“Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq”.
APA-nın məlumatına görə, bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.
Prezident İlham Əliyev qeyd edib ki, bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar.
Mənim fikrim nədən ibarətdir, siz hamınız yaxşı bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi necə görmək istəyirik, onu da bilirik və Azərbaycan xalqı da bilir. Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə bir yerdə görüşüb bu günləri də xatırlayacağıq”.