Axtarış...

Prezident İlham Əliyev: “Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən biz qaytarırıq”



“Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir”.

Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

“Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq. Biz Şuşanı qaytardıq. Biz Şuşada yaşayacağıq. Və bütün digər işğaldan azad edilmiş torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq. Orada yaşayacaq.

İnsanlarımızın 30 illik həsrətinə son qoyulur. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti, şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-u Azərbaycan Ordusu 72 yaşayış məntəqəsini işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi Ermənistan ordusunun belini qırıb”, - deyə İlham Əliyev bildirib.

O qeyd edib ki, Paşinyan məcbur olub bu bəyanata imzasını atır: “Amma çox miskin, çox acınacaqlı durumda... Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, digər, hələ də işğal altında olan rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən biz qaytarırıq. Qısa müddət qoyulur. Bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu böyük xoşbəxtlikdir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz