MilliTV.az
“Laçın rayonunun qaytarılması ilə tarixi Azərbaycan torpaqlarının azad olunması proqramının bütövlükdə yerinə yetirildiyini qəti söyləmək olar. Prezident İlham Əliyev demişkən, indi nəinki düşmənin dağıtdıqlarını bərpa etmək, həm də bu əraziləri tamamilə yenidən qurmaq, abadlaşdırmaq, məcburi köçkünləri doğma yurd-yuvalarına qaytarmaq lazımdır”.
Bu fikirləri “Report”a israilli ekspert Yuriy Boçarov deyib.
“Otuzillik işğal və talançılıq azmış kimi, son günlər erməni ekstremistləri əsl xislətlərini göstərərək Azərbaycanın azad olunan bölgələrini tərk etməzdən əvvəl evləri yandırdılar, əkinləri məhv etdilər, ağacları, meşələri qırdılar. Ümidvaram ki, Ermənistan işğal etdiyi torpaqlarda törətdiyi bütün cinayətlərə görə cavab verəcək. Lakin bu, sonranın məsələsidir, indi isə respublika qarşısında nəhəng vəzifələr durur. Deyə bilərik ki, burada əsrin quruculuq işləri başlayır və bu yerlər gülüstana, laləzara çevriləcək”.
Ekspertin fikrincə, Azərbaycan ordusunun möhtəşəm qələbələri ilə əldə olunmuş 10 noyabr üçtərəfli razılaşması əslində qalib tərəfin iradəsini əks etdirir, Ermənistanın isə tam təslim sənədidir:
“Şuşa azad olunduqda Ermənistan ordusu tamamilə məhv olma həddinə gəlmişdi. Bir neçə günə Azərbaycan ordusu işğal olunmuş torpaqların qalan hissəsini də azad edəcəkdi. Odur ki, Rusiyanın təşəbbüsü olan bu razılaşma əslində minlərlə erməni əsgərini ölümdən, Ermənistanı isə daha böyük məğlubiyyət və rüsvayçılıqdan xilas etdi”.