimizə bu dili öyrətmək vacibdir".

Professor Əhməd Qəşəmoğlu isə bildirdi ki, ermənilər hələ sovet dönəmində Azərbaycan türkcəsini bilirdilər. Dilimizi öyrənmələrinin siyasi, sosial, psixiloji, mədəni, həmçinin hərbi hədəfləri var idi və indi də belədir: “Ermənilərin əksəriyyəti Azərbaycan musiqisini çox sevirdilər. Dilimizi öyrənmələrində bu amil də rol oynayırdı. Erməni hərbçiləri bizim hərbçilərimizlə qarşılaşanda həm bir-birilərini başa düşmək üçün Azərbaycan dilində müraciət edirlər, həm də Azərbaycan hərbçilərinin onlara münasibətinin yumşalması məqsədilə bunu edirlər. Ermənilər də bunu nəzərə alırlar və çətinə düşən kimi azərbaycanlılara xoş gəlsin deyə Azərbaycan dilində yaltaqlanırlar. O ki, qaldı Nikol Paşinyana Azərbaycan dilində xitablar etməklərinə, bununla o mesajı vermək istəyirlər ki, Paşinyan, sən bizim üçün erməni yox, azərbaycanlısan, düşmənsən”.

Ə.Qəşəmoğlu dedi ki, Azərbaycanda erməni dilini geniş şəkildə öyrənməyə ehtiyac var: “Bakı Dövlət Universitetində erməni dili tədris olunur. Hesab edirəm ki, erməni dilinin tədris olunması olduqca vacibdir və bu sahə üzrə ixtisaslaşmış bir mərkəzin yaradılması məqsədəuyğun olardı. Düşmənin nəinki dilini, eyni zamanda adət-ənənəsini, məişətini, mədəniyyətini, tarixini, psixologiyasını dərindən öyrənmək lazımdır ki, ona qələbə çalasan”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz