Ermənistanda bir qrup alim Moskva vilayətində Azərbaycan qarşı separatçılıq edən Fəxrəddin Abbaszadəyə Ermənistan vətəndaşlığının verilməsi üçün baş nazir Nikol Paşinyana müraciət edib.
Millitv.Az modern.az-a istinadən xəbər verir ki, onlar vətəndaşlığı Fəxrəddin Abbaszadənin Ermənistan Respublikası və erməni xalqı qarşısında xidmətləri, həmçinin Azərbaycan əleyhinə dövri mətbuatda yazdığı məqalə və açıqlamalarına görə verilməsini təklif ediblər.
Müraciəti ünvanlayanlar arasında Ermənistanın Kanadadakı keçmiş səfiri, "Modus Vivendi" analitik mərkəzinin rəhbəri Ara Papyan, keçmiş deputat Araqats Axoyan, BMT-nin eksperti, "Noravank" fondunun vitse-prezidenti Ara Marcanyan, politoloq Qrayr Ulubabyan, Ermənistan Yezidlərinin Milli İttifaqının sədri Əziz Tamoyan, "Arevelk" analitik mərkəzinin rəhbəri Karen Sirunyan, "Ayq" psixoloji mərkəzinin direktoru Varujan Melkonyan, yazıçı Movses Akopyan, jurnalist Natalya Oqanova, əməkdar artist Razmik Xosroyev, ekoloq Karine Danielyan və daha 12 professor var.
Xatırladaq ki, Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə sentyabrın 6-da Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.
O, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və saxlanılıb.
Sentyabrın 7-də isə Moskva vilayəti Luberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.
Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.
Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun "parlamentinin spikeri" təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.
O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar sərgiləyib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir.
Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.