Dövlət Gömrük Komitəsi (DGK) 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə gömrük orqanları tərəfindən 3 il sonra gömrük rüsumlarının tələb olunması barədə yayılan məlumata münasibət bildirib.
Komitədən Milli.Az-a bildirilib ki, xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb:
"Tural Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisna hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib. Son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib".
Qeyd olunur ki, bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib: "Belə ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Konkret Tural Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ Dövlət Gömrük Komitəsi rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb".