Ermənistanın hərbi polisi Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edənləri onlara verilmiş silahları təhvil verməyə çağırıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Erməni tərəfinin açıqlamasında bildirilib ki, sözügedən şəxslər silahları könüllü təhvil verəcəkləri halda cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.
Ermənistan hərbi polisinin sözügedən açıqlaması bu ölkədə tüğyan edən acınacaqlı vəziyyəti və özbaşınalığı bir daha nümayiş etdirib. Belə ki, ordumuzun sarsıdıcı zərbələri nəticəsində pərən-pərən düşən erməni ordusu mərkəzləşmiş idarəetmədən tamamilə məhrum olub.
Belə olan halda isə əsgərlərin silahla təmin olunması məsələsində özbaşınalıq yaranıb. Açıqlamadan bəlli olur ki, erməni tərəfi yalnız səfərbərliyiə cəlb olunan əsgərlərin deyil, eyni zamanda yoldan ötən hər kəsin əlinə silah verərək cəbhəyə göndərməyə çalışıb.
Dünya praktikasında səfərbərlik zamanı hərbçilərə verilən silahların dəqiq qeydiyyatı aparılır. Ermənistan tərəfinin bu gün hərbçilərdən silahları könüllü təhvil verilməsini tələb etməsi isə bu ölkədə döyüş əməliyyatları zamanı yaranmış təşvişi, məğlubiyyət qorxusunu, həmçinin bunun nəticəsində hətta qeydiyyat işlərinin belə aparılmadığını göstərir.
Bundan əlavə, Qarabağda döyüşməyə gələn ermənilərin kriminal məqsədlərlə də silahları gizlətməsi istisna edilmir. Hələ cəbhədə gərgin döyüşlərin getdiyi vaxtda belə ermənilərin döyüş bölgəsindən Ermənistana çox sayda silahları gizli yollarla daşıması faktı yerli mətbuatda işıqlandırılmışdı.
Kriminal ünsürlərin bir zamanlar at oynatdığı Qarabağ ərazisi artıq ordumuz tərəfindən təmizləndiyi üçün bu cinayətkar dairələrin yeni məskəni elə Ermənistanın öz ərazisi olacaq. Bir zamanlar Ermənistan liderlərinin ciblərini doldurmaq üçün göz yumduğu bu qrupların Qarabağdan gizli gətirilmiş silahları kimə qarşı istifadə edəcəyi isə bəllidir. Bu qruplara Ermənistanın hərbi polisinin açıqlamasında göstərildiyi kimi, Dağlıq Qarabağda vuruşan və silahlarını təhvil verməyən, gizlədən insanları da əlavə etsək, yaxın gələcəkdə bu ölkədə sabitliyin bərqərar olmayacağını əminliklə demək olar.