Fransa sentyabrın 27-dən bu günə qədər ermənipərəst mövqedən çıxış etməkdə davam edir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu sanki “unudan” bu ölkə, görünən odur ki, təcavüzkar Ermənistanın Azərbaycan tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılmasını qəbullana bilmir. Bunun üçün də Azərbaycana təzyiq etmək üçün bütün yollara əl atır.
Son olaraq, Paris meriyasının ardınca Fransa Senatı erməni separatçılarına dəstək vermək üçün hərəkətə gəlib. Belə ki, Senat noyabrın 25-də qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağı Fransaya tövsiyə edən qətnaməni müzakirə etməyə çıxaracaq. Bir daha xatırlatmağı vacib bilirik ki, bu uydurma “DQR” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən əlavə Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı və digər işğal altında olmuş əraziləri də əhatə edir.
Azərbaycan tərəfdən artıq Fransaya sərt etirazlar verilməyə başlayıb. Erməni lobbisinin yedəyində getdiyinə kimsədə şübhə yeri qalmayan Fransa parlamentinin ölkəmizə qarşı belə bir təxribat törədə bilib-bilməyəcəyi yönündə ən müxtəlif fikirlərə, ehtimallara rast gəlirik. Eyni zamanda, qərar qəbul edilərsə, bunun hüquqi nəticəsi olacaqmı kimi suallar ətrafında da müzakirələr gedir. Rəsmi Bakının bununla bağlı görəcəyi tədbirlər də müzakirələr sırasındadır. Bu yöndə sərt tələblərə də rast gəlirik. Onların arasında Fransanın Bakıdakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və ona sərt xəbərdarlıq edilməsi də var.
Məsələ ilə bağlı XİN-in mövqeyini almağa çalışsaq da, buna nail ola bilmədik.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Fransanın dəyərlərə zidd bir ölkə olduğunu vurğuladı: “Fransa Senatının belə bir sənədi müzakirəyə çıxarması ilk növbədə, bu ölkədə siyasi korrupsiyanın mövcudluğuna ciddi şübhələr yaradır. Sənəd qəbul olunsa belə, bunun heç bir siyasi və hüquqi təsiri olmayacaq. Fransanın Minsk qrupunda həmsədr olaraq, münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmaması çox güman ki, məhz həmin proseslərlə bağlıdır. Bu ölkənin ən üst səviyyədə yetkililərinə erməni diasporunun təsirləri şəksizdir. Belə bir sənədin ortaya atılması, yaxud belə bir müzakirələrin aparılması əslində Fransanın beynəlxalq imicinə çox ciddi xələl gətirəcək. Rəsmi Paris münaqişələrin həllində iştirakdan məhrum edilməlidir. Çünki bu ölkədə çox ciddi və təhlükəli proseslər cərəyan edir. Ümumiyyətlə, Fransanın elan etdiyi dəyərlərə zidd bir dövlət olduğunu xüsusi qeyd etmək istərdim. Senatda bu sənədin müzakirəsinin özü antislamizmin, islamafobiyanın bir nümunəsidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bunları dedi: “Qətnamə layihəsinin müəlliflərindən biri olan, Senatda ”respublikaçılar" fraksiyasının nümayəndəsi Bruno Retayo deyib ki, tanınma Türk İslamçı ekspansionizmi qarşısında Dağlıq Qarabağdakı ermənilərin hüquq və azadlıqlarına etibarlı zəmanət verə bilər. “Qətnamənin” müəllifi daha sonra müsahibə verərək Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz fikirlər söyləyib. Deməli, bunlara elə gəlir ki, Azərbaycan ordusundan başqa müharibədə Fransanın bütün rəqibləri iştirak edib. Belə bir ölkə hələ həmsədrliyi davam etdirməkdə iddialıdır. Parisin meri Ann İdalqo da “qətnamə” müəllifləri ilə həmfikirdir.
Senatın “qətnaməsi” məsləhət xarakteri daşıyır. Fransa prezidenti Emmanuel Makron nə qədər ermənipərəst və antitürk olsa da həmin qətnamənin dəstəklənməsinin ölkəsinə hansı problemlər yaradacağının fərqində olmalıdır. Buna baxmayaraq, biz müşahidəçi olmamalıyıq, Fransaya və bu ölkənin təxribatçı siyasətini davam etdirmək istəyən ölkə və siyasi mərkəzlərə bu mesajı ünvanlamalıyıq: “Sizin ”qətnamələr" bölgədə kövrək sülhə zərbə vuracaq və yenidən müharibə riskini artıracaq". Yəni onlara anlatmalıyıq ki, “qətnamələriniz” erməniləri qorumaq əvəzinə onların problemlərini artıracaq".
E.Şahinoğlu fikirlərini bu cür davam etdirdi: “Fransanın Azərbaycandakı səfiri vaxt itirilmədən mütləq XİN-ə çağırılmalı və ona xəbərdarlıq olunmalıdır. Çünki Parisin rəsmi orqanlarına xəbərdarlığımız çatdırılmalıdır. Noyabrın 25-ə qısa müddət qalıb. Fransanın bu qərarından sonra başqa ermənipərəst parlamentlər də eyni qərarı verə bilərlər. Artıq Niderlanddan oxşar çağırışlar eşidilməkdədir. Bu bizim siyasətə təsir etməsə də, onları başa salmağımız lazımdır ki, bununla müharibə ehtimalımızı artırırlar. Biz buna seyrçi qala bilmərik. Onları qorumaq əvəzinə əslində təhlükə altına atdıqları barədə başa salmağımız lazımdır. Fransa belə bir addım atsa, Senat təsdiqləsə - açığı belə təhlükəli addım atacağına inanmıram - biz mütləq Fransanın həmsədrlər sırasından çıxarılması məsələsini ortaya qoymalıyıq”.
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev beynəlxalq hüquqla Fransanın məsuliyyətə cəlb olunmalı olduğunu söylədi: “Fransanın bu addımı beynəlxalq hüquq normalarının birbaşa pozulmasıdır. Eyni zamanda, ölkəmizə qarşı bir təhdid kimi dəyərləndirilməlidir. Azərbaycan müstəqil ölkədir və onun ərazisinə güc tətbiqi ilə təcavüz olunub. Beynəlxalq hüququn güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi pozulub. Təcavüzkar Ermənistana bu istiqamətdə açıq dəstək verən Fransa özü də güc tətbiqi ilə hədələmiş kimi görünür. Dünya mediası da bunu yaydı. Rusiya prezidenti Vladimir Putin vurğuladı ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Fransanın bu addımı qınağa çevrilməli, insan hüquq və azadlıqlarına təhdid kimi dəyərləndirilməli və beynəlxalq hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Düşünmürəm ki, bunun nəticəsində Fransa hansısa bir qurum qarşısında məsuliyyətli olacaq. Amma əslində beynəlxalq hüquq normalarına zidd fəaliyyətinə görə məsuliyyətə cəlb olunmalıdır. Amma bunun baş verə biləcəyi o qədər də inandırıcı görünmür. Bu gün güc hakimiyyətinin rolu danılmazdır. Gücün varsa, hər kəs səninlə hesablaşacaq. Sadəcə Fransaya qarşı münasibətlərin dəyişməsi, həm Türkiyə, həm də Azərbaycan tərəfindən iqtisadi, siyasi əlaqələrə yenidən baxılması məsələlərinin aktuallaşması hansısa formada təsir imkanına malik ola bilər”.
“Yeni Müsavat”