Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki indi, müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə səsləndirib.
Dünyanın heç bir dövlətinin qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığını vurğulayan Prezident İlham Əliyev deyib: “Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!”.